“Paşinyanla Putinin görüşü daha çox iqtisadi xarakter daşıyırdı və Ermənistan Rusiyadan hansısa maddi yardımlar almaq istəyir”.
Terefsiz.az xəbər verir ki, bu barədə Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin nümayəndəsi Sergey Markov Putinlə Paşinyanın görüşünü şərh edərkən deyib.
Markov hesab edir ki, Paşinyan Rusiyada öz etibarını möhkəmləndirməyə ümid edir: “Lakin düşünmürəm ki, bu baş tutsun. Moskva şübhələnir ki, Paşinyan ABŞ və Rusiyaya münasibətdə birinci tərəfə doğru əyilir. Bu baxımdan, Paşinyanın Putinə verdiyi təklifləri reallaşdıra bilməyəcəyi ehtimalı böyükdür. Moskva Paşinyanın hərəkətlərini müşahidə edir. İstisna deyil ki, Ermənistanın baş naziri Moskvanı şantaj edir, misal üçün, Koçaryan barəsində cinayət işinin aradan qaldırılmasına əvəz olaraq qazın qiymətinin aşağı endirilməsini təklif edir. Bununla yanaşı, Putinlə görüş ərəfəsində Ermənistanda “Qazprom”u cərimələdilər, bu, Rusiyaya qarşı İrəvanın növbəti manipulyasiyasından biridir. Belə demək mümkünsə, Paşinyan Moskvaya güc nümayişi göstərir, daha sonra Moskvanın ətrafında burulmağa başlayır və münasibətləri istiləşdirməyə çalışır. Bütövlükdə onun siyasi təcrübəsizliyi aydın hiss olunur”.
Markov İrəvanın Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyi haqqında bəyanatının Kreml tərəfindən təkzib edilməsinə, yəni verilən bəyanatlar arasında ziddiyyətlərin olmasına da münasibət bildirib.
“Mümkündür ki, tərəflər müzakirəni müxtəlif cür anlayıb. Bəlkə də görüşdə Putin belə bir fikir işlədib ki, “biz Qarabağ münaqişəsinin həlli ilə bağlı real addımların atılacağına ümid edirik”. Yəni Rusiya demək istəyib ki, “yoldaşlar, siz danışıqlar masasına əyləşin” və bu, daha çox İrəvana danışıqlarda konstruktiv mövqe tutmaq mesajı kimi də oxuna bilər. Görünür, Paşinyan bunu müzakirə kimi qəbul edib. Unutmaq lazım deyil ki, yaxın vaxtlarda Putinlə Əliyevin arasında telefon söhbəti oldu və mən istisna etmirəm ki, Rusiya Sankt-Peterburq forumunda Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyirmiş”, – deyə o bildirib.
Rusiyalı politoloq Ermənistan daxilindəki vəziyyəti də şərh edib.
“Paşinyan tanınmamış “Dağlıq Qarabağ” rəhbərliyini etibardan salmaq istəyir. Lakin bunu elə-belə edə bilmir. Əslində, Paşinyan Qarabağ münaqişəsinin nizama salınmasında güzəştə getmək istəyir, lakin qorxur. O istəyir ki, bu məsələdə məsuliyyəti Qarabağdakı separatçı rejimin rəhbərliyi öz üzərinə götürsün”, – deyə Markov diqqətə çatdırıb.
İstinad: Publika.az
Terefsiz.az