Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib

0
81

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

“Terefsiz.az” müsahibəni təqdim edir.

Azərbaycan Televiziyasından Tofiq Abbasov: Hörmətli Prezident, ilk növbədə, istəyirəm həmkarlarımın, özümün adından Sizə dərin təşəkkürümüzü bildirək ki, bizim üçün bu gün vaxt ayırmısınız. Bizim üçün bu, çox önəmli görüşdür. Çünki adətən Siz bütün müsahibələrinizdə elə məqamları, elə motivləri səsləndirirsiniz ki, onlar həm ölkə daxilində gedən proseslərə aydınlıq gətirir, digər tərəfdən biz aldığımız o məlumatları ictimai qüvvələrlə bölüşürük. Dünyada gedən proseslərlə, müsbət və mənfi təsirlərlə bağlı bütün səbəbləri və onların ətrafında olan təsəvvürləri düzgün qəbul etmək imkanları yaradırsınız bizim üçün. Ona görə biz Sizə bir daha artıq dərəcədə minnətdarıq.

Cənab Prezident, təbii ki, bizi, ilk növbədə, Sizin təhlilinizdə 2022-ci ilin nəticələri maraqlandırır. Çünki il asan il deyildi, ilk növbədə, postmüharibə və postpandemiya vəziyyətləri gündəmdə idi. Digər tərəfdən, Sizin rəhbərliyinizlə gedən islahatlarla bağlı biz çox müsbət tendensiyaların şahidi oluruq. Çünki dünyada qlobal tənəzzül mövcuddur, ancaq buna baxmayaraq, Azərbaycan qabaqlayıcı tədbirlərlə bu təsirləri minimuma endirdi, bəzilərini, ümumiyyətlə, neytrallaşdırdı və həm də artım əldə etdi. Bunu təkcə biz demirik, Azərbaycan mənbələri demir, həm də xarici mənbələr təsdiqləyirlər. Ona görə də bu proseslərin əlbəttə ki, hamısının davamı gözlənilir. Yeni prioritetlər haqqında danışmağa böyük ehtiyac var. Çünki 2023-cü il də asan olmayacaq, biz bunu hiss edirik. İstərdik ki, bax, bu məsələyə Siz münasibət bildirəsiniz və iqtisadi artımla, yeni gözləntilərlə bağlı öz fikirlərinizi bizə söyləyəsiniz.

Prezident İlham Əliyev: Əlbəttə, 2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün – 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir.

İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün – artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.

Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Çünki mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.

Mən 2022-ci ilin yekunları ilə bağlı geniş danışsam, onda qalan suallara yer qalmayacaq. Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir. Çünki biz bütün işləri öz hesabımıza edirik. Mən bunu artıq səsləndirmişəm. Biz müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin – Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq. Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə – 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir. Bu nədir? Bu odur ki, biz iqtisadi cəhətdən müstəqilik, əgər biz indi istəsək, yenə də beynəlxalq maliyyə qurumları ilə kreditlərin cəlb edilməsi üzrə işlərə başlaya bilərik, əslində başlamışıq. Çünki həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr demək olar ki, başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib. Yəni, mən tam əminliklə deyə bilərəm ki, biz limitsiz xarici kreditlərin cəlb edilməsində heç bir problem görməyəcəyik. Amma hələ ki, buna böyük ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir.

İctimai Televiziyadan Nərmin Salmanova: Cənab Prezident, 2022-ci il Azərbaycanda əhalinin maddi rifah halının gücləndirilməsi istiqamətində addımlarla, Sizin də qeyd etdiyiniz kimi, məhz irihəcmli sosial paketlərin tətbiq edilməsi ilə yadda qaldı. Bununla belə, dünyada yüksək qiymət artımı və inflyasiya müşahidə olunmaqdadır, təbii ki, bu da Azərbaycana təsirsiz ötüşmür. Bəs, bu təsirlərin azaldılması istiqamətində, xüsusilə də aztəminatlı əhalinin sosial rifah halının gücləndirilməsi, onlara dəstək verilməsi istiqamətində hansı addımlar atıla bilər?

Prezident İlham Əliyev: Bəli, mən qeyd etdiyim kimi, inflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur. Halbuki keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, həmçinin gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, burada da müsbət rol oynayacaq. Ancaq bununla paralel olaraq, biz, ilk növbədə, qeyd etdiyiniz kimi, sosial rifah haqqında nəinki düşünməli idik, praktiki addımlar atmalı idik. Ona görə minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq.

Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılmışdır. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk.

Bir istiqamət də şəhid ailələri və müharibə əlillərinə dəstəklə bağlıdır. Keçən il bu istiqamətdə də önəmli addımlar atılmışdır, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Məlumat üçün deyə bilərəm ki, bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb. Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq.

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Bu proqramın icrası mətbuatda da işıqlandırılıb. Hər kəs görə bilir ki, bizim qazilərimiz hətta futbol oynaya bilirlər. Əl protezləri daha mürəkkəb texnologiyaya malikdir. Mənə verilən məlumata görə, ən müasir texnologiyadan olan əl protezlərinin əl tutma funksiyası təqribən 40-a çatır. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

Yəni, sosial sahə çoxşaxəli sahədir. Məsələn, biz buraya özünüməşğulluq proqramını da əlavə edə bilərik. Bu, həm sosial, həm iqtisadi sahədir. Çünki bu, kiçik biznesi təşviq edən sahədir. Ancaq mən buna daha çox sosial sahə kimi baxıram. Bir neçə il ərzində belə bir təşəbbüs irəli sürüldü. Çox böyük maraq doğurdu və bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Hətta biz beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb etmişik. Bu, həm sosial, həm iqtisadi, həm iş yerlərini, yəni, bütün bu sahələri əhatə edən bir sahədir. Ona görə bu il də istisna olmayacaq. Çünki bir daha demək istəyirəm, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik. İmkan daxilində bu il də bu proqramlar icra ediləcək.

Real Televiziyasından İlqar Mikayıloğlu: Cənab Prezident, 2022-ci il Azərbaycanın nəqliyyat, tranzit və logistika potensialını yüksəltdi. Rusiya-Ukrayna müharibəsini nəzərə alsaq, artıq yeni nəqliyyat istiqamətinə böyük ehtiyac var. Azərbaycandan keçən Orta Dəhliz və məhz Orta Dəhliz layihəsinin inkişafında çox vacib yeri olan Zəngəzur dəhlizi ilə bağlı soruşmaq istərdim. Məhz bu məsələlərin reallaşma perspektivini və bu dəhlizin region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

Prezident İlham Əliyev: Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır. Ancaq bir daha demək istəyirəm, biz bu sahəyə uzun illərdir böyük vəsait qoyuruq, sərmayə qoyuruq. Beləliklə, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Sadəcə olaraq, biz indi dəmir yolunun bir hissəsini modernləşdiririk, xüsusilə Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. Çünki indiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Çünki biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra siz də qeyd etdiyiniz kimi, bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib.

Orta Dəhlizə gəldikdə isə, bu istiqamətdə də biz ardıcıl siyasət aparırıq. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Onu da bildirməliyəm ki, bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Çünki burada həm siyasi çətinliklər var idi, bəzi böyük Qərb ölkələri bu layihənin əleyhinə çıxış edirdilər və çox ciddi maneələr törədirdilər. Səbəbi də ondan ibarət idi ki, bu, Ermənistanı faktiki olaraq kənarda saxlayan bir layihədir. Yəni, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Yəni, biz bir neçə il itirdik. Digər problem maliyyə çatışmazlığı idi. Çünki bu layihəyə vəsait qoymaq istəyənlər yox idi. Beynəlxalq maliyyə qurumlarına etdiyimiz müraciətlər cavabsız qalmışdır. Sadəcə olaraq, biz neftdən ilkin gəlirləri əldə edəndən sonra artıq özümüz bu layihəyə böyük vəsait ayırdıq. Bildiyiniz kimi, Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Hazırda biz bu layihənin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il artıq göstəriş verilmişdir və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək. Düzdür, Qərb istiqamətində digər imkanlar da var, o cümlədən Gürcüstan limanları. Biz, əlbəttə ki, onlardan da istifadə edirik, o cümlədən limanların biri Azərbaycana məxsusdur. Amma yenə də gözlənilən yüklərin əgər həcminə nəzər salsaq, görərik ki, bu da çatmayacaq. Çünki keçən il mənim Orta Asiya ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərim olub və deyə bilərəm ki, hər bir görüşdə bu mövzu müzakirə edilirdi.

Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün.

Ona görə nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıbdır. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Bizim infrastrukturumuz – dəmir yolları, hava limanları, Ələt Beynəlxalq Dəniz Limanı və digər nəqliyyat infrastrukturu, Xəzərdə ən böyük donanma və eyni zamanda, bizim donanmamız Qara dənizdə də işləyir. Mənim göstərişimlə bizim Qara dənizdəki donanmamızda gəmilərin sayı artırılacaq. Yəni, çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun.

İlqar Mikayıloğlu: Zəngəzurla bağlı bir məqama da toxunmaq istərdim. Ötən ilin əvvəlində bizə verdiyiniz müsahibədə Naxçıvanda əcdadlarınızın məzarlarını ziyarətlə bağlı suala cavab olaraq demişdiniz ki, bu faktı Şuşanın azad edilməsindən sonra Ulu Öndərin məzarının ziyarətinin davamı hesab etməkdə doğru düşünürük və sitat kimi həmin məqamı istərdim deyim. Siz demişdiniz ki, “Bəli belədir, mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz. Bəli, məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm”. İndi icazə verin soruşum, məhz Qərbi Azərbaycan İcması ilə bağlı görüşdə dedikləriniz məhz ürəyinizdə olan idi, yoxsa hələ də demədiyiniz nələrsə var?

Prezident İlham Əliyev: Yox, prinsipcə mən hesab edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək. Qərbi Azərbaycan İcması ilə görüş əsnasında hesab edirəm ki, ilin əvvəlində gətirdiyiniz o sözlərimin davamı olaraq bir qədər daha dərinə getdik. Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Mən, eyni zamanda, İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, onların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə – Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var – həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni, çox geniş proqram hazırlanır.

Bir şeyi də demək istəyirəm, bizim bütün proqramlarımız bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik.

CBC Telekanalından Sənan Rzayev: Cənab Prezident, keçən il Azərbaycan tərəfindən Avropanın, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə kömək göstərilməsi yolunda daha bir neçə addım atılıb. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıda oldu. Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalandı. Cənab Prezident, bilmək istərdim, Siz həmin ideyanın reallaşdırılması sürətini bütövlükdə necə qiymətləndirirsiniz və bu Memorandum, bu əməkdaşlıq həm Azərbaycana, həm də Avropa İttifaqına istər cari ildə, istərsə də qarşıdakı ildə nələr vəd edir?

Prezident İlham Əliyev: Bu, Azərbaycanın neft-qaz sahəsinin inkişafında əlamətdar hadisədir. Əlbəttə, Avropa Komissiyasının Prezidentinin səfəri Avropa Komissiyasının və şəxsən xanım Ursula Fon der Lyayenin bu məsələyə ayırdığı diqqətə dəlalət edir. Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, əlbəttə, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Bu, izah ediləbiləndir. Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Nəzərə alırdıq ki, biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” (“deep gas”) hasilatına başlamağı planlaşdırırıq.

Yəni, potensial var, Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm – 2,6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Çünki bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni, xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur.

Əlbəttə, bu Memorandumun icrası kifayət qədər uğurla davam edir. Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır. TANAP layihəsinə gəldikdə, burada işlər asandır, çünki biz bu layihənin əsas iştirakçısı – şeyeholderiyik və əsas maliyyə yükü bizim üzərimizə düşəcək. TAP layihəsində bizim payımız 20 faizdir, buna görə orada, əlbəttə, konsensusa nail olmaq məsələləri üzərində daha çox işləməli olacağıq. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki başa düşürdük ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq.

Beynəlxalq enerji şirkətləri, ilk növbədə, məsələnin iqtisadi tərəfinə – nə vaxt sərmayə qoymaq, nə vaxt genişlənmək lazım olmasına baxırlar. Yəni, beynəlxalq enerji şirkətlərindən onların beş il sonra lazım olacaq layihəyə milyardlarla sərmayə qoyacağını gözləmək düzgün deyil. Buna görə biz burada öz strateji təsəvvürlərimizi, – indiyə qədər bu məsələdə heç vaxt yanılmamışıq, – tərəfdaşlarımızın iqtisadi imkanları və iqtisadi siyasəti ilə uzlaşdırmağa çalışırıq və indi bu istiqamətdə işləyirik.

Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz Nabucco layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Biz Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Bu halda Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.

Beləliklə, Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir. Əlbəttə, Avropa ölkələrinin çoxunun belə adlandırılan “yaşıl keçid” proqramını da unutmaq olmaz. Bu halda müəyyən müddətdən sonra mədən yanacağından imtina edilməsi nəzərdə tutulur. Lakin mənim müşahidələrimə görə hazırda Avropa qaz bazarındakı meyillər, – əlbəttə, bu proqram qüvvədədir, – enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət Avropa strukturlarını enerji təhlükəsizliyinə daha realist mövqedən yanaşmağa sövq edəcək. Buna görə də əminəm ki, uzunmüddətli perspektivdə qazdan və neftdən imtina edilməsi gözlənilmir.

Xəzər Televiziyasından Nigar Mahmudova: Mən də enerji mövzusunu davam etdirmək istəyirəm. Siz artıq Azərbaycanın enerji potensialına tələbatın artması və bütün bunların bizim üçün yeni imkanlar açmasını qeyd etdiniz. Hansı yeni imkanlar açılır? Yəqin ki, burada, sadəcə, iqtisadi deyil, həm də Azərbaycanın siyasi olaraq da gücləndirilməsindən söhbət gedir. İstərdim, bu barədə Sizin fikirlərinizi eşidək, cənab Prezident.

Prezident İlham Əliyev: Yeni imkanlara gəldikdə, prinsip etibarilə mən əvvəlki sualda bu barədə cavab verdim. Daha nə etmək olar? Əlbəttə ki, biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi. Rusiya-Ukrayna müharibəsinə qədər nəzərdə tutulmuş bütün layihələr demək olar ki, plan üzrə gedirdi. Hər il Bakıda keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Ancaq gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq. Məsələn, biz hesab edirdik ki, TANAP layihəsinin başa çatması faktiki olaraq bu sahədə bizim əsas işlərimizin də başa çatması deməkdir. Ondan sonra, sadəcə olaraq, mövcud infrastrukturdan istifadə edərək öz qaz resurslarımızı ixrac etməliyik. Amma baxın görün, Rumıniya tərəfinin xahişi əsasında artıq yanvar ayından biz Rumıniyaya qaz ötürməyə başlamışıq. Çünki il ərzində Rumıniyanın energetika naziri iki dəfə Azərbaycana gəlmişdi və ilin sonunda mənim Rumıniyaya səfərim baş tutmuşdu. Bu arada bizim müvafiq qurumlarımız danışıqlar aparırdılar və interkonnektor artıq işə düşəndən sonra texniki imkan yaratdı. Əlbəttə ki, texniki imkan olmadan biz qaz ixracatımızın coğrafiyasını genişləndirə bilmərik və texniki imkanlar Avropa məkanında bizim səlahiyyətimizin çərçivəsində deyil. Yəni, Avropa ölkələri özləri bunu edirlər və nə qədər çox bağlantı olarsa, bizim o qədər də çox potensial müştərilərimiz olacaqdır.

Mən indi vaxtından əvvəl nəyisə elan etmək istəmirəm, ancaq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik. Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir. Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir. Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq.

İlqar Mikayıloğlu: Cənab Prezident, 2022-ci ildə Transxəzər qaz kəməri ilə bağlı mütəmadi olaraq mülahizələr səslənirdi, fikirlər, bəyanatlar verilirdi. Amma reallıqda, əslinə qalsa, bu məlumatların əsasında nə durur və bizim mövqeyimiz bu istiqamətdə nədən ibarətdir?

Prezident İlham Əliyev: Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir. Çünki bizim layihələrə gəldikdə, istər Bakı-Tbilisi-Ceyhan olsun, istər Cənub Qaz Dəhlizi, burada hər şey aydın idi. Azərbaycan liderliyi öz üzərinə götürmüşdür, ölkələrdən və şirkətlərdən ibarət komanda şəklində bir qrup yaratmışdır, beynəlxalq maliyyə qurumlarını cəlb etmişdir. Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində görün, hansı qurumlar iştirak edib – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa İnfrastruktur və İnvestisiya Bankı – dünyanın ən aparıcı maliyyə qurumları. Bunlar, eyni zamanda, şirkətlər və Azərbaycan ölkə olaraq öz vəsaitini qoyub bu layihəni həyata keçirib. Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır – geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu – bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir. Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil.

