ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib.
ACMA üzvləri və Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq hadisəni izləyiblər. Həmvətənlərimiz xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsunkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.
Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlandırılıb.