Ev Blog Səhifə 1108

Yaşlı qapıçı rekord qırdı

0

İraq əsiilli israilli futbolçu İsaak Hayik “peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu” olub.

Tərəfsiz.az xəbər verir ki, 73 yaşlı  qapıçı İsrailin 4-cü liqasında çıxış edən “İroni Or Yehuda”nun formasını geyinir. İsaak Hayik komandasının “Makkabi Ramat Qan”a 1:5 hesabı ilə yenildiyi matçda meydana çıxaraq rekorda imza atıb.

Gələn həftə 74 yaşını qeyd edəcək qapıçı “peşəkar oyunda forma geyinən ən yaşlı futbolçu” olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İstinad:Fanat.az

Təbii yağı saxtasından ayırmaq yolları

0

Yediyimiz qidaların təbii olması sağlamlıq baxımından vacibdir. Lakin qidaların təbii olub-olmadığını anlamaq asan deyil.

Tərəfsiz.az kərə yağını müəyyən etməyin üsullarını təqdim edir:

Son illər kərə yağı sağlam qidalanma ilə bağlı siyahıda ilk yerlərdən birini tutur. Lakin bunun üçün onun təbii olması mütləqdir.

Otaq temperaturunda saxlanılanda çörəyin üzərinə asanlıqla çəkə bilirsinizsə, bu artıq istifadə etdiyiniz yağın təmizliyindən xəbər verir. Digər vacib məqam kərə yağı əriyərkən üzərində yaranan köpüklərdir. Köpüklər də yağın təbiiliyini göstərir.

Keyfiyyətli və təbii kərə yağının rənginin sarı olması mütləq deyil. Əgər yağın kənddə hazırlandığına əminsinizsə, sarı rəng keyfiyyətin xəbərçisi ola bilər. Lakin marketdə sapsarı rəngli kərə yağı içərisində çoxlu qatqı maddəsinin olduğunu göstərir. Buna görə də rəngi işıqda ağa bənzəyən, çox açıq rəngli olmayan kərə yağı almağa çalışın.

Kərə yağının keyfiyyətini elə onun paketini açarkən yayılan qoxu ilə də anlaya bilərsiniz. Paketdən yağ qoxusu gəlmirsə, o saxta ola bilər. Eyni zamanda təbii kərə yağı ilə bişirilən yemək çox iştah açır.

İstinad:Publika.az

Xərçəngin ən ölümcül növü

0

Siqaret çəkirsinizsə, normadan artıq çəkiyə sahibsinizsə və ya ailənizdə şəkər xəstəliyindən əziyyət çəkən varsa, mədəaltı vəzi xərçənginə tutulmaq şansınız digər insanlara nisbətən daha çoxdur.

Bəlkə də bu simptomların heç biri sizdə yoxdur. Ancaq yenə də mədəaltı vəzi xərçənginə qarşı tədbirli olmağınızda fayda var. Çünki bu növ xərçəngin ilkin diaqnozu olduqca çətindir. Bununla yanaşı, mədəaltı vəzi ən təhlükəli xərçəng növlərindən biridir.

Tərəfsiz.az bildirirki, bu xərçəng növü heç bir simptom vermədən gizli şəkildə irəliləyə bilir. Gec üzə çıxdığı üçün də tez bir zamanda ölümə yol aça bilir.

Bəs mədəaltı vəzi xərçəngi hansı simptomlarla qarşımıza çıxa bilər?

Mədəaltı vəzidə iki növ hormon var. Bunlardan biri ekzokrindir. Bu hormon qidanın bədənə sovrulması üçün nazik bağırsağa göndərilir.

Neoendokrin hüceyrələri isə qanda şəkərin miqdarını balanslaşdırmaq üçün müxtəlif hormonlar ifraz edir. Hər iki hormon növü də bədənin qidalardan aldığı enerjini sərf etməsinə və depolamasına kömək edir. Mədəaltı vəzi xərçənginin əksəriyyəti ekzokrin hüceyrələrdə yaranır. Bu şişlər hormon ifraz etdiyinə görə, simptomlar üzə çıxarmaz. Buna görə də orada xərçəngin olması çox gec ortaya çıxır.