Bununla paralel olaraq, hətta bütün sadaladığım məsələlər öz həllini tapsa, ikinci mərhələdə digər məsələ ortalığa çıxacaq. Tutaq ki, Transxəzər qaz kəməri inşa edildi, Azərbaycan sahilinə qədər gətirildi, ondan sonra nə olacaq? Hansı yollarla Avropa istiqamətinə göndəriləcək? TANAP-la? Yəni, TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da demək olar ki, hamısını indi Azərbaycan qazı ilə biz təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır. Çünki biz növbəti 5-6 il ərzində, əgər hər şey plan üzrə gedərsə, minimum 10 milyard kubmetr əlavə qaz hasil edə bilərik. Əlbəttə ki, bunun yeganə yolu TANAP və ondan sonra dediyim kimi, interkonnektorlar vasitəsilə. Yəni, Azərbaycan ərazisindən sonra nə olacaq? Yəni, Azərbaycan ərazisində yeni kəmərmi tikiləcək? Ola bilər. Kim bunu tikəcək? Ona görə bunlar hamısı açıq suallardır. Transxəzər qaz kəməri mövzusu uzun illərdir ki, siyasiləşdirilir. Mən bunun əleyhinəyəm. Çünki mən həmişə real layihələr üzərində işin aparılmasının tərəfdarı olmuşam. Bütün bu suallara cavab veriləndən sonra əlbəttə ki, bu layihə həyata keçirilə bilər. Çünki prinsip etibarilə mən hesab edirəm ki, bu layihə iqtisadi cəhətdən səmərəli ola bilər, amma texniki-iqtisadi əsaslandırma gərəkdir, əlbəttə, bu təsdiqlənməlidir. Qazın sahibi istehlakçılarla kontraktlar imzalamalıdır, hansı qiymətə satılacaq. Çünki məsafə nə qədər uzun olsa, bir o qədər də xərclər artır. Amma yenə də biz həmişə bu layihəyə siyasi dəstək vermişik. Əgər bizə bu layihə ilə bağlı müraciət olunarsa, əlimizdən gələni edəcəyik ki, kömək göstərək.

Sənan Rzayev: Cənab Prezident, icazə versəniz mən qazın qiyməti və enerji sektoru barədə sualı bir qədər davam etdirmək istərdim. Siz əvvəlki suallara cavab verərkən bizim qaz ehtiyatlarının həcmi məsələsinə, xüsusi halda Balkanlarda və Avropada planlarımıza ətraflı toxundunuz. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, son vaxtlar xarici mətbuatda qəribə mülahizələr yayılır ki, guya Azərbaycan Rusiya qazını sonradan Avropaya, dünya bazarlarına ixrac etmək məqsədilə alır və sair. Bununla əlaqədar bilmək istərdim, əvvələn, bu informasiya barədə Siz nə fikirdəsiniz və Sizin fikrinizcə belə düşünənlər nəyi rəhbər tuturlar?

Prezident İlham Əliyev: Mənim fikrimcə, bu, informasiya manipulyasiyasıdır və belə düşünməyim üçün hər cür əsas var. Deməliyəm ki, ilk dəfə bunu Almaniyanın sabiq kansleri və Rusiya enerji şirkətlərindən birinin keçmiş rəhbərlərindən olan cənab Şröder bəyan etmişdi. Sonra bu versiya mətbuatda yayıldı və təbii ki, əleyhdarlarımız onu sevinclə qarşıladılar, bizi guya hansısa haqsız oyun aparmaqda ittiham etməyə çalışdılar. Bu, hər cür məntiqə tamamilə ziddir. Hətta elementar olaraq bizim ixracın həcminə nəzər salsaq, aydın görünür ki, bu barədə söhbət ola bilməz. Bəli, biz Rusiyadan qaz alırdıq, bu, çoxdan olub, o vaxt mən hələ sənaye şirkətində işləyirdim. Bu, sərfəli idi. O vaxt bizim öz qazımız kifayət etmirdi və biz elektrik enerjisi istehsalında mazutdan istifadə etməməkdən ötrü, yəni, daha çox fayda əldə etmək üçün qaz alırdıq. Əlbəttə, mazutla işləyən elektrik stansiyaları ətraf mühiti çirkləndirir. Bu gün bizim bütün elektrik stansiyaları ya qaz ilə, ya da su və qismən bərpaolunan başqa mənbələrlə işləyir. Bir də ki, səhv etmirəmsə, 2006-cı və ya 2007-ci ildə qiymətlərin kəskin şəkildə – praktiki olaraq iki dəfə artması səbəbindən Rusiyadan qaz alınması dayandırılıb. O vaxt bizə dedilər ki, qiymət iki dəfə yüksək olacaq. Özü də bu qiymət Qərbi Avropa ölkələrindəki qiymətlə müqayisədə yüksək idi və satış həcmi dörd dəfə azaldılacaq. Biz 4 milyard kubmetr qaz alırdıq, amma bizə “Qazprom”un adından bəyan etdilər ki, indi bizə yalnız 1 milyard kubmetr qaz tədarük edə bilərlər. Bu söhbət ilin sonunda, noyabr ayında, ölkənin enerji balansı artıq təsdiq ediləndən sonra olmuşdu. Yəni, bu vəziyyətdə qərar qəbul etmək üçün cəmi bir ay vaxtımız qalırdı. Gözlənilən 4 milyard kubmetr əvəzinə cəmi 1 milyard kubmetr ala bilərdik. Lakin biz vəziyyətdən çıxdıq. Özü də, necə deyərlər, hər zərərdə bir xeyir olur. Bu vəziyyət bizi öz ölkəmizdə hasilata diqqəti artırmağa məcbur etdi və biz Rusiyadan qaz almağa son qoyduq. O vaxtdan təqribən 15 il keçib.

İndi söhbət Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə gedir. Ötən ilin sonunda kontrakt bağlanıb və keçən müddətdə həmin həcmin heç yarısını da almamışıq. Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tbilisi-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük.

Tofiq Abbasov: Cənab Prezident, ötən ilin strateji mahiyyətə malik hadisələrindən biri də o idi ki, dekabrın 17-də Sizin iştirakınızla Buxarestdə dördtərəfli Saziş imzalandı. Söhbət Strateji Tərəfdaşlıq Sazişindən gedir ki, orada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan bizim ərazimizdə yaşıl enerjinin istehsalını, sonra artmasını və eləcə də ötürülməsini artıq nəzərdə tuturuq. Bu hadisənin arxasında mən deyərdim ki, böyük bir multiplikativ effekt özünü əks etdirir. İlk növbədə, biz öz enerji siyasətimizin şaxələndirilməsinin yeni indeksini demək olar ki, gündəmə gətirdik. Sonra yeni əməkdaşlıq formatını yaratdıq. Çünki məndə olan məlumata görə, o Saziş Bakıda da olub və bizim tərəfdaşlar, yəni, Gürcüstan da, Macarıstan da, Rumıniya da, onlar çox böyük razılıqla o sənədi qəbul etmişdilər. Mən istərdim ki, ilk növbədə, bu məsələnin icra perspektivinə Siz münasibət bildirəsiniz və digər tərəfdən də əgər hər şeyi biz öz adı ilə çağırmalı olsaq, bayaq Siz ermənipərəstlik amilinin siyasətdə yerindən danışdınız. Sirr deyil ki, Fransa çox cidd-cəhdlə çalışırdı Rumıniyanı da anti-Azərbaycan, belə deyək, cəbhəsinə cəlb etsin və hətta nəzərə almışdılar ki, guya Qərb mətbuatı bu haqda yazmışdı ki, Ermənistana Qara dəniz vasitəsilə və Rumıniyanın ərazisindən istifadə etmək şərti ilə silah-sursat göndərsinlər. Demək olarmı ki, ikinci məqamda bizim diplomatiyanın bu uğuru həmin o dağıdıcı planın qarşısını aldı və onu darmadağın etdi?

Prezident İlham Əliyev: Bu layihəyə gəldikdə, əlbəttə, bunun mahiyyəti hələ ki, tam geniş təhlil edilməyib. Çünki bu, bir yenilik oldu və bir çoxları üçün gözlənilməz oldu. Əlbəttə ki, biz bu layihə üzərində işləməyə başlayanda çox açıq-aydın görürdük ki, onun reallaşması üçün hansı addımlar atılmalıdır. Ona görə biz bu layihəyə qoşulandan sonra faktiki olaraq bu layihə gerçəkləşməyə başlamışdır. Çünki bir fikir, bir ümumi konsepsiya olaraq bu layihə artıq uzun illər idi ki, mövcud idi. Hətta texniki-iqtisadi əsaslandırma da aparılır və ilkin variantda o layihənin ötürmə qabiliyyəti bir min meqavat elektrik enerjisinə hesablanmışdır. Biz layihəyə qoşulandan və bütün təhlil işlərini aparandan sonra təklif etdik ki, bir halda biz buna qoşuluruq, bunu daha genişmiqyaslı şəkildə həyata keçirək. Təklif etdik ki, 1000 meqavat yox, 4 min meqavat səviyyəsində olsun. Çünki onsuz da xərclər böyük olacaq, onsuz da kabel çəkiləcək. Ona görə daha çox imkanı olan kabeli çəkməklə biz daha böyük nailiyyətlərə çata bilərik. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, Azərbaycana olan investisiya marağından doğur. Çünki bizim hazırda bu qədər elektrik enerjisini ixrac etmək imkanlarımız yoxdur. Biz ixrac edirik, bizim orta hesabla ixrac imkanlarımız təqribən 1000 meqavat ətrafındadır. Ancaq hazırda Azərbaycanda reallaşan investisiya layihələri, – iki layihə artıq reallaşır, biri günəş, biri külək elektrik stansiyası, üçüncü layihənin reallaşması yaxın aylarda nəzərdə tutulur, – bizə əlavə 700 meqavatdan çox təmiz yaşıl enerji verəcək.

Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. İndi bu 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir. Ancaq, mən hesab edirəm ki, bunun minimum yarısı tamamilə reallaşa bilər, çox da reallaşa bilər. Əsas məsələ bunun bundan sonrakı taleyidir – necə ötürüləcək? Çünki biz mövcud elektrik ötürücü xətlərimizi genişləndirməliyik. Biz qayıdırıq yenə Zəngəzur dəhlizinə. Bizim fikrimizcə, o dəhlizdən, eyni zamanda, elektrik enerjisi ötürülməlidir. Məhz bu məqsədlə biz Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikirik. Əgər bu layihə reallaşarsa, onda Naxçıvanla Türkiyə arasındakı sərhəddə də bir stansiya tikilməlidir. Eyni zamanda, Türkiyə ərazisində ötürücülük imkanları genişləndirilməlidir. Çünki orada da bu qədər enerjini götürmək imkanı yoxdur. Yəni, bu, çox qlobal bir layihədir və bu, tam reallaşa bilər. Çünki Azərbaycana bu gün milyardlarla dollar investisiya qoyan şirkətlər, əlbəttə ki, hər şeyi ölçüb-biçiblər. Onlar tam əmindirlər ki, bu enerji həm Azərbaycanda istehlak olunacaq, – indi Azərbaycandakı iqtisadi vəziyyət belədir ki, bu, onları qane edir, – eyni zamanda, ixrac üçün imkanlar yaranacaq.

Digər məsələ, – bu da çox önəmlidir, bu, ümumi kontekstdən bir qədər kənarda qalıb, – ondan ibarətdir ki, əgər biz bu layihələri öz tərəfdaşlarımızla icra etsək, – mən deyə bilərəm ki, Azərbaycan 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, – onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan – “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik. Yəni, burada necə deyərlər, ikinci uduş imkanı yaranır – həm bizim üçün, həm Avropa üçün. Bu layihənin reallaşmasının əmsalı, əgər belə demək mümkündürsə, çox yüksəkdir. Nə üçün mən bunu deyirəm? Çünki ilk növbədə, bu sazişin imzalanmasında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak edib. Onun iştirakı onu deməyə əsas verir ki, bu, Avropa üçün prioritet layihədir və bu layihənin həyata keçirilməsi ilə bağlı maliyyə sıxıntısı olmayacaq. Hələ ki, biz bu barədə, ümumiyyətlə, bir qərara gəlməmişik, hansı ölkələr hansı həcmdə, hansı investisiyalar qoyacaqlar və maliyyə qurumları tərəfindən ayrılan vəsait hansı ölkəyə veriləcək, yəni, borcu sonra kim qaytaracaq, bu barədə hələ ki, danışıqlar aparılmayıb. Ancaq hər şey texniki-iqtisadi əsaslandırmadan asılı olacaq. Beləliklə, Azərbaycan Avropa üçün daha da böyük önəm daşıyan ölkəyə çevriləcək.

Bir də onu deyə bilərəm ki, biz artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verdik. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub. Ona görə bu, çox böyük perspektivi olan sahədir və Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirə biləcək bir layihədir.

Tofiq Abbasov: Cənab Prezident, istərdim Siz bir məqama da münasibətinizi bildirəsiniz. Biz Qara dəniz vasitəsilə Qərbə doğru, necə deyərlər, istilik, işıq, nur ixrac edəcəyik. Ancaq bəzi qüvvələr isə bu tərəfə silah-sursat ötürmək istəyirlər, bizim bədnam qonşularımıza. Yəni biz avtomatik olaraq demək olar ki, o planın üstündən xətt çəkmiş olduq. Bu, elədirmi?

Prezident İlham Əliyev: Hər halda biz çalışacağıq, biz hər şey edirik. Onu da bildirməliyəm ki, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik.

Nigar Salmanova: Cənab Prezident, 2022-ci il ərzində Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı insidentlərin şahidi olduq, Fərrux, “Qisas” əməliyyatlarını gördük, eləcə də sentyabrın ortalarında döyüşləri gördük. Ümumiyyətlə, bu insidentlərin səbəbi olan amillərin 2023-cü ildə aradan qaldırılmasını gözləyə bilərikmi? Sizin bu istiqamətdə proqnozlarınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik.

Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq. Əfsuslar olsun ki, o, dərs olmadı və Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi. O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər? Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır? Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu.

Mən indi ümid edirəm ki, bundan sonra belə hallar olmayacaq. Çünki son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.

Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.

İlqar Mikayıloğlu: Cənab Prezident, 2020-ci il Vətən müharibəsi və bu müharibə qalibiyyətlə başa çatandan sonra orduda, xüsusilə komandoları vurğulamaq şərtilə müxtəlif təyinatlı hərbi hissələrin yaradılması, sursat arsenalımızın qısa bir zamanda doldurulması istiqamətində, silah və texnika cəhətdən orduda müəyyən işlər görüldü. Üstəlik, texnologiyanın Silahlı Qüvvələrə sintezi artıq bizim ordunun gücünü tamamilə dəyişib. Düzdür, “Global Firepower” portalında biz 57-ci pillədəyik. Etiraf edim, mən bu rəqəmə bir az belə birtəhər baxıram.

Prezident İlham Əliyev: Mən də.

İlqar Mikayıloğlu: Çünki bizdən qabaqdakı ölkələrə baxanda 1960-cı illərin texnikası olan ölkələrdir. Onlar bizdən necə irəli keçib? Özü də təcrübələri yox. Lakin eybi yox, bu, onların rəqəmləridir. Amma məndə belə bir təəssürat yarandı ki, bu iki ildə biz döyüş təcrübəsini və texnologiyaları nəzərə almaqla deyəsən tamamilə yeni bir ordu düzəldirik.

Prezident İlham Əliyev: Bəli, tamamilə haqlısınız. Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi. Yadımdadır biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın. Mənim Prezident kimi bütün səylərimin bir istiqaməti oraya yönəlmişdi. Həm keçmiş Minsk qrupunun həmsədr ölkələrini, eyni zamanda, Avropadakı tərəfdaşlarımızı inandırmağa çalışırdım ki, biz bu vəziyyətlə barışmayacağıq. Ermənistanın əvvəlki və indiki rəhbərliyinə də demişdim, əgər hesab edirsiniz ki, belə davam edəcək, davam etməyəcək. Sadəcə olaraq, hesab edirdilər ki, bu, təbliğat naminə deyilən sözlərdir. Biz məcbur olub öz gücümüzü göstərdik və verdiyimiz siqnallar ünvana çatmamışdı. Hətta mən tələb edirdim ki, Ermənistana qarşı sanksiyalar tətbiq olunsun. Hesab edirdim ki, əgər sanksiyalar tətbiq edilərsə, o zaman məcbur olub öz xoşu ilə bizim torpağımızdan çıxacaqlar. Ancaq bu olmadı və biz müharibədə Ordumuzun gücünü göstərdik. Eyni zamanda, gördük ki, ordunun daha da inkişafına ehtiyac var. Halbuki, bunu indi hər kəs bilir. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Ermənistan ordusundan on min nəfərin qaçmasını mən kənara qoyuram. Ümumiyyətlə, özü də hücuma keçən, aşağıdan yuxarıya qalxan, ölümə gedən, 6-7 müdafiə xətti olan bir əraziyə sinəsini qabağa verərək gedən əsgər-zabit əsl qəhrəmandır və bizim Ordumuzun gücü məhz bundadır.

