Azərbaycan Prezident Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüş keçirilib.
“Terefsiz.az” xəbər verir ki, görüşdə beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin rəhbər şəxsləri də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının milli əmək, məşğulluq, sosial müdafiə sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə imkan verdiyini deyib.
O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində aparılan işləri qeyd edib.
S.Babayev vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə, vətəndaş məmnunluğunun artırılmasına şərait yaradır.
S.Babayev Prezident İlham Əliyevin sosial islahatlar paketinin tərkib hissəsi kimi təkcə bu il imzalanan fərman və sərəncamların təqribən 3 milyona yaxın insanı əhatə edərək, onların rifahında müsbət dəyişikliklərə imkan yaratdığını qeyd edib. Nazir bildirib ki, imzalanan bu sənədlər sosial sahədə inqilabi xarakter daşıyan önəmli irəliləyişlərə səbəb olub: “Minimum əməkhaqqının və minimum pensiyanın məbləği təxminən 40 faiz, 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb”.
Nazir şəhid ailələrinin birdəfəlik ödəmələrlə, şəhid ailələri və müharibə əlillərinin mənzillərlə, müharibə əlillərinin avtomobillərlə təminatı sahəsində işlərin ildən-ilə gücləndiyini vurğulayıb. O, əhalinin məşğulluq imkanlarının artırılması, özünüməşğulluq proqramının və ödənişli ictimai işlərin genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, layiqli əməyin təminatı və s. istiqamətlərdə aparılan işlər, ölkəmizin yeni Məşğulluq Strategiyası, onun 2030-cu ilədək dövr üzrə prioritetləri barədə məlumat verib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov təqdimatlarla çıxış ediblər.
Görüş iştirakçılarının əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara dair sualları cavablandırılıb.
İstinad: report.az