Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.
“Terefsiz.az” xəbər verir ki, dövlət başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlanıb. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edilib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulanıb.
Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.