Amma, eyni zamanda, biz müharibədən sonra dərhal, necə deyərlər, bir gün belə istirahət etmədən işə başladıq və müharibənin bütün mərhələlərini təhlil etməyə başladıq. Mən göstəriş verdim ki, bəli, bu, tarixi Qələbədir, artıq biz tarixi missiyamızı yerinə yetirmişik. İndi sevinmək əvəzinə, işləmək, nöqsanları aşkar etmək lazımdır. Əlbəttə ki, nöqsanlar da var idi və var. Onları aradan qaldırmaq və müharibə təcrübəmizi həyatda artıq yeni ordu konsepsiyası əsasında tətbiq etmək üçün fəal işləyirik. İki il ərzində bir çox işlər görülübdür. Ancaq hələ bütün işlər görülməyib. Bu haqda yəqin ki, necə deyərlər, tam aşkarlıqla danışmaq yersizdir. Amma deyə bilərəm ki, bizim həm komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin, hansı ki, müharibənin əsas yükünü öz üzərinə götürmüşdü, onların da sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir.

Onu da bildirməliyəm ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır.

Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil – həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək. Amma Rusiya-Ukrayna müharibəsindən sonra görün, indi hər kəs bunu edir, hər kəs. Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik.

Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.

Əlbəttə, bu, ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcək. Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?

Nigar Mahmudova: Cənab Prezident, Vətən müharibəsindən sonra Sizin tvitləriniz üçün darıxmışdıq. Yola saldığımız 2022-ci ildə Laçın şəhərinin mərkəzinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsinə dair tvitlə bizi yenidən sevindirdiniz. Bu da yeni Laçın yolunun çox qısa bir müddətdə salınması sayəsində mümkün oldu. Həm bu məsələlərin əhəmiyyətini Sizdən eşitmək istərdik, həm də bu il – 2023-cü ildə Azərbaycan xalqı belə yeniliklərmi deyim, belə xəbərlərmi deyim, gözləsinmi?

Prezident İlham Əliyev: Bəli, bilirəm ki, müharibə zamanı mənim məlumatlarım səbirsizliklə xalq tərəfindən gözlənilirdi, izlənilirdi və müharibə dövründə istifadə etdiyim leksikon da bəzilərinə çox yaxın və doğma idi. Amma, necə deyərlər, hər dövrün öz hökmü var, öz funksiyası var, spesifikası var. Əgər mən iki il bundan əvvəl istifadə etdiyim sözlərdən istifadə etsəm, yəqin ki, düzgün olmaz. Halbuki, o sözlərin bəziləri indi dillər əzbəri olub, nəinki Azərbaycanda, hətta qonşu Türkiyədə. Mən özüm də hərdənbir o sözləri təkrar etmək istəyirəm, amma özümü güclə saxlayıram. Çünki əfsuslar olsun ki, o sözləri deməyə hələ ki, ehtiyac var. Ünvanlar bəlkə dəyişə bilər, amma sözlərin mahiyyəti və transkripsiyası dəyişməz olaraq qalmaqdadır.

Laçın şəhərinin azad olunması hesab edirəm ki, bir çox səbəblərə görə tarixi hadisədir. Birincisi, bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Faktiki olaraq Laçın rayonunun işğalından sonra Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı və bizim gələcək məğlubiyyətimizin məhz, təməli o vaxt qoyulmuşdur. Digər tərəfdən, biz bilirdik ki, Laçından Xankəndiyə gedən yol Laçın şəhərinin mərkəzindən keçir. Noyabrın 9-da Rusiya Prezidenti ilə aparılan son söhbətlər əsnasında mən xüsusilə Laçın şəhərinin taleyini müəyyən edən bəndin o Bəyanata salınmasına israr edirdim. Ermənistan tərəfi, əlbəttə ki, bunun əleyhinə idi. Amma Ermənistan tərəfi o vaxt elə durumda deyildi ki, nəyisə diktə etsin. Ona görə mənim təkidimlə o bənd oraya salındı ki, 3 il ərzində yeni yolun razılaşdırılması prosesi gedəcək və ondan sonra nə olacaq, orada göstərilmirdi. Biz isə bu marşrutu Rusiya tərəfi ilə, Rusiyanın Müdafiə Nazirliyi ilə razılaşdırdıq və onu il yarım ərzində reallaşdırdıq. Biz müharibə başa çatandan sonra dərhal Rusiya Müdafiə Nazirliyi ilə danışıqlara başladıq, mən xüsusi heyət göndərmişdim və bir neçə variant müzakirə olundu. Bəzi variantlar əlverişsiz idi və ən məqbul variant seçilmişdi. Biz dərhal işə başladıq. İşlər başa çatanda mən bəyan etdim ki, artıq yol hazırdır, buyurun gedin o tərəfə. Ancaq yenə də Ermənistanın qeyri-ciddi yanaşması ilə üzləşməli olduq. Çünki Ermənistan da öz ərazisində yolun bir hissəsini inşa etməli idi. Sadəcə olaraq, hesab edirdilər ki, bu, heç vaxt olmayacaq, Laçın onların əlində qalacaq və sülhməramlılar da demək olar ki, orada yerləşmişdilər. Çünki o biri şəhərlərdən fərqli olaraq, Laçında müəyyən dərəcədə salamat binalar qalmışdı. Amma mən bəyan etdim, dedim ki, biz ayın 2-də yolu tamamlamışıq, ayın 5-də əgər bizim sözümüz keçməsə, biz Laçın dəhlizinə giririk heç kimdən soruşmadan, heç nəyə baxmadan. Ondan sonra hay-haray başladı, zənglər və sifarişlər, xahişlər və sair. O vaxt orada Qarabağ erməniləri arasında bəziləri xahiş etmişdi ki, bizə avqustun 25-nə qədər vaxt verin, biz söz veririk ki, evləri heç kim yandırmayacaq, söz veririk ki, oradan çıxacağıq, həm Laçından, həm Zabuxdan, həm Susdan. Dedim yaxşı, mən sizə inanıram, mənim də sözümə inanırlar. İndi əgər, necə deyərlər, öz sözlərinə naxələf çıxsalar, biz istənilən vaxt gəlib orada durmağa hazırıq. Belə də oldu, avqustun 25-də Laçın və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Yəni, natamam qalmış işləri biz gərək başa çatdıraq. Bizim əvəzimizə kim bunu edəcək? Biz etməliyik bunu. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq.

Amma onu da bildirməliyəm ki, laçınlılar, xüsusilə Laçın şəhərində yaşayan insanlar yəqin, bir qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı, ümumiyyətlə, Ermənistan tərəfi Laçını Azərbaycana qaytarmaq haqqında heç danışmaq da istəmirdi. Əfsuslar olsun, keçmiş Minsk qrupunun həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu Ermənistana verilməlidir. Ona görə laçınlılar daha ümidsiz idilər. Onu da bildirməliyəm ki, danışıqların işğal dövründə belə çox davam etməsi və yəni, uğursuzluqla nəticələnməsi də məhz, o cümlədən Laçına və Kəlbəcərə görə idi. Çünki onlar 5 rayonu boşaltmağa elə bil ki, hazır idilər. Amma o şərtlə ki, Laçın və Kəlbəcər əbədi qalsın onların əlində. Yəni, biz laçınlılara, kəlbəcərlilərə görə, tarixi torpaqlarımıza görə, ərazi bütövlüyümüzə görə bu qədər dözmüşük. Amma məncə, ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq. Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik.

Tofiq Abbasov: Cənab Prezident, bir qədər əvvəl Siz buyurdunuz ki, biz Ermənistanla məsələni həll etmişik. Belə bir təəssürat oyanır ki, həqiqətən Ermənistan öz taleyi ilə barışıb, lakin onu yoldan çıxaranlar var, biz bunu bilirik və adı ilə çağırsaq Fransa. Fransa bu prosesdə, bu mənfur işdə, bu xoşagəlməz prosesdə sanki bütün imkanlarını çalışır istifadə etsin ki, Ermənistanı inandırsın: məsələ bitməyib, siz gərək ayaq üstə durasınız və düşmənə qarşı, – yəni, bizi nəzərdə tutaraq. Biz görürük ki, onlar BMT səviyyəsində, BMT Təhlükəsizlik Şurası səviyyəsində iflasa uğradılar. Çünki çalışdılar anti-Azərbaycan qətnaməsini qəbul etdirsinlər, ancaq bir şey alınmadı. Digər tərəfdən, Frankofoniya klubunu çalışdılar Azərbaycanın üzərinə qaldırsınlar, halbuki bu, humanitar təşkilatdır, siyasiləşdirmək istədilər və Makron bir daha, necə deyərlər, iflasa uğradı. Nəhayət, açıq-aşkar onların bizə həm mətbuatlarında, həm siyasi dairələrində təpkiləri və hücum mövqeyi.

Cənab Prezident, burada belə bir məqam var. Deyirlər ki, guya Fransanın Senatı və Milli Assambleyası anti-Azərbaycan mövqeyindən çəkinməyəcək, ancaq Fransanın hökuməti bu prosesdə bizimlə münasibətlərini dəyərləndirir və çox fəallıq göstərmir. Siz bu fikirlə razısınız, yoxsa yox? Nəhayət, Fransanı nədir bu yola sövq edən?