Mədəaltı vəzi xərçənginin müxtəlif risk faktorları var. Siqaret çəkmək, həddən artıq spirtli içki qəbulu, artıq çəki, ailədə şəkər və ya xərçəng xəstəsinin olması və bəzi ətraf mühitlə bağlı səbəblər buraya daxildir. Əgər bunların heç biri sizdə yoxdursa belə, yenə də bu xərçəng növündən uzaqsınız demək deyil.

Mədəaltı vəzi xərçənginin simptomları:

– Sarılıq (dəridə və ya gözün ağ hissələrində)

– Nəcis rənginin açıq olması

– Tünd rəngli sidik

– Yuxarı və ya orta qarında, kürək hissəsində ağrı

– Bilinməyən səbəbdən çəkinin sürətlə azalması

– İştahsızlıq

– Çox yorğun hiss etmək

– Səbəbsiz qaşıntıların olması

Mədəaltı vəzi xərçəngi necə müalicə edilir?

– Cərrahi əməliyyat

– Şüa müalicəsi

Radioterapiya, yüksək enerjili x-şüaları və digər radiyasiya növlərindən istifadə etməklə xərçəng hüceyrələrini öldürmək və ya onları inkişafdan saxlamaq.

– Kimyaterapiya

Kimyaterapiya, hüceyrələri öldürmək və ya onların bölünməsinin qarşısını almaq məqsədilə dərman vasitələrinin istifadə olunduğu müalicə növüdür.

Mədəaltı vəzi xərçəngindən qorunmağın yolları:

Bu xərçəng növündən mümkün qədər uzaq qalmaq üçün nəzarət edə biləcəyini risk faktorlarını azaltmaq lazımdır. Bunlardan biri siqaret və tütün məmulatlarından istifadənin azaldılmasıdır. Artıq çəkidən qurtulmaq da bu riski azaldır. Vitaminlə zəngin olan pəhrizlərin mədəaltı vəzi daxil olmaqla bütün növ xərçənglərin müalicəsində faydası var.

İstinad:Publika.az

İlham Əliyev və Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

0

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Terefsiz.az AZƏRTAC-A istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.

Terefsiz.az

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

0

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən Axşam.az-a verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək

Nazirlik məktəbdə intihar edən şagirdin ölümü ilə bağlı məlumat yaydı

0

Nazirlik məktəbdə intihar edən şagirdin ölümü ilə bağlı məlumat yaydı

Təhsil Nazirliyi Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın aldığı xəsarətlərdən dünyasını dəyişməsi ilə əlaqədar şagirdin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

“Eyni zamanda, məktəb direktoru bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələri nümayəndələrinin hadisənin həssaslığını nəzərə almasını xahiş edir. Məktəb direktoru məsələ ilə bağlı məlumatında bildirir ki, əvvəl 49 nömrəli “İntellekt” məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil alan Elina Hacıyeva 2018-ci ilin noyabr ayından 162 nömrəli tam orta məktəbə köçürülüb.

Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatı araşdırılır”, – məlumatda qeyd olunub.

Halldorssonun yeni klubu bəlli olur.

0

Halldorssonun yeni klubu bəlli olur.

“Qarabağ”dan ayrılan islandiyalı qapıçı Hannes Halldorsson karyerasını ölkəsində davam etdirə bilər.

Terefsiz.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 34 yaşlı qolkiper “Valür” klubu ilə ilk razılıq əldə edib. Onun Reykyavik klubuna keçidinin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Halldorsson “Qarabağ”a bu mövsümün əvvəlində Danimarkanın “Randers” klubundan transfer olunmuşdu

İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib – FOTO

0

İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib – FOTO

Aprelin 4-də ABŞ-ın Çikaqo şəhərinin tanınmış məkanlarından biri olan “Dreyk” otelində birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirilib.

Forum ABŞ-Azərbaycan Ticarət Palatası və İllinoys Ticarət palatasının birgə təşkilatçılığı, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi, Birləşmiş Ştatların Bakıdakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, “Global Chamber”, “John Deere” və “Dentons” şirkətlərinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə ölkəmizin kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi və aparıcı kənd təsərrüfatı şirkətlərinin və aqrar tədqiqat qurumlarının daxil olduğu geniştərkibli nümayəndə heyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və ABŞ-ın aparıcı kənd təsərrüfatı şirkətləri, beynəlxalq maliyyə institutları və müvafiq akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Forumda çıxışı zamanı Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışaraq, kənd təsərrüfatının qeyri-neft sektorunun inkişafında böyük rola malik olduğunu qeyd edib.

