Ölmüş adamın paltarını geyinmək olar? – “Əgər bahalı kostyumdursa…”

0
55

“Mən, ümumiyyətlə, yas, ölüm məsələləriylə bağlı suallara cavab vermirəm, çünki gətirib İslamla əlaqələndirilər. İslam da faktiki olaraq olur ölü, yas, mərhum dini. Ona görə də ölən adamın paltarının zibilliyə atılması, yaxud başqasına verilməsinin İslama heç bir aidiyyəti yoxdur”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında dinşünas Elşad Miri deyib.

O, Azərbaycan adət-ənənəsində ölmüş adamın paltarının zibilliyə atılması, yaxud kasıb təbəqədən olan insanlara verilməsi məsələsinə toxunub.

E.Miri bu məsələni xurafat adlandırıb:

“O ki qaldı ölən adamın paltarını zibilliyə atmaq, bu, adamlar baxırlar ki, yazığın heç nəyi olmayıb, bir dənə paltarı olub, o da cırıq gündə olub. Görüblər ki, heç kimə verə bilməyəcəklər, çünki versələr, söyüş yiyəsi olacaqlar, ona görə də aparıb tullayırlar. Amma həmin adamın italyan kostyumu olmuş olsa, xüsusi brend paltarları olsa, onu ata bilərlər? Elə özləri geyinərlər. Yəni dində belə bir anlayış yoxdur ki, kiməsə nəyisə ver-vermə, yaxud ölənin paltarını geyinmə”.

Dinşünas sual edib ki, əgər ölənin vərəsəsi mirasdan pay alırsa, onun paltarlarını atmaq nə dərəcədə doğrudur?

“Məsələn, adamın bahalı qol saatı var, onun da qiyməti 800 min dollardır. O adamın oğlunun, yaxud qızının hünəri çatarmı onu kiməsə verə, yaxud aparıb ata? Bunların hamısı nisbi məsələlərdir və adamdan adama dəyişir”.

Müsahibimiz iddia edib ki, ölən adamın paltarını geyinmək normaldır:

“Bu gün ABŞ və Avropanın özündə “second hand” (ikinci əl – red.) satılan paltarların çoxu ölmüş insanlarındır. Kimin nə xəbəri var ki, bu, ölmüş insanın paltarıdır, ya nə? Heç kim onlardan məişət sertifikatı istəmir ki? Həmin o paltarları adam öləndən sonra təqdim edirlər ora. Bunu götürüb geyinəndə nə olur? Kimsə soruşur ki, bu, ölünün paltarıdır, yaxud dirinin? Yaxşı, bu gün səhər bir adam sizə paltar verdi, axşam da öldü. Onda nə olacaq? Qısası, bunların heç birinin dinə aidiyyəti yoxdur, uydurma şeylərdir. Adamlar yalnız ucuz paltarı kiməsə verir, gör, əli gələrmi ki, bahalı paltarı kiməsə versin? Yox!”

“Bəzi bölgələrdə verilən paltarlardan yalnız biri evdə saxlanır. Bunun səbəbi nədir” sualına isə o, belə cavab verib:

“Onu birinci dəfədir ki, eşidirəm. Yəqin alt paltarı olar”.

Rafi MÜSLÜMOV