NATO və ABŞ Türkiyəyə qarşı HƏRƏKƏTƏ KEÇƏCƏK: bu gün Ərdoğan üçün dəhşətli plan başlana bilər

0
146

28-29 iyunda keçirilməsi planlaşdırılan G20 Liderlər Zirvəsinin növbəti sessiyasına Yaponiyanın Osaka şəhəri ev sahibliyi edəcək. Zirvə çərçivəsində sammitə daxil olan ölkələrin liderlərinin təkbətək görüşləri də nəzərdə tutulub. Bunlardan ən maraqla gözləniləni, təbii ki, Türkiyə və ABŞ prezidentlərinin toplantısıdır. Bu ölkələr arasında uzun müddətdir, diplomatik gərginliyə səbəb olan S-400 zenit raket kompleksləri ilə bağlı yekun qərarların məhz bu görüşdə açıqlanacağı ehtimal edilir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, görüş gözlənilən nəticə ilə başa çatmaya bilər.

“Zənnimcə, Ərdoğan bu görüşə güclə nail olub. Görüşdə ABŞ və NATO ilə Türkiyə arasında dərin fikir ayrılıqlarına səbəb olmuş Rusiyadan alınan S-400 tipli hava hücumundan müdafiə sistemləri gündəmdir. Vaşinqton başda olmaqla, NATO üzvü ölkələrin, xüsusilə, aparıcı dövlətlər belə hesab edirlər ki, S-400 sistemlər NATO-nun “Patriot” sistemlərinə uyğun deyil. Üstəlik, onların radar sistemləri arasında ciddi fərqlər var. Həm də Rusiya bu radar sistemləri vasitəsilə NATO-nun hərbi sirlərini oğurlaya bilər. Doğurdan da, uzun müddətdir ki, NATO vahid hava hücumundan müdafiə sistemlərinə malikdir. Bu sistemlərinin əsasını ABŞ istehsalı “Patriot” və digər modelləri təşkil edir. Türkiyədə də Suriya əməliyyatları dövründə “Patriot”lar qoyulmuşdu. Həmin sistemlər NATO-nun digər üzv ölkələri tərəfindən Türkiyə ərazisinə yerləşdirilmişdi. Son dövrlərdə Türkiyə ilə Almaniya və Hollandiya arasında “Patriot” sistemləri ilə əlaqədar müəyyən inisdentlər yaşandı. Mən burada kimin haqlı və ya haqsız olduğunu qeyd etmək istəmirəm. Sadəcə, Almaniya tərəfinin parlament nümayəndə heyəti Suriyaya yaxən ərazidə yerləşidirilmiş alman “Patriot”larının əsgərlərinin və burada olan sistemlərin necə istiqamətləndirildiyini öyrənmək məqsədilə Türkiyəyə getmək istədi. Lakin Ankara onlara icazə vermədi. Zənnimcə, bu, düzgün addım deyildi. NATO üzvü ölkənin öz əsgərləri ilə görüşünə icazə verməmək o qədər də məntiqli addım deyil. Eyni situasiya Hollandiya ilə də təkrarlandı. Bütün bunların ideya müəllifi prezident Rəcəb Tayyib Ərdoğan idi. Nəticədə Almaniya və Hollandiya özlərinin sistemlərini Türkiyə torpaqlarından çıxardı”, – politoloq bildirib.

Əlavə edib ki, bundan sonra Türkiyə Rusiya ilə təsərrüfat malları ixracında razılaşma əldə etməyə başladı. Rusiya isə Türkiyəyə çox sayda turist göndərməyi vəd verdi. Rusiyadan Türkiyəyə gedən turist sayı nə qədər çox olsa da, onların ölkəyə güclü xeyir verməsi inandırıcı deyil.

“Ümumilikdə, Suriya ilə sərhəd bölgələrində güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyac yoxdur. Çünki nə Suriyada, nə də İraqda, İsrail istisna olmaqla, bölgə ölkələrində hərbi aviasiya sistemi inkişaf edib. Hava hücumlarından müdafiə kompleksləri isə həm raket, həm də aviasiya sistemlərinə qarşı sistemləşdirilir”, – Qabil Hüseynli qeyd edib.

Siyasi şərhçi vurğulayır ki, S-400 məsələsində həm ABŞ-ın, həm də NATO-nun mövqeyi qətidir, dəyişilməzdir, birmənalıdır: “Türkiyənin də bu məsələdə mövqeyi eyni dərəcədə qətidir. Bunu prezident də, müdafiə naziri də, xarici işlər nazir də dönə-dönə söyləyir. Bildirirlər ki, bu sistemlər Türkiyəni hava hücumundan müdafiə etmək üçün vacibdir. NATO-nun Türkiyə ilə başqa bir ortaq proqramı da var. Bu da F-35 tipli döyüş təyyarələrinin istehsalıdır. Türkiyə bu 5-ci nəsil qırıcı-bombardmançı döyüş təyyarələrinin istehsalında iştirak edir. Sonda isə 100 ədədini arsenalına qatmaq fikrindədir. Lakin bu S-400 məsələsi ortaya çıxandan ABŞ Türkiyəyə təyyarə satmayacağını bəyan edir. Zənnimcə, S-400 məsələsində Türkiyə də, digər tərəflər də araşdırm aparıb. Məlum olub ki, bu sistemlər Türkiyənin müdafiə qüdrətini o qədər də qaldırmayacaq”.

Qabil Hüseynli Ərdoğanla Trampın Osaka şəhərində baş tutacaq görüşündə hər hansısa konsensusun əldə olunacağına qətiyyən ümid bəsləmədiyini deyib: “Əksinə, orada çalışacaqlar ki, Ərdoğanı fikrindən döndərsinlər. Amma buna da nail ola bilməyəcəklər. Əksinə, bu görüş tərəfləri bir-birinə yaxınlaşdırmaq əvəzinə, ölkələrarası uçurumu bir az da dərinləşdirəcək. Məsələnin gələcək aqibəti üzərində düşünərkən başqa variantlar da meydana çıxa bilər. Məsələn, Türkiyəyə NATO istehsalı silahların satışı tamamilə dayandırıla bilər. Müəyyən müddətdən sonra Türkiyənin NATO-da qalıb-qalmaması da gündəmə gələ bilər. İstanbul bələdiyyəsinə sədr seçkiləri və onun nəticələri göstərdi ki, Ərdoğan iqtidarına əhalinin etibarı hiss olunacaq dərəcədə azalıb. Bütün bu məsələlər ayıq siyasətçi tərəfindən ciddi surətdə nəzərə alınmalıdır. Yəni Ərdoğan anlamalıdır ki, əhali 2,5 milyard dolların (S-400 müdafiə kompleksi üçün ödənilən məbləğ- red.) elə-belə xərclənməsindən narahatdır. Ona görə elə-belə ki, S-400 olmadan da NATO Türkiyənin hava məkanını qoruya bilirdi. S-400-ün bu qədər həvəslə alınması lüks avtomobil həvəskarlarının istəyinə bənzəyir. Türkiyə ordusunun bu batareyalara hava-su kimi ehtiyacı yox idi. Üstəlik, Türkiyə Rusiya ilə əbədi strateji müttəfiq də olmayacaq. Ona görə də Osaka görüşündə hər hansı nəticənin əldə olunacağına ümidim yoxdur”.

Terefsiz.az