Nazir bir gündə 149 gənci işə götürdü – FOTO

0
297

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Terefsiz.az xəbər verir ki, tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqən, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdab şəhər və rayonlarından qəbul üçün müraciət edən 40 vətəndaş iştirak edib.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ baxılması üçün aidiyyatı Baş İdarə, xidmət və ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. Polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi və onlara mövcud qanunvericiliyə uyğun şəkildə baxılacağı nəzərə çatdırılıb.

Sakinlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

Mayın 13-də isə kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, Daxili İşlər naziri R.Usubov DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 317 şəxs iştirak edib. Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 149 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, ölkəmizdə hökm sürən dayanıqlı sabitliyin və əmin-amanlığın, o cümlədən vətəndaşların qanunla qorunan hüquqlarının keşiyində hər zaman ayıq-sayıq durmalarını, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərlərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Vətəndaşların nəzərinə bir daha çatdırırıq ki, ərazi polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir cari il may ayının 18-də DİN-in Daxili Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.

İstinad: Publika.az

Terefsiz.az