Penitensiar Xidmət: Məhkum Babək Həsənovla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

0
326

“Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bunu açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovdeyib.

O xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Xidmət rəsmisi qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olduqda, o, 14 günə qədər karantində saxlanılmalıdır: “Bu müddət ərzində həmin məhkuma daxili intizam qaydalarının tələbləri, onun hüquq və vəzifələri izah olunur. Həmçinin onunla ayrılmış psixoloqlar və tərbiyəçilər söhbət edirlər. Babək Həsənov da 3 gündür cəzaçəkmə müəssisəsinə daxil olub və karantində saxlanılır. Yəni, B.Həsənov cərimə təcridxanasında deyil. Ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməyib. Məhkumun karantin müddəti başa çatdıqdan sonra qanunvericiliyə uyğun qaydada cəzaçəkmə müəssisəsində müvafiq yerlə təmin olunacaq”.

İstinad: Report.az

Terefsiz.az