“Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. Siz qeyd etdiyiniz kimi, özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur”.
Terefsiz.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: “Çünki biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər. Biz bunu görmürük. İndi biz görürük kim kimə kömək göstərir. Peyvənd icad olunandan sonra bu peyvəndi pulla ala bilməyən ölkələrə bu, pulsuz verilsin. Burada donor təşkilatlar, iri biznes qurumları öz sözünü desin. Yəni, biz bu təklifləri buna görə, həm də həmrəyliyi nümayiş etdirmək üçün veririk. Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir. Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq? Bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq. Ona görə Ermənistanın bu addımı qətiyyən başadüşülən deyil.
Bildiyiniz kimi, bu təşəbbüsün reallaşması üçün bizə 97 səs lazım idi. Biz isə 130-dan çox ölkənin səsini qazandıq. Hesab edirəm ki, burada iki əsas amil öz rolunu göstərdi – bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Biz bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanmışıq.
Mən dəfələrlə demişəm ki, biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər – yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik.
O ki qaldı, Ermənistana, əslində, onlar özlərini çox gülünc vəziyyətə qoydular. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu haqda məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı. Yəni, onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə – Ermənistan bunun əleyhinə çıxıb. Ermənistanın BMT-dəki səfiri çox qəribə bir məktub ünvanlamışdır ki, onlar bunun əleyhinədirlər.
Birincisi, Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.