Prezident İlham Əliyev: Burada bir neçə səbəb ola bilər. Birincisi, yəqin ki, bizim qalib olmağımız, müharibədə qalib gəlməyimiz orada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, – halbuki artıq uzun illərdir danışıqlar zamanı biz bunu görürdük, – Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Yəni, nə sülh, nə hərb, məsələ dondurulmuş vəziyyətdə qalsın və de-fakto ermənilər orada yaşasınlar. Vaxt gələcək, nəsillər dəyişəcək, azərbaycanlılar unudacaq və o cümlədən bu insanlar arasındakı təmaslar, Ermənistanla əməkdaşlıq meyillərinin gücləndirilməsi tezisləri də ortalığa atılırdı ki, bəli, biz barışaq, biz dost olaq, o, qalsın kənarda. Yəni, biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər.

İkinci səbəb istisna etmirəm ki, Fransanın hökumət nümayəndələri ilə bağlıdır. Çünki birincisi, biz yada salmalıyıq, Fransa Minsk qrupunun həmsədri necə oldu. Mən bunu çox yaxşı bilirəm, çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi, dəfələrlə etiraz edirdi. Sonralar hətta Jak Şirak mənə dəfələrlə bu əhvalatı danışırdı, atama da böyük hörmətlə yanaşırdı və bildirirdi, Heydər Əliyev mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, mən Fransanın orada həmsədr olmasına qarşıyam, çünki sizdə ermənilər çox böyük təsirə malikdirlər və sizin siyasətinizə təsir edəcəklər. Şirak isə mənə deyirdi, onu inandırırdım ki, biz həmişə neytral olacağıq, ancaq ondan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da elə idi. Onların neytral olması doğrudan da təbii idi, yoxsa, ona görə neytral idilər ki, məsələ öz həllini tapmırdı, onu mən deyə bilmərəm.

Amma onu deməliyəm ki, Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Hətta bir epizodu da mən yadınıza salmaq istəyirəm, – bəlkə də bunu bir çoxları diqqətdən qaçırıb, – 2015-ci il aprelin 24-də Prezident Fransua Olland Ermənistana getmişdi. Cəmi dörd lider getmişdi o gün Ermənistana. O, Ermənistanın növbəti iflası idi və tarixi saxtakarlığının iflası idi. Amma oraya getmişdi, mən isə getmişdim Çanaqqalaya. Prezident Olland axşam Ermənistandan Bakıya gəldi, hətta məndən tez. Bizim tədbir bir az çox çəkdi. Mən gəldim, artıq Prezident Olland Bakıda idi və səhərisi – aprelin 25-də biz onunla görüşdük. Yəni, bu, nəyi göstərir? Bu, siyasət adamının hərəkətini göstərir. Onu göstərir ki, Fransa həmsədrdir, bu vəzifəyə, bizə hörmətlə yanaşır və bu balansı saxlamaq üçün gəldi. Mən bunu çox yüksək qiymətləndirirəm, çox yüksək. Amma sonra bu balans pozuldu. Hətta müharibəyə qədər bu balans pozuldu. Yəni, balans pozula bilər, o zaman siz həmsədrlikdən çıxın. Yəni, mən ovaxtkı dövrü deyirəm. Çıxın, yəni, bir yerdə olun, bir-birinizə qohum-əqrəba deyin. Mən etiraz etmirəm, amma çıxın buradan, siz vasitəçi ola bilməzsiniz. Amma onlar həm vasitəçi olmaq istəyirdilər, – bəlkə indi də olmaq istəyirlər, – həm də ki, necə deyərlər, istiqanlı münasibətləri də gücləndirirlər.

Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. Əvvəlki dövrdə, mən deyə bilərəm ki, 10-dan çox şəhərlərimiz qardaşlaşmışdır, gediş-gəliş var idi, bir çox nümayəndələr gəlmişdi, Prezident Sarkozi, Prezident Olland Azərbaycana səfərlərə gəlmişlər. İndi isə vəziyyət tam fərqlidir. Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm. Onlar bizi şərləmişdilər, demişdilər ki, guya biz cihadçılar gətirmişik. Bir dənə də sübut yoxdur. Üzr istəyiblərmi bizdən? Yox.

Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı. Siz də qeyd etdiyiniz kimi, Frankofoniya, ondan sonra Praqa görüşü. Praqa görüşü faktiki olaraq Brüssel formatının davamı idi. Çünki bu formatı Şarl Mişel – Avropa İttifaqı Şurasının sədri, necə deyərlər, ortaya qoymuşdur və bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada, – tamamilə haqlısınız, – uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər. Dörd ölkə faktiki olaraq onların bu oyunlarını pozdu. Sual yaranır nə üçün? Bunu mən başa düşə bilmirəm. Yəni, bizə qarşı bu qədər qeyri-adekvat münasibətin mənbəyi nədir, mən başa düşə bilmirəm, heç bu haqda fikirləşmək də istəmirəm. Yenə də deyirəm, onlar bizsiz, biz onlarsız yaşayarıq da, yaşamışıq və ehtiyacımız da yoxdur. Sadəcə olaraq, bu, qeyri-normal bir vəziyyətdir və bu qeyri-normal vəziyyəti bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq.

Nərmin Salmanova: Cənab Prezident, artıq bir aydır ki, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq etiraz aksiyası keçirirlər. Bütün Azərbaycanın ürəyi, belə desək, hazırda Laçın yolunda döyünür. Bu aksiya iştirakçılarının əksəriyyəti gənclərdir. Siz onlara nə demək istərdiniz? Bundan əlavə, Ermənistan və onun havadarları bir ay ərzində dünyada blokadada olmaları barədə illüziya yaratmağa çalışırlar. Sizcə, bunun hər hansı real nəticəsi ola bilərmi?

Prezident İlham Əliyev: İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Birincisi, hər kəs bunu artıq gördü ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, – bu, hələ bir ay olmayıb, – oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Biz haradan öyrənmişik ki, indiyə qədər 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girib, onların bütün pasportları da var. Bu haqda da bizə hər hansı bir izahat verilməyib. Yəni, biz hər şeyi görürdük, hər şeyi bilirdik. Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır.

Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, – o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, – onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.

Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.

Sənan Rzayev: Cənab Prezident, Siz əvvəlki suallara cavab verəndə Azərbaycan ilə Ermənistan arasında sülhün perspektivi barədə danışarkən dediniz ki, əgər Ermənistan özündə qüvvə taparsa. Mən bir neçə məqamı bilmək istərdim. Əvvələn, Siz necə hesab edirsiniz, bu qüvvə Ermənistanın özündə formalaşır, yoxsa indiki halda Ermənistandan o qədər də asılı deyil. Məsələn, Ermənistan diasporu bu prosesə necə təsir göstərir? Cənab Prezident, müharibədən dərhal sonra Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı bir neçə məkan gördük. Axırıncı dəfə isə Moskvada xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə cəhd göstərildi, lakin erməni tərəfi bu görüşü pozdu. Görüş baş tutmadı. İndiki məqamda texniki baxımdan danışıqlar prosesini görmürük. Siz bu danışıq məkanları barədə, danışıqların davam etdirilməsi perspektivinin özü barədə nə fikirdəsiniz? Sizdə belə bir təəssürat varmı ki, erməni tərəfi danışıqlar prosesini sadəcə kobud şəkildə pozur?

Prezident İlham Əliyev: Bəli, sonuncu tezislə tam razıyam ki, erməni tərəfi bu prosesi pozur və deyəsən, bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi barədə birinci tezisə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur. Ona görə ki, əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir. Bəs bu gündəlik haradadır? Müharibədən sonra iki il ərzində nə gördük? Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir. Bunu anonim adlandırardım, lakin anonim deyil, hər şey konkret adamların adından səslənir. Buna görə də düşünürəm ki, bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Axı ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bəli, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb. Terminlərdən azacıq da olsa baş çıxaran hər kəs bütün ölkə üzərində, bütün ərazi üzərində suverenliyin nə demək olduğunu bilir. Lakin onlar “A” deyəndən sonra “B” demək istəmirlər. Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu. Bunun Ermənistan üçün nə ilə başa çatmasının təfsilatına qayıtmaq istəmirəm. Nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda.

Mənim fikrimcə bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik. Bu azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamağa yalnız biz kömək edə bilərik. Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Bizim hamımızı ruhlandıran hisslər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır. Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar. Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər.

