Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlində şübhəli bilinən şəxslərin adları açıqlanıb.
Dağıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, şübhəlilər – 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurməhəmməd Hacıyev axtarışa verilib.
Abdulbasir Omarova iyunun 23-də “Maxaçqalavodokanal” şirkətinin ərazisində odlu silahdan atəş açılıb. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.
Qeyd edək ki, axtarışa verilən şəxslərdən 24 yaşlı Nurməhəmməd Hacıyev sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvüdür.
O 2018 və 2019-cu illərdə Avropa çempionatında 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.