Nazir aqrar sahənin inkişafının ölkəmizdə prioritet olduğunu diqqətə çatdırıb. Kənd təsərrüfatının inkişafına dair dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açan İnam Kərimov kənd təsərrüfatının bütün sahələrinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsinin qəbul olunduğunu bildirən nazir aqrar sahənin inkişafının qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O, ABŞ tərəfi ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirərək, forumun iştirak edən şirkətlər üçün əlavə imkanlar yaradacağını deyib.

İllinoys Ticarət Palatasının icraçı direktoru Laura Orteqa ştatın iqtisadi imkanlarından və kənd təsərrüfatı sahəsində müqayisəli üstünlüklərindən danışıb, azərbaycanlı sahibkarları kənd təsərrüfatı sahəsində İllinoysla sıx əməkdaşlığa dəvət edib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin administratorunun müavini Brok Bierman USAID-in Azərbaycandakı fəaliyyətindən danışaraq, Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsindən söz açıb. USAID-in kənd təsərrüfatı sahəsində yeni tərəfdaşlıqlar üçün Azərbaycan hökuməti və işgüzar dairələrlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin bir sıra kənd təsərrüfatı məhsulları istehsalı üzrə dünyada aparıcı rola malik olduğunu bildirərək, aqrar sahədə xarici sərmayələr üçün yaradılmış əlverişli şərtlərdən bəhs edib və ABŞ şirkətlərini ölkəmizin bu sektoruna sərmayə yatırmağa dəvət edib.

O, Azərbaycanın həyata keçirdiyi davamlı iqtisadi islahatlar prosesinin dünyanın mötəbər hesabatları, o cümlədən Dünya Bankının “Doing Business Report”, habelə İqtisadi Azadlıq İndeksinin son illik reytinqlərində öz əksini tapdığını vurğulayıb.

Forum çərçivəsində ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı ticarət və investisiyaların təşviqi perspektivləri, mövcud çətinliklər müzakirə edilib. Beynəlxalq ticarət mütəxəssisi və Vaşinqtonda fəaliyyət göstərən “WCC International” şirkətinin rəhbəri Elşən Baloğlanovun moderatorluğu ilə keçən paneldə çıxış edən Dünya Bankının kənd təsərrüfatı üzrə baş iqtisadçısı Bexzod Şəmsiyev, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, ABŞ-ın “EXİM” Bankının icraçı direktorunun müavini Yan Blaho, USAID-in Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssisi Corc Melton potensial imkanlar barədə danışıblar.

Növbəti sessiyalar çərçivəsində kənd təsərrüfatı sahəsində təhsil və bacarıqların artırılması, texniki peşə təhsilinin əhəmiyyəti, habelə aqrobiznes sahəsində innovativ texnologiyaların və metodların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişaf problemləri, yeni suvarma üsulları və bu sahədə mövcud texnologiyalar barədə geniş müzakirələr aparılıb. ABŞ aparıcı kənd təsərrüfatı şirkətləri – “John Deer”, “Lindsay Corporation” və digərləri öz qabaqcıl təcrübələri və texnologiyaları barədə təqdimatlar edib, Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətini bildiriblər.

Forum çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov USAID-in administratorunun müavini Brok Bierman və kənd təsərrüfatı inkişafı sahəsində ixtisaslaşmış CNFA təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ölkəmizin kənd təsərrüfatı sahəsində prioritetləri, mövcud durum və qarşıda duran strateji hədəflər barədə məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Terefsiz.az

Trampın namizədi Dünya Bankının prezidenti seçilib

0

Trampın namizədi Dünya Bankının prezidenti seçilib

ABŞ maliyyə nazirinin müavini Devid Malpass yekdilliklə Dünya Bankının (DB) prezidenti seçilib. Malplassın bu posta namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.

Təşkilatın rəsmi bəyanatında onun 5 illik müddətə seçilməsı qeyd olunub.

Yeni prezident Beynəlxalq yenidənqurma və inkişaf bankı başda olmaqla DB-nın bütün strukturlarını idarə edəcək.

Ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı seçilir.

