Onlar Azərbaycan rayonlarını öz aralarında bölüşdürmüşdü

0
72

Azərbaycanda yüksək ranqlı məmurların regionlar üzərində təsiri həmişə qabarıq formada hiss olunub. Hakimiyyətdə söz sahibi olan məmur-oliqarxlar ayrı-ayrı rayonları kurasiya edərək, oradakı idarəçiliyə görə birbaşa məsuliyyət daşıyıblar. 

Yenisabah.az xatırladır ki, müstəqillik dövrünə kimi, Azərbaycan üçün xarakterik olmayan bu “idarəçilik” mexanizminin əsasını Fövqəladə hallar naziri Kəmaləddin Heydərov qoyub. 1995-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) sədri postuna təyinat alan K.Heydərov həyat yoldaşının anadan olduğu Qəbələ rayonuna külli miqdarda investisiya qoyaraq, əvvəl Qəbələnin, sonra isə bütövlükdə şimal bölgəsinin qeyri-rəsmi kuratoru olub. Uzun illər, yəni hakimiyyət komandasında təsir imkanlarını itirmədiyi dövrdə  Qəbələ rayon icra hakimiyyətinin başçıları K.Heydərovun kadrları sayılıb və onun təqdimatı ilə təyin olunub. Qeyri-rəsmi kurator kimi, onun vəzifəsi bu rayonu abadlaşdırmaq, iş yerləri açmaq, hakimiyyət əleyhinə baş verən narazılıqları ortadan qaldırmaq olub. K.Heydərov Fövqəladə hallar naziri təyin olunandan sonra da bu missiyasını davam etdirib. Təsadüfi deyil ki, bu gün Qəbələdə mövcud olan otellər, zavod və restoranlar, o cümlədən istehsal müəssisələrinin əksəriyyəti K.Heydərova məxsusdur.

“Fövqəlnazir”in hakim komandada təsir imkanlarını itirməsi Qəbələnin onun kurasiyasından çıxması ilə nəticələndi.

Baş nazirin sabiq müavini Abid Şərifov da qeyri-rəsmi kuratorlardan biri sayılıb. Əslən Şəkidən olan A.Şərifov bu tarixi bölgədə əsas söz sahibi idi. Şəki rayon icra hakimiyyətinin başçıları onun təqdimatı əsasında təyin edilir, hətta bölgədə digər rəhbər vəzifələrə təyinatlar da onunla razılaşdırılırdı.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov da o dövrün ən aparıcı fiqurlarından biri olub. 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan keçmiş məmur uzun illər Ucar da daxil olmaqla Mərkəzi Aran regionunun qeyri-rəsmi kuratoru olub. Sözügedən bölgədə bütün biznes qurumları Z.Məmmədovun adıyla bağlıdır. Keçmiş nazir bölgədə nəinki icra başçılarının təyinatında birbaşa rol oynayırdı, eləcə də polis rəislərinin, prokurorların, o cümlədən rayon səviyyəli idarə və müəssisələrin rəhbərlərini də öz adamları arasından seçməyə çalışırdı. Z.Məmmədovun qardaşı Elton Məmmədovun 15 il ardıcıl olaraq Ucardan deputat seçilməsi də bunu sübut edir.

Maraqlıdır ki, sabiq nazirin analoji fəaliyyəti Ucar, eləcə də digər Mərkəzi Aran rayonları ilə məhdudlaşmayıb. O, uzun müddət Quba rayonunun da qeyri-rəsmi kuratoru olub. 2012-ci ildə Qubada hakimiyyət əleyhinə iğtişaşlar baş verəndə bu rayonunun icra başçısı vəzifəsində çalışan Rauf Həbibov Z.Məmmədovun ən yaxın adamı idi. Buna görə də narazı kütlə ilə danışıqlar aparmaq üçün Bakıdan Qubaya siyasi hakimiyyətin təmsilçisi deyil, məhz Z. Məmmədov ezam olunmuşdu.

