“Onlar çox pərişan oldu. Cəhənnəmə olsunlar!” – Deputatdan sərt sözlər

0
75

“Prezident bu səfirliyin açılmasıyla böyük bir inqilabi addım atdı və Azərbaycan cəmiyyəti də birmənalı bu addımı dəstəklədi. Təbii ki, başqa ölkənin marağına xidmət edən insanlar pərişan oldular. Cəhənnəmə olsunlar! Çünki Azərbaycanı düşündürən, birinci növbədə, onun milli maraqlarıdır”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Azərbaycanın İsraildə açılacaq səfirliyi ilə bağlı danışarkən deyib.

Bu prosesdən sonra Azərbaycan-İran münasibətlərinin gələcəyinə toxunan BQP sədri bildirib ki, biz həm də bu addımı müstəqilliyimizin 30 illiyində atdıq:

“Niyə? Qonşularımızın həssaslığını və başqa məsələləri nəzərə aldığımıza görə. Amma biz görəndə ki, qonşularımız artıq bizə düşmən olan ölkəylə açıq-aşkar qardaş olduğunu bəyan etdi. Onda biz bildirdik ki, biz sizə görə bu qədər hövsələli davrandıq, bəs niyə bizə qarşı belə xəyanətkar addım atdınız? Ona görə də biz bu addımı atanda artıq əlimizdə həm mənəvi, həm də hüquqi cəhətdən istənilən qədər əsas vardı”.

Partiya sədri əlavə edib:

“Digər tərəfdən, biz təkcə İsraildə səfirlik açmadıq ki… Fələstində də açdıq. Bu da bizim balansı necə qoruduğumuzu göstərən əsas amillərdən biri idi. Amma bunun nəticəsində biz gördük ki, heç bir dəxli olmadan İran tərəfindən Qafanda konsulluq açıldı. Bəyəm Qafanda iranlı yaşayın? Qafanda ermənidən başqa heç bir millət yaşamır. Qafandan haraya yol verəcəksiniz ki, bu insanlar harasa getsin?! Belə bir tələbat varmı?! Əgər onlar Gümrüdə konsulluq açsaydı, başa düşərdim. Bəs, yaxşı, burada niyə açılıbdır?! Bu da açıq-aşkar o deməkdir ki, mən konsulluğu Azərbaycanın sərhədində açıram və Azərbaycana qarşı müəyyən dərəcədə mənfi niyyətimi ortaya qoyuram. Hə, buyur, qoy! Nə aparacaqsınız?! İki dəfə də gəlib sərhədlərimizdə hərbi təlim keçirdilər. Biz də onlara qardaş yumruğuyla cavab verdik ki, bizi belə primitiv adıdmlarla qorxutmaq olmaz”.

Müsahibimizin qənaətinə görə, indi İsraildə də səfirliyimiz açıldı və bu, Azərbaycan-İsrail münasibətlərinin inkişafına böyük dəstək verəcək:

“Biz dini baxımdan kiminsə hansı inancı daşıdığına baxmırıq ki? Biz baxırıq ki, bu bizə düşməndir, yoxsa dost? İnşallah, orada da səfirlik binasının açılışını mötəbər bir tədbirlə qeyd edərik. Ən maraqlısı da burasındadır ki, əgər İranda əqli-səlim düşünən siyasətçilər varsa, anlayacaqlar ki, bu, İran-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməməlidir. Axı, bu İrana qarşı yönələn bir addım deyil ki? Onsuz da bizim İsraillə dostluğumuz var idi. İranın da Ermənistanla dostluğu var. Amma İran sadəcə bu dostluğu əvvəl də davam etdirdi, amma Azərbaycana düşmənçiliyini ifadə etmədən. Lakin İran son zamanlar siyasətində köklü dəyişiklik etdi. Onlar Azərbaycana düşmən olduğunu və bütün məsələlərdə Ermənistanın yanında olacağını bəyan edəndən sonra bizim başqa yolumuz da qalmır”.

Millət vəkilinin fikrincə, Azərbaycan İranla da dost olmağa, qonşu kimi normal yaşamağa yenə də hazırdır:

“İran Ermənistan siyasətində dəyişiklik etsə, normal münasibətlərə keçsə, bizim İranla problemimiz yoxdur. Heç bir addımımız da İrana qarşı yönəlməyib. Ona görə də bu, İrandan qaynaqlanan bir siyasətdir. İran öz siyasətini dəyişməlidir. Onsuz da Azərbaycanın siyasəti yenə də sabitdir. Biz indiyə qədər necə qonşuluq və normal münasibətlərə tərəfdar olmuşuqsa, bundan sonra da elə davam edəcəyik. Bizdə bu dəyişiklik yoxdur. Amma İranda dəyişiklik olsa, onda münasibətlərə baxmaq olar”.

“Lakin bir daha deyirəm, Azərbaycanın İsraillə əlaqələri onsuz da əvvəldən də var idi və bunun İrana qarşı yönələn heç bir tərəfi yoxdur və indi də olmayacaq. Bizim İsraillə əlahiddə münasibətimiz var. Biz sadəcə təcavüzkar olarsa, onu dəf etmək üçün birlikdə hərəkət edə bilərik. Amma təcavüz etməyəndən, eləcə də bizə normal qonşuluq münasibəti bəsləyəndən sonra bizim İranala və yaxud başqa ölkəylə nə işimiz var?!”

Rafi MÜSLÜMOV