Qərbi Azərbaycan Xronikası: XX əsrdə 2 milyon azərbaycanlı erməni təcavüzünə məruz qalıb

0
84

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Baku TV-də növbəti süjet hazırlanıb.

“Terefsiz.az” xəbər verir ki, “Ermənistanda yaşayan ermənilərlə azərbaycanlıların say fərqi” adlı süjet indiki Ermənistan adlanan ərazidə vaxtilə yaşayan azərbaycanlıların say tərkibi və deportasiyasının statistikasına həsr olunub.

Süjetdə xüsusi vurğulanır ki, istər milliyyəti, toponimi və dini-mədəni abidələri ilə sırf oğuz-türklərinə məxsus olan Qərbi Azərbaycan ərazisi Çar və sovet Rusiyası tərəfindən süni yaradılan Ermənistan adlı qondarma dövlətə verilib, daim azərbaycanlıların sayı azaldılıb.

Bildirilib ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilib. 1988-1991-ci illərdə isə havadarının köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı doğma yurdundan zorla çıxarılıb. İndi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ümumilikdə, XX əsrdə 2 milyon azərbaycanlı qovulub, zaman-zaman erməni təcavüzünə məruz qalaraq, ata-baba yurdunu tərk edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet mayın 17-də saat 19:30-da Baku TV-nin efirində, mayın 16-da saat 21:00-da isə Youtube kanalında yayımlanıb.

terefsiz.az