Parisdə “Qarabağın Rus Pravoslav Kilsəsi – xarabalığa çevrilmiş irs” filmi nümayiş olunub

0
74

Fransanın paytaxtı Paris şəhərində Şuşa ili çərçivəsində “Qarabağın Rus Pravoslav Kilsəsi – xarabalığa çevrilmiş irs” sənədli filmi nümayiş olunub.

“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA), CBC kanalının təşkilatçılığı il baş tutub. Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, filmin rejissoru jurnalist, politoloq Anastasia Lavrina, ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber, fransalı professorlar, incəsənət xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Film erməni vandalizminin yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsinə deyil, həm də xristianların dini ziyarətgahlarına qarşı tətbiq olunduğunu nümayş etdirir. Sənədli filmdə 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsinin bu acı taleyi yaşadığı göstərilir.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərin, məbədlərin, qəbiristanlıqların, tarixi abidələrın, muzeylərın, dağıdılıb, talan edildiyini, ermənilər bundan əlavə qədim Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələrini özününküləşdirdiklərini qonaqların diqqətinə çatdırıb. O, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtında və bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşın sülh və əmin-amanlıq şəraitində dinc yaşadıqlarını, Bakının mərkəzində erməni kilsəsi, onun kitabxanasının lazımi şəraitdə saxlanıldığını və dövlət tərəfindən tarixi-dini abidə kimi qorunduğunu xüsusi qeyd edib.

Filmin rejissoru jurnalist, politoloq Anastasia Lavrina qonaqlara film haqqında ətraflı məlumat verib. O, Rus Pravoslav Kilsəsinon yerləşdiyi Xocavənd rayonunun 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qonaqların diqqətinə çatdırıb. Rejissor Qarabağın BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq 30 ildən artıq bir müddətdə Ermənistan sülahlı qüvvələrinin nəzarətində qaldığını xüsusi vurğulayıb. Nəhayət işğaldan azad olunan Qarabağda bu gün prioritet məsələnin minalardan təmizlənməsi olduğunu bildirib.

ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber Azərbaycanın Fransada ona qonşu ölkələrə nisbətən çox az tanındığını bildirib və xüsusilə bu ölkələrdən sızan məlumatların hesabına Azərbaycan haqqında fikrin formalaşdığının təəsüfedici bir hal olduğunu vurğulayıb. O Assosiasiya üzvlərini bundan sonra da fəal olmağa, Azərbaycanı Fransada daha yaxından tanıtmaq istiqamətindəki səylərini gücləndirməyə çağırıb.

Filmin sonunda Anastasia Lavrina qonaqların filmə dair suallarını cavablandırıb.

terefsiz.az