Nigar Mahmudova: Cənab Prezident, Fransa Prezidenti Makronun qərəzli münasibətindən danışıldı burada. Ayrıca Praqa görüşünə də toxunuldu. Makronun orada iştirak etməsinə baxmayaraq, Praqa bizim keçən il əldə etdiyimiz nailiyyətlərimizdən biridir deyə bilərik. Suverenliyimizi Ermənistan tanıdı, Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu qəbul etdi. O görüş keçirilən anlarda ilk fotolar çıxırdı, biz jurnalistlər olaraq fotolardan baxıb bədən dilindən oxumağa çalışırdıq ki, orada hazırda nə baş verir? Biz belə təxmin edirdik ki, orada masa ətrafında gərgin mübarizə gedir. Əgər mümkündürsə, oradakı detallardan, müzakirələrdən, mübarizədən açıqlayardınız, bizim üçün bunları eşitmək çox maraqlı olardı. Praqa görüşünün əhəmiyyətinə toxunmağınızı Sizdən xahiş edəcəyəm.

Prezident İlham Əliyev: Detallara gəldikdə, deyə bilərəm ki, bu, qeyri-adi bir görüş idi. Çünki həddindən çox çəkdi və iki raunddan ibarət idi. Birinci görüş təxminən bir saat çəkdi və biz gördük ki, razılığa gələ bilmirik. Ona görə danışdıq ki, axşam yeməyindən, ziyafətdən sonra bir daha yığışacağıq. Bir daha yığışdıq və o görüş təxminən dörd saatdan çox çəkdi. Görüş bitəndə Bakı vaxtilə səhər saat 5 idi. Bu, bir detal, maraqlı ola bilər.

İkinci maraqlı detal ondan ibarət idi ki, bir an mən özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdəyik, Şarl Mişel isə hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda Ermənistan nümayəndə heyətinin üzvləri Fransa nümayəndə heyətinin üzvləri ilə kənara çəkilib pıçıltı ilə, necə deyərlər, cükküldəşirdilər, danışırdılar, müzakirə edirdilər. Yəni, bu, açıq-aşkar görünürdü. Çünki bir neçə saat bir balaca otaqda olmaq, əlbəttə ki, bu detalları görmək üçün bir imkandır. Yəni, emosiyaları gizlətmək bəzən çətin olur.

Görüşün mahiyyəti isə qeyd etdiyiniz kimi, bizim üçün çox əlverişli oldu. Çünki ilk dəfə Ermənistan tərəfi Azərbaycanın suverenliyini tanıdı və bu, artıq faktiki olaraq bütün Qarabağın gələcəyi ilə bağlı danışıqların sonu olmalı idi. Biz bunu belə qəbul edirik. Əlbəttə ki, ondan sonra Soçi görüşündə bu tezislər bir daha təsdiqləndi. Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı, o da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?

Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni, bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, – yəni, əslində, o qədər də ciddi məsələ deyil, – aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksəkvəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan.

Bir məqamı da qeyd etmək istəyirəm. Ermənistanın ən yaxın müttəfiqi, eyni zamanda, ATƏT-in missiyasını da göndərmək fikrində idi, biz isə buna etiraz etdik. Çünki ATƏT-də belə məsələlər konsensus əsasında qəbul edilir, həll olunur. Biz əlbəttə, dedik ki, biz konsensus verməyəcəyik. Onda orada qaydalarda bir boşluq taparaq ATƏT-in bir heyətini də konsensussuz oraya göndərmişdilər. Yenə də manipulyasiya, yenə də saxtakarlıq. Bu saxtakarlıq üzə çıxandan və biz etirazımızı bildirəndən sonra Ermənistanın ən sevimli müttəfiqi bunu ATƏT-in fəaliyyətdə olan həmsədrinin – Polşanın üstünə yıxmağa çalışırdı ki, bizim xəbərimiz yoxdur, bunu Polşa edib. Yəni, bu detalları bir az açmaqla, sadəcə olaraq, mən riyakarlığın dərəcəsini sizin və ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, biz öz haqqımızı tələb etmək üçün görün, kimlərlə və nələrlə üzləşməli oluruq. Ona görə bu növbəti missiyanın göndərilməsi, əlbəttə ki, çox xoşagəlməz bir haldır. Bu, təhlükəsizliyi artırmayacaq, əksinə, bizimlə olan bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk qrupu “rəhmətə gedəndən” sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək. Fransa faktiki olaraq özü-özünü bu prosesdən tamamilə təcrid etmişdir. İndi qalır Amerika və Rusiya. Yəni, danışıqlar meydançalarını hazırda belə görürük. Əlbəttə ki, Avropa da ola bilər, amma əgər, yenə də deyirəm, bizimlə özünü dürüst aparsa.

Tofiq Abbasov: Cənab Prezident, üzr istəyirəm Sizdən. Həmkarım Sizə çox maraqlı sual ünvanladı. Bu kontekstdə Şarl Mişelin davranışı Praqada və ondan sonra necə oldu?

Prezident İlham Əliyev: Nə vaxt?

Tofiq Abbasov: Praqa görüşündən, Makronun, belə deyək, oyunbazlığı özünü büruzə verəndən sonra. O Praqa əhvalatının özündə və sonra Şarl Mişelin bu və ya digər bir reaksiyası oldu, yoxsa yox?

Prezident İlham Əliyev: Yox, ondan sonra bizim əlaqəmiz olmadı. Ondan əvvəl, əlbəttə ki, bizim sıx əlaqələrimiz olub. Hətta müntəzəm surətdə telefon əlaqələrimiz olurdu. Mən onun fəaliyyətini həmişə yüksək qiymətləndirmişəm. O, məsələnin mahiyyətinə, yəni, dərinliyinə çox bələd olan bir adamdır. Mən gördüm ki, doğrudan da həm bu məsələni çox dərindən bilir və doğurdan da kömək göstərmək istəyir. Ancaq Praqa görüşündən sonra hər hansı bir reaksiya verilmədi. Bildiyiniz kimi, dekabrın 7-də növbəti görüş planlaşdırılmışdı. Bizə bəyan edildi. Amma biz buna etiraz etdik. Çünki biz Fransa tərəfinin addımlarından sonra onları bu formatda görmürük. Ona görə biz 7 dekabr formatını dəstəkləmədik. Ondan sonra hər hansı bir təmas olmamışdır. Bu ilin əvvəlindən də nə mənim, nə də ki, Azərbaycan tərəfinin Avropa İttifaqının nümayəndələri ilə təmasları olmamışdır. Yəqin ki, onlar, indi, gələcək addımlar haqqında daxili müzakirələr aparırlar.

Nərmin Salmanova: Cənab Prezident, Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Sizin rəhbərliyinizlə bərpa-quruculuq işlərinə başlanıldı. Bu məqamda Sizin 2021-ci ildə, Anım Günündə Türkiyənin Anadolu Agentliyinə müsahibəniz zamanı 30 il Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərdən və min bir əzabdan sonra onların sınmamağından danışarkən kövrəlməyinizi xatırladım. İndi Böyük Qayıdış başlayıb və müsahibənin əvvəlində də Siz bu il Laçına məcburi köçkünlərin qayıdacağını dediniz. Təxminən neçə laçınlıya bu sevinc nəsib olacaq və indi Siz həmin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtdığını görərkən hansı hissləri keçirirsiniz?

Prezident İlham Əliyev: Xoşbəxtlik hissləri. Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir. Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.

Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq.

Əlbəttə ki, təhlükəsizlik məsələləri də ciddi nəzərə alınmalıdır. Çünki əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi. Ona görə oraya qayıdacaq soydaşlarımız çox ehtiyatlı olmalıdırlar, ancaq icazəli yerlərə getməlidirlər. Artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq.

Əlbəttə ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq. Əkin işləri gedir, çünki müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün, yəni, buna yaxınlaşmaq üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.

Bağçılıq inkişaf edir, sənaye parkları. Məsələn, Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq investisiya layihələri təsdiqləndi, Cəbrayıl Sənaye Parkında 10 milyonluq. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.

İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı bəlkə 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təsəvvür edin, 50 kilometr tunel nə deməkdir. Yəni, çox tələsirəm mən, tələsirəm. Amma, eyni zamanda, özümə deyirəm ki, tələsmək olmaz, hər şey qayda-qanunla olmalıdır, tender olmalıdır, bütün şəhərsalma qaydaları təmin edilməlidir. Ona görə bu Baş planların təsdiqlənməsi, sonra inşaat işlərinin başlanması bir qədər çox çəkir. Əlbəttə ki, bu, məni narahat edir, amma digər tərəfdən biz sıfırdan başlayırıq. Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.

Eyni zamanda, mən onu da bir dəfə demişəm, bir daha demək istəyirəm, orada – Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.

