“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın edib

0
60

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Georgios Karaiskakis” stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur.

İstinad:Report

terefsiz.az