Nazir müavini Avropa Şurasına üzv dövlətlərin təhsil nazirlikləri rəhbərlərinin görüşündə iştirak edib – Foto

0
182

Terefsiz.az saytı xəbər verir ki, Fransanın Paris şəhərində Avropa Şurasına üzv olan dövlətlərin təhsil nazirlikləri rəhbərlərinin görüşü keçirilib.

Təhsil Nazirliyindən  verilən məlumata görə, Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil olunan və 50 ölkənin qatıldığı tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirin açılışında Fransanın Milli Təhsil və Gənclər naziri Jan Mişel Blank, Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç və Avropa İnsan Hüquqları Məhkəməsinin prezidenti Linos-Aleksandr Sitsilianos çıxış ediblər.

Görüş zamanı Avropa Şurası məkanında tarix fənninin tədrisi və rəqəmsal vətəndaşlıq təhsili kimi mövzular müzakirə olunub.

İclasda çıxış edən Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Nazir müavini bildirib ki, 2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul edilib. Bu proqram artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Dövlət Proqramının icrası istiqamətində Təhsil Nazirliyinə tabe olan bütün təhsil müəssisələrini və strukturları birləşdirən təhsil şəbəkəsini yaradılıb, elektron tədris resursları hazırlanıb.

Nazir müavini gənclərdə rəqəmsal alətlərlə işləmək bacarığını inkişaf etdirmək məqsədilə 2017-ci ildən etibarən “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birlikdə Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal bacarıqlar” layihəsinin icra edildiyini də bildirib.

Firudin Qurbanov həmçinin Təhsil Nazirliyinin müvafiq bilik və bacarıqlara malik olan məlumatlı vətəndaşların yetişdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.