Qaloşun gözmuncuğundan fərqi nədir?

0
241

Mövhumatın, xurafatın tarixi o qədər qədimdir ki, yazıya haradan başlamaq lazım olduğuna qərar verə bilmirsən. Bineyi-qədimdən ta indiyə qədər insanların inanmadığı əşya qalmayıb. İndi də dünyanın hər yerində hər cür primitiv inanclarla qarşılaşmaq mümkündür. Hətəmxan ağa obrazının (“Dərviş Parisi partladır” filmi) təbirincə desək, biz də hər zada inananlardanıq.

Doğrudur, insanları inancına görə cəzalandırmaq olmaz. Nə etsən də, bəni-adəm mütləq nəyəsə inanacaq. Amma kütləvi şəkildə mövhumatın əsiri olmaq faciədir və bu faciəvi axının qarşısı mütləq alınmalıdır. 70 illik ateist sovet hakimiyyəti də insanın inanc instinkti ilə bacara bilmədi, axırda özləri də Lenini, Stalini bütləşdirdilər.

O ki qaldı, sosial şəbəkələrdə hay-küyə səbəb olmuş “qaloş piri”nə. Mənim üçün qaloşa inanmağın hələ uşaq anadan olar-olmaz, biləyindən taxdığımız gözmuncuğuna, xırda parçaya bükülüb tikilmiş duaya inancdan heç bir fərqi yoxdur. Bununla iş bitmir. Qapımızdan da at nalı, gözmuncuğu, qanqal, üzərlik və s. asırıq. Bəzi qurumuş ağacları müqəddəsləşdirib, sonra da ürəyimizdə arzu tutub budaqlarından əski bağlayırıq. Qabağımızdan qara it-pişik keçəndə işimizin alınmayacağına, insanların əli və ya ayağının ağır olduğuna inanırıq. Sağlığında seyid adlandırılan şəxslərin öləndən sonra qəbirlərinin üstündə min hoqqadan çıxırıq, əşyalarını, paltarlarını müqəddəs sayırıq. Halbuki İslam dini Allaha ibadət üçün, dua üçün və s. hər hansı vasitəçiyə lüzum görmür.

Hoqqa demişkən, bir-iki əhvalat danışım. Bir dəfə evin qapısı döyüldü. Aşağı mərtəbədəki qonşulardan biri idi. Uğursuz dialoqumuz belə oldu:

– Evdə kim var?
– Sözünüzü deyin.
– Anan evdə yoxdur?
– Yatıb. Deyin.
– Bilirəm, sən belə şeylərə inanmırsan. Amma al bu daşı, ver anana, qoysun evə, ruzi-bərəkətiniz artsın. Mir Möhsün Ağanın qəbir daşındandır.
– Siz müqəddəs saydığınız insanların qəbrini ziyarət etməyə kəsici alətlərlə gedirsiniz?
– Yooox, elə pirdə verirdilər. Mən də aldım. Götür-götür.
– Sizi bilmirəm, mən hansısa sexdə kəsilmiş daş parçasına inana bilmərəm.
Daşı alıb atdım eyvandan aşağı.

Bir dəfə də körpələrin qoluna bağlanan duanı yoxladım. Əgər əllə toxunmusunuzsa, həmin kiçik parçanın xışıldadığını bilirsiniz. Əksəriyyətiniz də içində kağız olduğunu zənn edirsiniz. Axı dua kağıza yazılmalıdır. Qohumlardan birinin körpəsinin biləyində gördüm. Xəlvətə salıb, “dua”nı götürdüm, parçanı cırdım. İçindən bəzi çörək və şirniyyatların üstünə yaxılan çörəkotu və ya qarazirə dənələri çıxdı.

Günlərin bir günü isə digər qonşumuz ərəbcə ibtidai savadıma arxayın olaraq evindəki şər qüvvələrə qarşı mollanın zəfəran suyu ilə yazdığı duanı oxumağımı xahiş etdi. Səbəbini soruşdum. Dedi ki, bəs neçə gündür yazıb, amma xeyrini görmür. Kağızı açdım. Nə suyu ilə yazıldığını bilmirəm, amma yalnız şaquli xətlərdən ibarət (lap uzağı, əlif hərfi deyək) yazının rəngi narıncıya çalırdı. Dedim, burada heç nə yoxdur, sizi aldadıblar. Ələ saldığımı düşünüb mənimlə düşmən oldu.

Sözümün canı odur ki, bir az düşünmək, yoxlamaq lazımdır. Hər deyilənə inanmaq olmaq, bizi bəzən və ya bir çox hallarda həqiqətə çatdıra biləcək şübhə hissindən heç olmasa hərdən istifadə etmək yaxşı haldır.

İndi əksəriyyətimiz “qaloş piri”nə gedənləri ələ salırıq. Amma həmin əksəriyyətin əksəriyyətinin evindən, avtomobilindən onları guya qada-baladan qoruduğuna inandıqları müxtəlif əşyalar asılıb. Bunun qaloşdan fərqi nədir? Yoxsa qaloş sözü pis səsləndiyi üçün belə ajiotaj yaranıb?

Ümumiyyətlə isə insanların dini savadsızlığından sui-istifadə edib pul qazanmaq dələduzluqdur və belələrinə qarşı mütləq cinayət işi açılmalıdır.

Kortəbii inanc, mövhumat, xurafat – nə istəyirsiniz, deyin – insanı yalnız geriyə salır. Amma bir iş də var ki, bəzən yüksək dünyəvi təhsili olanlar da əşyalara, müqəddəsləşdirilmiş nəsnələrə inanır.

Yeri gəlmişkən, arada N.Nərimanovun “Pir” povestini də oxuyun.

Bəxtiyar Hacıyev

İstinad: oxu.az