Qadınlarla “yaxınlıq” etmək istəyən taksi sürücüləri: Onların sayı niyə artıb?

0
58

“Bu, son vaxtlar daha qabarıq şəkildə görünən bir problemdir. Taksi sürücüləriylə bağlı bu cür faktları, sağolsun, xanımlar ictimailəşdirib aidiyyəti orqanların diqqətinə çatdırırlar. Daxili İşlər Nazirliyi yanındakı İctimai Şuranın üzvü olaraq, nazirliyə də təşəkkürümü bildirirəm ki, bu cür məsələlərə həssas yanaşırlar. Aylıq açıqlanan statistikalara baxanda biz görürük ki, bu cür insanlar heç də cəzasız qalmır”. 

Terefsiz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O, son günlər taksilərdə qadın müştərilərə qarşı tətbiq edilən seksual qısnamaların artması faktından söz açıb.

Xatırladaq ki, analoji hadisə ötən gecə də baş verib. Belə ki, ortayaşlı taksi sürücüsü 22 yaşlı xanım müştəriyə “yaxınlıq” təklif edib. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov isə mediaya açıqlamasında bildirmişdi ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır.

Öz növbəsində, E.Muradlı bəyan edib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsinə bu gün çox ciddi ehtiyac var:

“Bu problem də elə ondan qaynaqlanır ki, nəzarət mexanizmi yoxdur. Ciddi bir sistem qurulmadığına görə də bu cür hallar baş verir. Biz təklif edirik ki, belə hallara qarşı mübarizə məqsədilə takis fəaliyyətinin təkmilləşdirilməsi prosesi həyata keçirilsin və taksilərdə kameraların quraşdırılması təmin edilsin. Ola bilsin ki, müştərinin seçimindən asılı olaraq, o kamera yandırıla, yaxud söndürülə bilər. Amma hər bir halda seçim müştərinin olmalı və qərarı o verməlidir. Çünki daha sonra bu cür faktları sübut etmək çətin olur. Ona görə də düşünürəm ki, yanaşma bu formada olmalıdır. Sırf belə neqativ halları aşkarlamaq üçün”.

Mütəxəssis bu cür halların baş verməsinə təəssüflə yanaşdığını söyləyib:

“Çünki taksi fəaliyyəti ilə məşğul olan şəxs sözsüz ki, hansısa bir qazanc məqsədilə bu işin arxasınca çıxır. Təəssüflər olsun ki, onların arasında başqa məqsədlər üçün də taksiyə qoşulanlar var. Bu yaxınlar mən bununla bağlı bir neçə faktı da aşkarlamışam, müzakirələr zamanı da bunlar üzə çıxıb. Məlum olub ki, kifayət qədər bahalı avtomobillə taksi xidmətinə qoşulur, tanınmış şirkətlərdən sifarişlər qəbul edirlər. Ümumiyyətlə, görkəminə baxanda bilinir ki, nə bu adam taksi sürücüsüdür, nə də onun avtomobili taksi üçün nəzərdə tutulub. Sadəcə, adam özü də açıq şəkildə etiraf edir ki, qadınla, qızla tanış olmaq məqsədilə bu cür səviyyəsiz işlərlə məşğul olur”.

Müsahibimiz bu məsələlərin qınaq obyektinə çevrilməli olduğunu əlavə edib:

“Bir insan nə qədər düşüncəsiz və bərbad bir insan olar ki, götürüb, belə hərəkətlərə yol versin. O açıq şəkildə də bunu etiraf edib ki, mən işimi-gücümü atıb taksi xidmətinə qoşulmuşam ki, qadınlarla, qızlarla tanış olum. Bu, anormal bir davranışdır. Eləcə də belələrinə qarşı təkcə inzibati məsuliyyət yox, elə cinayət məsuliyyəti də formalaşmalıdır. Onlar bir psixiatr yanına göndərilməlidir ki, baxaq-görək onların fizionomiyasında nə kimi problem var? Yəqin ki, normal adam bu hərəkətləri etməz. Əgər bunu edirlərsə, deməli, anormallıq var və bu insanlar cəmiyyətdən təcrid edilməlidir. Onlara çox ciddi cəzalar tətbiq edilməlidir ki, bu adam nəinki o məqsədlə evdən çıxsın, ümumiyyətlə, o düşüncədən uzaq olsun”.

Rafi MÜSLÜMOV