Böyük suvarma layihələri. Bizi ermənilər suyumuzdan da məhrum etmişdilər. Su ehtiyatlarımızın 25 faiz mənbəyi Kəlbəcər, Laçın, Zəngilandır. Həm o bölgəni su ilə təmin edəcək, o cümlədən içməli su ilə, eyni zamanda, ölkəmizin digər rayonlarına da su borularının çəkilişi nəzərdə tutulur. Yəni, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısını icra edəcəyik.

Bu, doğurdan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq.

Tofiq Abbasov: Cənab Prezident, icazənizlə, axırıncı sualı verək, Sizi yormayaq, olarmı?

Prezident İlham Əliyev: Olar.

Tofiq Abbasov: Dünya nizamı son dərəcə bədbin təəssüratlar oyadır. Görürük ki, problemli vəziyyətdir və uzun sürən böhranlar, münaqişələr nəinki həllini tapmır, əksinə, bəzi qüvvələrin ucbatından onlar kəskinləşir. Belə olduqda bir deyim yada düşür ki, məkan boşluğu sevmir. Çünki bəzi qüvvələr həqiqətən də boşluğa can atırlar. Ancaq Sizin rəhbərliyinizlə Azərbaycan qlobal inteqrasiya prosesinə doğrudan da son dərəcə böyük töhfələr verir və bunu görməmək mümkünsüzdür. Məsələn, ötən il Siz İtaliyada səfərdə olarkən Çernobbioda, dünyada məşhur olan “Ambrosetti evi” beyin mərkəzinin dəvətini aldınız və orada böyük nitqlə çıxış etdiniz. Mötəbər auditoriya Sizin fikirlərinizi çox böyük maraqla qarşıladı. Təbii ki, Siz orada, ilk növbədə, beynəlxalq institutların vəzifələrindən danışdınız və onları nəzərə almadan haradasa boşluqlara yol verirlər, digər tərəfdən öhdəliklərini yerinə yetirə bilmirlər. Siz orada çox dəyərli fikirlərinizi səsləndirdiniz. Azərbaycanın indi yeni formalaşmaqda olan sosial-iqtisadi, qlobal nizam konfiqurasiyasındakı rolunu Siz necə təxmin edirsiniz və bizim payımız yəqin ki, bu proseslərdə durmadan artacaq. Bax, bu parametrləri necə dəyərləndirmək olar?

Prezident İlham Əliyev: Bizim xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin. Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur. Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Özümüzü bu təhdidlərdən qorumaq üçün əlbəttə ki, xarici siyasət, o cümlədən hərbi siyasət öz rolunu oynamalıdır. Ona görə bizim siyasətimiz həmişə əməkdaşlığa hesablanmışdır. Əgər kimsə bizdən yardım istəyirsə, çalışırdıq ki, kömək göstərək, daha çox dost qazanaq. Bu, Qarabağ məsələsini həll etmək üçün əlbəttə ki, biz dünya ictimaiyyətini inandırmalı idik. Çünki erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Həm Qarabağ məsələsində haqlı olmağımız artıq dünyanın aparıcı qüvvələri tərəfindən qəbul edildi, eyni zamanda, tərəfdaşlıqda – həm ikitərəfli, həm çoxtərəfli tərəfdaşlıqda gördülər ki, biz özümüzü ləyaqətlə aparırıq, verdiyimiz sözə əməl edirik və bizə qarşı hörmət də artdı, rəğbət də artdı. Mən Qoşulmama Hərəkatına sədr seçilməyimizi də bunun nəticəsi olaraq görürəm. Çünki bu təsisatda elə ölkələr var ki, bir-biri ilə əzəli dost deyillər. Amma Azərbaycanı iki dəfə yekdil fikirlə dəstəklədilər – həm seçiləndə, həm də ki, sədrlik müddətimiz uzadılanda. Bu platforma bizə əlavə imkanlar verdi ki, öz niyyətimizi, siyasətimizi göstərək, xüsusilə COVID dövründə. Həm beynəlxalq tədbirlər, o cümlədən Zirvə Görüşü, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, 80-dən çox ölkəyə maddi-humanitar yardımın göstərilməsi – bütün bunlar Azərbaycan tərəfindən edildi. Deyə bilərəm ki, dünyada o qədər də çox ölkələr yoxdur ki, bunu bizim qədər edirlər. Bunu biz təmənnasız edirik. Ona görə ki, bizi daha yaxşı tanısınlar, bizi dəstəkləsinlər, lazım olan anda bizim yanımızda olsunlar, necə ki, biz bunu artıq danışdığımız bu hadisələr zamanı gördük.

İndi isə xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur. Çünki ənənəvi təsisatlar səmərəli qaydada fəaliyyət göstərmirlər və bundan sonra da göstərməyəcəklər. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik. Yenə də əsas məsələ xaricdən gözlənilən mümkün riskləri sıfra endirməkdir ki, bu qədər buna müvəffəq olmuşuq və bu gün müzakirə mövzusu olan atılan addımlar da məhz buna hesablanıb.

BMT-yə gəldikdə isə BMT-yə bizim münasibətimiz indi bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, – indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, – yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Mən hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü.

Biz Qoşulmama Hərəkatının institusionallaşdırılması ilə bağlı çox işlər apardıq – parlament platforması, Gənclər Şəbəkəsi yaradıldı. Bizim fəallığımız məhz buna hesablanıb, çünki bu təsisatın potensialı var, sadəcə olaraq, liderlik lazım idi. Hesab edirəm ki, Azərbaycanın timsalında bütün ölkələr bu liderliyi gördü və bizim qoyduğumuz siyasət artıq bizdən sonra da davam etdirilməlidir. Yəni, biz imkan verməməliyik Qoşulmama Hərəkatı yenə də əvvəlki səviyyəyə düşsün ki, heç bir yerdə adı da, sayanı da yox idi, açıq danışmalıyıq.

Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.

Tofiq Abbasov: Cənab Prezident, çox sağ olun, biz bu gün çox mütəəssir olduq. Nəyə görə? Çünki biz tez-tez informasiya bolluğunu görürük, amma həm də onunla bərabər, həqiqət qıtlığı özünü əks etdirir. Bu gün isə biz Sizin sayənizdə tam əks mənzərənin şahidi olduq. Bizə vaxt ayırdığınıza, çox maraqlı söhbətə görə Sizə artıq dərəcədə minnətdarıq. Bir də əlbəttə ki, hamımız daha çox Sizin proqnozlarla bağlı fikirlərinizi gözləyirdik, çünki yeni il başlayıb. Təbii ki, zənnimcə, 2023-cü il heç də asan olmayacaq, bəlkə də çox çətin olacaq. Ancaq Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı uğurlar bizdə əminlik yaradır ki, yeni çağırışları da, yeni sınaqları da alnıaçıq, üzüağ şəkildə qarşılaya biləcəyik. Çünki Sizin uğurlarınız bizim xalqımızın, bizim dövlətimizin uğurlarıdır və o uğurlar bizə ruh verir. Çox sağ olun, yorulmayın və həmişə müvəffəq olun.

Prezident İlham Əliyev: Sağ olun, sizə təşəkkür edirəm. Suallarınız mənə imkan verdi ki, biz bu vacib mövzularla bağlı danışaq. Düzdür, mən tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Hesab oluna bilər ki, bütün vacib mövzularla bağlı fikrimi bildirirəm, həmişə belə olub. Amma müsahibənin də öz formatı, öz xüsusiyyəti var. Bir çıxışda, yaxud da ki, bir neçə çıxışda bəlkə də bütün bu məsələləri əhatə etmək mümkün deyil. Çünki çıxışlar adətən bir qayda olaraq hansısa tədbirdə bir mövzuya aid olur. Onu da demək istəyirəm, mən şübhə etmirəm ki, biz istədiyimizə nail olacağıq. Çünki yenə də deyirəm, bizim keçmişimiz, hədəfə doğru getdiyimiz sürət və nəticələr bunu deməyə əsas verir. Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə – müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq. Yaxud da ki, sentyabra qayıdaq. Kimin ağlına gələ bilərdi ki, bu gün Ermənistan haqsız olaraq bizi işğalda ittiham edəcək. İki il, üç il bundan əvvəl əgər kiməsə bunu desəydin, deyərdi ki, deyəsən sənin başın xarab olub, belə sadə dillə desək. Amma mümkün olmayan heç nə yoxdur, bizim əlimizdədir. Amma biz ədaləti istəyirik, ancaq ədaləti. Pozulmuş ədaləti bərpa edirik, hələ tam bərpa etməmişik, amma bərpa edəcəyik, mənim şübhəm yoxdur və əminəm ki, Azərbaycan xalqı da bu nikbinliyi bölüşür. Bir daha sağ olun.

Tofiq Abbasov: Sağ olun, çox sağ olun, təşəkkür edirik.

terefsiz.az