Terefsiz.az

Epilepsiya xəstəsinin qeydləri – Bənövşə Mahmudqızı

0

Ölümcül xəstəlik deyil bəlkə də, amma 10 ildir xəstəyəm. Bu 10 il ərzində neçə dəfə dişlərim qırıldı, neçə dəfə bədənimin hissələri göyərdi və ya neçə dəfə atamı ağlayan sifətdə gördüm unutmuşam… Bu xəstəlik öldürmür, amma yaşadır da sayılmaz. Bəzən aylarca tutmaz. İnsan unutqan varlıqdır. O insani unutqanlıqdan məndə də var. Bəzən unudaram xəstə olduğumu. Mən öz yıxılmasına gülən adamam. Amma sevdiklərimin mənə görə axıtdığı göz yaşlarına bir türlü gülməyi öyrənə bilməmişəm. Məsələn, böyüyüb, boya – başa çatarsan, səni ailəndən kənar sevən bir cavan olar, o sənə təəccüblə, yarı qorxudan bərəlmiş gözlərilə baxar, yazığı gələr, üzülər. Sən onun gözlərindəki mənzərədən anlayarsan ki, sənə canı yanır. Beyninin bir kənarında sevir ki canı yanır deyə düşünərsən, bir yandan da evləniləcək yaşa gəldim, niyə hələ də mən bu xəstəliklə əlləsirəm deyə suallar verərsən özünə. Xəstəliyin yaşı yoxdur ki… Hər yaşda tutar və hər yaşda pisdir xəstəliklər. Bir həftəlik qripdən söhbət getmir. O qədər insan vardır ki, illərcə əziyyət verirlər xəstəlikləri ilə sevdiklərinə. Mən də onlardan biriyəm. Əziyyət deyil çəkdiyim. Allahın verdiyi hər şey qəbulumdur. Amma verdiyim əziyyətdir… Çəkdiyimi yox, verdiyim əziyyəti qəbul edə bilmirəm. Sevdiklərimin zənnilə mən özümə baxmıram. Öz qeydimə qalmıram deyə bitmir bu xəstəlik. Amma onlar bilmirlər ki, mən bu illərdə nəinki özümə baxmaq istəmirəm, içimdəki hər tutmadan sonrakı intihar istəyini güclə boğuram. İçimdəki üsyanları yatırmağa o qədər vaxtım gedir ki, ayılanda artıq digər tutmam tutmuş olur. Son vaxtlar xəstəliyimi xərçəng xəstəliyi ilə müqayisə edirəm. Əslində elə də fərq olmadığını yeni anlamışam. Hər ikisinin yüngülü, ağırı var. Hər ikisi illərlə davam edir. Ən əsası isə hər ikisi illərlə əziyyət verir insanın sevdiklərinə… Bircə fərq var; o da mənim xəstəliyimin gülünc vəziyyətə düşmə anları çoxdur. Amma zamanla öyrəşər xəstə o gülüşlərə də, düşdüyü gülünc vəziyyətlərə də… Yeni ayaq açmış bir körpədən daha çox yıxıb məni bu xəstəlik. İntihar edənlərdən həmişə zəhləm gedib. Çünki onlar eqoist olmuşdular. Ölümlərinin onları bu dünyada cəmi bir nəfər belə sevsə də, intihar sonrası həmin sevdiyinin gözündən bərq vuran əzabı düşünməmişdilər. Amma mən hər tutmadan ayıldıqdan sonra məni sevənlərin gözlərindən bərq vuran o əzabın, o qorxunun, o təlaşın bərqini gördüm. Mən o intihar edənlər bir dəfə ölmüşdülərsə, hər bərqdə ölmüş biriyəm. Adam öldüyünü də unudar. Nə qədər ki, bu bədən sağdır, sən hələ ölənə qədər, nə qədər öldüyünü unudacaqsan. Unudub xəstəliyini, normal biri kimi yaşamağa çalışdığın ən qızğın zamanlarda, bəlkə ən çox sevildiyin, ən çox xoşbəxt olduğun, bəlkə də ən çox bədbəxt olduğun məqamlarda tutacaq tutman. Və xəstə xatırlayacaq ki, o neçə ilin xəstəsidir. Hər xatırlatdığı məqam öz fərqliliyi ilə seçiləcək. Yaşatdığı fərqli hisslər ilə seçiləcək hər xatırlatdığı məqam. Bu bir epilepsiya xəstəsinin qeydləri idi. Bunu yazdıran isə ” bəzən xəstə olduğumu unuduram ” cümləsinin ilhamı idi…

Bənövşə Mahmudqızı