Qeyd edək ki, 2012-ci ildə baş verən məlum hadisələrindən sonra Quba rayonu Z.Məmmədovun kurasiyasından çıxarıldı.

Hazırda məhkəmə prosesi davam edən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da dövrünün aparıcı simalarından olub. Əslən Ağsu rayonundan olan S.Müslümov bir neçə il Ağsu və qonşu rayonlara, daha dəqiq desək, Dağlıq Şirvan bölgəsinə qeyri-rəsmi nəzarət edib.

Mərhum müdafiə sənayesi naziri Yavər Camalov isə bir vaxtlar Şirvan şəhərinə qeyri-rəsmi nəzarəti həyata keçirib. Bunun bariz nümunəsi kimi, qardaşı Mərdan Camalovun həmin dövrdə Şirvan şəhər icra hakimiyyətinin başçısı postunda çalışdığını göstərmək olar.

Heç bir rəsmi vəzifə daşımamasına rəğmən, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də həmişə hakimiyyət komandasının ən nüfuzlu simalarından biri sayılıb. Əslən Lənkəran rayonunun Cil kəndindən olan şeyx uzun illər bu rayonun və bütövlükdə cənub bölgəsinin qeyri-rəsmi kuratoru kimi fəaliyyət göstərib. Şeyxin cənub bölgəsinin kuratoru olmasından ən çox faydalananlardan biri də kiçik qardaşı Cavanşir Paşazadədir. O, Hacı Allahşükür Paşazadə ilə qardaş olması sayəsində 20 il ard-arda Lənkərandan deputat seçilib. Həmin dövrdə şeyxin digər qohumları da Lənkəran və qonşu rayonlarda yüksək vəzifələrdə çalışıblar.

Məmur-oliqarxlardan təşkil olunan həmin komandanın aparıcı simalarından biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) keçmiş sədri Əli Həsənov olub. Hələ gənc yaşlarında Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Ə.Həsənov çoxillik təcrübəsi sayəsində qısa müddət ərzində hakim komandada ciddi mövqe əldə edə bilmişdi. O, “Qaçqınkom”un sədri təyin olunandan sonra yurd-yuvasından didərgin düşən 1 milyona yaxın insana nəzarət funksiyasını həyata keçirmişdi.

Cəbrayılda doğulan keçmiş “Qaçqınkom” sədri həm bu rayon, həm də o vaxt işğal altında olan digər rayonlar üzərində ciddi təsir imkanlarına malik olmuşdu. Cəbrayıl rayon icra hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev Ə.Həsənovun çox yaxın dostu və qohumu olub. Uzun illər cəbrayıllıları parlamentdə təmsil edən mərhum professor Astan Şahverdiyev də Ə.Həsənovun həmkəndlisi və yaxın qohumu idi. Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyev də Ə. Həsənovun yaxın qohumu olub. Ə.Həsənovun kiçik qardaşı Ramiz Həsənov isə 2011-ci ildən bəri Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Yekun olaraq, sabiq hərbi komissar, general-mayor və keçmiş deputat Əliağa Hüseynov isə Salyan rayonunun qeyri-rəsmi kuratoru olub. 2010-2020-ci illərdə Azərbaycan Milli Məclisinin IV və V çağırış üzrə deputatı seçilən Ə.Hüseynov millət vəkili postunda təmsil olunmamışdan əvvəl cəmi 2 il (2009-2010) Salyan rayon İcra Hakimiyyətinin başçısı olub. Millət vəkili seçiləndən sonra icra başçısı vəzifəsindən azad edilən Ə.Hüseynov deputat olduğu 10 il ərzində belə sözügedən rayonun “rəhbəri” olmuş və rayonda baş verən bütün hadisələrə şəxsən özü nəzarət etmişdir.

Qeyd edək ki, Azərbaycan rayonlarının ayrı-ayrı məmurların nəzarətində olduğu həmin illər yerlibazlığın, dostbazlığın, qohumbazlığın tüğyan etdiyi dövr kimi yadda qalıb.