Prezident: “Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözündən sonra hansı danışıqlardan söhbət gedə bilər?”

0
179

 

Sorosun Ermənistanda təşkil etdiyi çevrilişdən sonra erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair danışıqlara zərbə vurdu.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

“Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsindən sonra hansı danışıqlardan söhbət gedə bilər? ATƏT-in Minsk qrupunun hazırladığı prinsiplərlə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında olan ərazilər Azərbaycana qaytarılmalıdır, amma Paşinyanın bir tərəfdən Qarabağ Ermənistanındır deməsi, digər tərəfdən bizi bu bölgədə yaradılan marionet rejimlə danışıqlara sövq etməsi artıq 20 ildir mövcud olan danışıqlar formatını dağıdır və bununla bilərəkdən danışıqlar prosesini pozur və Azərbaycan qarşısında qəbulolunmaz şərtlər qoyur. Və Minsk qrupunun nəhayət ki, danışıqlar prosesini pozan tərəfi aydın göstərməyə cəhd edəndə Ermənistan hərbi provokasiyalara əl atır, hansı ki sonuncu dəfə 27 sentyabrda, bundan əvvəl isə 12 iyulda baş verib. Bütün bu addımları ilə erməni tərəfi danışıqlar prosesini pozur, çünki status-kvonu saxlamaq istəyir. Halbuki, Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində bir neçə dəfə status-kvonun saxlanılmasının mümkünsüz olduğunu qeyd ediblər. Bu isə o deməkdir ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir. Biz danışıqlara hazırıq, amma erməni tərəfindən onun tam əksini görürük”.

Terefsiz.az