Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.
Terefsiz.az -ın məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət alaraq 21-ci dəqiqədə meydanı tərk edib. Bu zaman göz yaşlarına hakim ola bilməyən Fransa PSJ-sinin forvardı paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Neymarın 15 iyun – 7 iyulda keçiriləcək Amerika Kubokunda iştirakı sual altındadır.
Bu itkiyə rəğmən, Braziliya yığması Qətərə 2:0 hesabı ilə qalib gəlib. Oyunda İngiltərə “Everton”unun yarımmüdafiəçisi Rişarlison 16-cı dəqiqədə hesabı açıb. “Mançester Siti”nin forvardı Qabriel Jezus isə bundan 8 dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, 2018/2019 mövsümündə Neymar 28 oyuna 23 qol vurub.
Terefsiz.az