Patriarxlığı Keşikçidağ monastrı (David Qareçi) ilə bağlı mübahisələri bəhanə edərək anti-Azərbaycan və antimüsəlman ifadələrdən çəkinməyə çağırıb.

0
329

Gürcüstan Patriarxlığından Keşikçidağ olayına ilginc reaksiya: Gərginlik olmasın, amma…

“Bütün bunlar bizim dini liderlər, xalqlar və dövlətlər arasındakı münasibətlərə kölgə salmayacaq, ədalət, anlayış və dostluq zəfər çalacaq”

Patriarxlığı Keşikçidağ monastrı (David Qareçi) ilə bağlı mübahisələri bəhanə edərək anti-Azərbaycan və antimüsəlman ifadələrdən çəkinməyə çağırıb.

Terefsiz.az saytının məlumatına görə, bir neçə gün əvvəl Gürcüstan mediasında Azərbaycan sərhədçilərinin Keşikçidağ monastr kompleksinə girişi məhdudlaşdırması barədə yayılan məlumatlar ayrı-ayrı Gürcüstan vətəndaşları və din xadimləri tərəfindən anti-Azərbaycan və antimüsəlman şüarların səsləndirilməsinə səbəb olub.

Azərbaycan sərhədçilərinin, guya gürcülərə mənsub olduğu iddia edilən Udabno monastrına yolu bağlamasını bəhanə edən gürcülər azərbaycanlılara qarşı ifrat kəskin ifadələr işlədir, hətta torpaq iddiaları irəli sürürlər.

“Gürcüstan Patriarxlığı qəti şəkildə ruhani və ya dünyəvi şəxslər tərəfindən ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdləri pisləyir, həmçinin müsəlman etiqadını təhqir edən ifadələri digər xalqlar, o cümlədən Gürcüstan müsəlmanlarına münasibətdə qəsdən və yaxud bilməyərəkdən edilmiş təxribat hesab edir” – deyə Patriarxlığın saytında yayılan bəyanatda bildirilir.

Bununla yanaşı, bəyanatda ümid ifadə edilir ki, bütün bunlar bizim dini liderlər, xalqlar və dövlətlər arasındakı münasibətlərə kölgə salmayacaq, ədalət, anlayış və dostluq zəfər çalacaq.

Bunlarla bərabər, Gürcüstan patriarxlığı xalqın qəzəbini başa düşdüyünü də qeyd edib.

Son zamanlar David Qareçi ətrafında inkişaf edən hadisələrin xalqın haqlı qəzəbinə səbəb olduğunu ifadə edən Patriarxlıq da sözügedən məbədlər kompleksinin qədim gürcü mədəniyyətinə aid abidələr olduğunu iddia etməkdən çəkinməyib. Və bildirib ki, o abidələrin müdafiəsi üçün əlindən gələni edəcək. Bəyanatda o da qeyd olunub ki, müəyyən müsbət addımların atılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparılır.

Qeyd edək ki, Keşikçidağ (David Qareci) monastr kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Hazırda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası prosesi getdiyindən, monastrın yerləşdiyi ərazini azərbaycanlı sərhədçilər mühafizə edirlər.

Azərbaycanın daş yaddaşı hesab edilən “Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 km-dək uzanır.

Ərazidə dövrümüzədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş, V-VI əsrlərə aid iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Lakin gürcülər bu monastr kompleksinin kimə məxsus olduğunu mübahisələndirir, onun qədim gürcülərə aid olduğunu iddia edirlər. Son günlərdə Gürcüstan mediası Keşikçidağ məbədi ətrafında Azərbaycanın sərhəd xidmətçilərinin sayının artırıldığı, turistlərin məbədi ziyarət etməsinə maneçilik yaradıldığı barədə iddia irəli sürüb. Gürcüstanın Xarici İşlər naziri David Zalkalia isə bildirib ki, azərbaycanlı həmkarı ilə danışıqlardan sonra müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hazırda turistlərin məbədi ziyarət etməsi üçün heç bir problem yoxdur, amma Azərbaycan sərhədçilərinin yenidən məbədi bağlayacağı istisna edilmir.

Gürcüstanla Azərbaycanın ümumi dövlət sərhəddinin uzunluğu 480 km-dir. İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdəiki hissəsi razılaşdırılıb. Qalan hissələrlə bağlı məsləhətləşmələr davam edir.

İstinad: sputnik.az

Terefsiz.az