“Qəbələ”də yeni hücumçu

0
195

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Terefsiz.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kuaku ilə anlaşıb. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

1991-ci ildə Abican şəhərində anadan olan Kristian futbol həyatına “Toumodi” klubunda başlayıb. O, 2007-ci ildə “Anderlext” Futbol Akademiyasına transfer olub və 3 il gənclər komandasında top qovub. 2010-cu ildə “Anderlext”dən ayrılan forvard “Muanqtonq Yunayted”lə (Tailand) müqavilə bağlayıb. Kuaku burada keçirdiyi 53 oyunda 22 qol vurub.

Uğurlu oyunu ilə fərqlənən Kristian fransızların diqqətini çəkib və Fransanın “Tur” klubuna transfer edilib. Sözügedən komandanın uğurları üçün 3 mövsüm (2012-2015) tər tökən hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb. Daha sonra Kristian Fransada “Kan” və “Nim” kollektivlərinin formasını geyinib. Forvardın son komandası Çexiyanın “Karvina” klubu olub.

Terefsiz.az