Nazir: Bu il Azərbaycan “OPEC+” üzrə öhdəliyini 130% yerinə yetirib

0
284

Nazir: Bu il Azərbaycan “OPEC+” üzrə öhdəliyini 130% yerinə yetirib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “OPEC +” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.

Terefsiz.az saytı Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib, “OPEC+” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil edilib.

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130% yerinə yetirilib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib:

“Bütün bu müsbət məqamlar Əməkdaşlıq Bəyannaməsini imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur. Məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib.”

Qeyd edək ki, “OPEC+” ölkələri tərəfindən öhdəliklər apreldə 168% yerinə yetirilib. Yanvar ayından may ayınadək öhdəliklərin orta icra səviyyəsi isə 120% olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.

Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək, ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC+” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və analizinin davam etdirilməsi məsləhət görülüb.

Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.

Terefsiz.az