Ombudsman: “Azərbaycandilli məktəblər üçün ana dilində dərsliklər Gürcüstanda nəşr olunmalıdır”

0
172

Gürcüstanda Azərbaycandilli məktəblər üçün ana dili və ədəbiyyatı dərsliklərinin ölkədə nəşr olunması tövsiyə olunur.

Terefsiz.az saytı “Report” – a istinadən xəbər verir ki, tövsiyəni Gürcüstan ombudsmanı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim edib.

Bildirilib ki, Gürcüstanda Azərbaycan, erməni və rus dillərində ana dili və ədəbiyyatı dərsliklərinin hazırlanması və nəşr olunması üzrə iş davam etdirilməlidir.

İnsan haqları üzrə müvəkkil müvafiq dərsliklərin hazırlanması ilə çoxdilli (bilinqual) tədrisin effektivliyinin artırılmasını da tövsiyə edib.

Tövsiyələrdə təhsil islahatları çərçivəsində həyata keçirilən “yeni məktəb” modelinə milli azlıqların təhsil aldığı təhsil müəssisələrinin də daxil edilməsi yer alıb.

Ombudsman Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini milli azlıqlara dövlət dilinin tədrisi üçün yüksək ixtisaslı müəllimlərin cəlb olunması və onlara lazımi əməkhaqqının ödənilməsini təmin etməyə çağırıb.

İnsan haqları üzrə müvəkkil milli azlıqlara məxsus mədəni irs obyektlərinin bərpası üçün effektiv tədbirlərin həyata keçirilməsini də vacib hesab edir.

Qeyd edək ki, bu tövsiyələr ombudsmanın 2017-ci il üzrə hesabatında da yer alıb.

Qonşu ölkənin Azərbaycandilli məktəblərini “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə hər il Azərbaycanın Təhsil Nazirliyi təmin edir. 2019-2020-ci tədris ili üçün nazirlik Gürcüstana 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərib. Son 5 ildə isə Azərbaycandilli məktəblərə göndərilən dərs vəsaitlərinin sayı 81 427 ədəd təşkil edib.

Terefsiz.az