Nazirlik əməkdaşı polisə tabe olmadı – Həbs edildi

0
375

Yol polisinin cərimə yazmağına etiraz edərək onunla mübahisə edən şəxs qanunsuz hərəkətlərə yol verdiyi üçün həbs edilib.

 

Qobustan Rayon Məhkəməsinin hökmü ilə Dəmirov Bəhram Yaylağalı oğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Məlumata görə, Bəhram Dəmirov 18 iyun 2020-ci il ci il tarixdə Qobustan şəhərinin Ş.Şikarov küçəsində xidmətdə olan YPX-nin inspektoru ilə mübahisə yaradaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Sonra isə polis əməkdaşını təhqir edib.

 

Hadisənin səsli görüntüləri əks olunan disk iş materiallarına əlavə edilib.

 

İş materiallarında göstərilir ki, inspektor Məmmədalı Rəcəbov sürücü Bəhram Dəmirovu təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb.

 

Sürücü əvvəlcə sənədləri vermək istəməsə də, sonradan sənədləri polis əməkdaşına təqdim edib və şəhərin içərisində heç kimin kəmərdən istifadə etmədiyini deyib.

 

Məlumata görə, barəsində protokol tərtib olunduqdan sonra Bəhram Dəmirov küçədə polislərə söyüşlər söyməyə başlayıb. Polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, Bəhram Dəmirov onların qanuni tələblərinə tabe olmayıb. Daha sonra o, avtomaşınına əyləşərək həmin ərazidən uzaqlaşmağa çalışıb. Hadisə yerinə əlavə polis əməkdaşları çağırılıb və sürücü saxlanılıb.

 

Qərardan narazı qalan B.Dəmirov apellyasiya şikayəti verib.

 

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baxılıb.

 

B.Dəmirovun vəkili şikayətdə qeyd edib ki, məhkəmə onun barəsində düzgün olmayan qərar qəbul edib. Çünki onun inzibati xəta törətməsini təsdiq edən kifayət qədər sübut yoxdur. Vəkil bildirib ki, hadisənin həmin videogörüntüləri də var.

 

Şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, həbs edilən şəxs Müdafiə Sənayesi Nazirliyinin əməkdaşıdır.Musavat.com