Gəl görüşək… Biz niyə əks cinsin nümayəndəsini bəyənir, onunla münasibət qurmaq istəyir, onu gələcək övladlarımızın valideyni görürük?
Bu sualla mən feysbukda status yazmış, “Sizin mentallitet” səhifəsi statusu bəyənərək bölüşmüşdü. Yazılan rəylərdən belə qənaətə gəlmək olur ki, kişi cinsinin nümayəndələri üçün qadının görünüşü elə də önəm daşımır. Yox, o anlamda yox ki, vecsizdirlər. Əsla. Sadəcə qadınlar qulaqları ilə sevər, kişilər gözləri ilə deyimi heç də həqiqətə uyğun gəlmir. Xoş sözü hər iki tərəf sevir, görünüşü də elə. Sadəcə nəzərə alsaq ki, seçən tərəf həmişə qadınlardır, bu baxımdan da onlar kişini ilk növbədə görünüşünə görə seçirlər. Məsələ burada instinktlərdədir. Qadınlar gələcək övladlarına ata seçərkən, onların sağlam nəsil yetişdirilməsi üçün kişinin sağlam və yaraşıqlı olması xüsusi şüuraltı önəm daşıyır. Kişilər qadının sinəsinə baxması təkcə sinə formalarını sevməklərində yox, eləcə də gələcək uşaqlarının analarının süd vermək qabiliyyətinə, çanaqlarının genişliyi isə körpə bətnində necə sağlam şəkildə daşınması durur. Əlbət ki qadın kişiyə, kişi isə qadına baxarkən, şüurlu şəkildə bu haqda çox vaxt düşünmür. Qadınların övladlarına ata seçərkən onun imkanlı olması da şüuraltıdır. Övladlarının gələcəyini təmin etmək üçün onlar daha imkanlı şəxs seçmək istəyirlər.
Keçirdiyim sorğuda kişilərin çox hissəsi qadınların görünüşündən çox onların nə qədər ünsiyyətə meyilli, maraqlı olmasını önə çəkdikləri halda, qadınlar daha çox yaraşığa, yəni görünüşə önəm verdiklərin vurğulayıblar. İlk baxışdan yaranan simpatiya və ya antipatiya sonralar öz təsdiqini heç də həmişə tapmır. Ünsiyyət zamanı insanları tanımağa başlayırıq. Bu zaman onların bizlə üst-üstə düşən və düşməyən fikirləri, idealogiyaları, inamları söhbətin mövzusu olduğunda bizim nə qədər uyğun gəlib, gəlməməyimiz aydınlaşır. Qadın və kişi münasibətlərində təkcə fikir uyğunluğu yox, fiziki uyğunluq da mühüm yer daşıyır. Bədən quruluşları, seks zamanı xüsusi bir yer tutmasa da, seksin özü münasibətdə əsas yerlərdən birini tutur. Nigahın pozulması təkcə xasiyətlərin müxtəlifliyi deyil, temperamentlərin də təzadlı olmasından irəli gəlir. Həddindən artıq çılğın, ehtiras dolu birisinə, sakit təbiətli seksdən zövq almayan insanla yaşamaq əzabdan başqa bir şey olmur. Bu zaman həmin şəxs bu hərarəti başqasında axtarmağa başlayır. Xəyanətlərin çoxu temperament fərqliliyindən baş verir. Amma bu haqda başqa vaxt yazacağam.
İlk baxışdan eşq deyilən anlayış demək olar ki, yoxdur. Biz sadəcə şüuraltı olaraq, ideal hesab etdiyimiz bir model formalaşdırırıq. Bu model ətrafımızdan, gördüklərimizdən, oxuduqlarımızdan formalaşır və biz beynimizdəki bu modelə uyğun bir şəxsə rast gəldiyimiz zaman beynimiz bu şəxsin görünüşü ilə eyni anda sinxronlaşdırma aparır və həmiş şəxs skaynerdən bir növ keçirlir. Bənzərlik çox olduğu halda bizə bu insana aşiq olduğumuz kimi gəlir. Sevgidə belə deyil. Aşiqlik heç də həmişə sevgiyə keçmir. Biz sevərkən beynimiz bir neçə hormon ifraz etməyə başlayır. Sevgi minimum 18 aydan, maksimum 3 ilə qədər davam edə bilər. Bu hormonların bəziləri başqa zamanlarda da ifraz olunur. Bu haqda da başqa zaman yazacağam.
“Mən insanın daxilinə fikir verirəm” deyimləri heç də həqiqətə uyğun gəlmir. Yuxarıda sadaladıqlarımdan irəli gələrək, görünüş mühüm rol daşıyır. Biz daha sonra daxilinə, yəni, düşüncəsinə, biliyinə, həyata baxışına fikir veririk. Bu daha sonra önəm kəsb etməyə başlayır. beləki xoşumuza gələn birinin ağızını açdıqdan sonra ona qarşı simpatiyamız itir yaxud güclənir. Bu hadisə əksinədə baş verir. Xoşumuza gəlməyən birisi ilə müəyyən səbəblərdən ünsiyyətə girdiyimiz zaman düşüncələrimizin üst – üstə düşməsi o şəxsdə simpatiya yarada bilər.
Bizim seçimlərimiz, kimləsə görüşmək, onunla ünsiyyət qurmaq bu öncə bizim ehtiyaclarımızdan irəli gəlir. İçimizdəki boşluq doldurulsun, eqomuz tətmin edilsin deyə biz tanışlıqlar axtarır, yeni insanlar tanıyır və bu yolla özümüzü ” doydururuq “.
İnsanlar bir – birlərini virtual, yaxud real olaraq, birinci görünüşə baxırlar.
Bütün bunların başında izdivaca girmək, özümüzdən sonra nəsil buraxmaq və boşluqları doldurmaq niyyətindən savayı bir şey deyildir.
P.S. Sizə qarşılıqlı sevgilər diləyi ilə növbəti yazılarımda görüşənədək.
Xanım Əliyeva