“Nəsimi ili” çərçivəsində “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii tədbir keçirilib

0
266

Oktyabrın 1-də Səməd Vurğunun ev-muzeyində, muzeyin dəstəyi,  “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyini təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii tədbir keçirilib.

Terefsiz.az xəbər verir ki, muzeyin baş fond mühafizi Xanım Şadlinskaya Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini bildirib.

“Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün  Zamanlı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda “Nəsimi ili” çərçivəsində bir çox tədbirlərin həyata keçirildiyini, festivalların reallaşdığını söyləyib.

Səməd Vurğun Ocağı İctimai Birliyinin sədri, şair-publisist Zərəngiz Dəmirçi Qayalı vurğulayıb ki, tədbir dahi insan və mütəfəkkir şair İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliğinə həsr edilib. Bu həm də əzmkar şəxsiyyət kimi tarixdə əbədiləşən İmadəddin Nəsimi fenomeninin  fikir və düşüncələrinin müasirlikdə əksini tapması üçün və gənc nəslin tərbiyəsi üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İlahə Aslanova, AMEA-nın Ədəbiyyat Muzeyinin əməkdaşı Tutu Məmmədova, AMEA-nın Folklor İnstitutnun elmi işçisi İlhamə Qəsəbova, M.S. Ordubadinin xatirə-muzeyinin elmi işçisi İradə Vəliyeva və başqaları bu gün Nəsimi yaradıcılığının bütün dünyada tanındığını, 650 illik yubileyinin qeyd edildiyini söyləyiblər.

Tədbirdə Bakının N.Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbin şagirdlərinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc bələdçi” dərnəyinin üzvlərinin ifasında “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii kompozisiya təqdim olunub, böyük şairin yaradıcılığından nümunələr səsləndirilib.

Sonda uşaqlar muzeyin eksponatları ilə tanış olublar.

Foto:Sadıq Əliverdibəyli

TEREFSİZ.AZ