“Müharibədən öncə və müharibə vaxtı Ermənistanın yalnız 2 diviziyası Qarabağda olub. Bunun adı da Ermənistanın I Ümumqoşun Ordusu idi. Onun tərkibində isə 18-ci diviziya var idi. Onlar cənub, xüsusən də Cəbrayıl, Füzuli, Ağdam istiqamətində dayanırdılar. Digər bir diviziya isə 10-cu dağatıcı diviziyası idi. Onlar isə Ağdərə, Suqovuşan, Xocavənd istiqamətində mövqelənmişdilər. Bunların hər ikisinin də qərargahı Xankəndidə yerləşirdi”.
Terefsiz.az xəbər verir ki, Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev hazırda sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə mövqelənmiş separatçı rejimin “müdafiə ordusu” barəsində danışarkən deyib.
E.Şıxəliyev xatırladıb ki, müharibədən sonra cənubdakı 18-ci diviziya sıradan çıxarıldı:
“Sülhməramlıların müvəqqəti nəzarəti altında olan bölgədə isə 10-cu dağatıcı diviziyanın bölmələri qaldı. İndiki halda isə orada 1 diviziya qədər qüvvəni yerləşdirmək mümkündür. 10-cu dağatıcı diviziyanın tərkibində isə 3 alay var idi. Biri Ağdərə, biri Suqovuşanda, biri isə qərargahının yerləşdiyi Şuşanın Böyük Qaladərəsi kəndində.
Deməli, “müdafiə ordusu”nda onların sadəcə 1 diviziya qüvvələri qalıb. Əgər 6 min nəfəri iştirak strukturuyla, 3 alayı da ehtiyat bölmələri kimi nəzərə alsaq, o cümlədən muzdluları da buraya daxil etsək, 6-8 min arasında silahlı bölgədə ola bilər. İndi də onların qəragahı Xankəndidədir. Biz nə qədər onlara qeyri-qanuni hərbi birləşmələr desək də, reallıq belədir ki, bunlar hərbi strukturdur. Hərbi struktur da diviziya deyilən hərbi birləşmənin tərkibidir”.
Polkovnikə görə, bunun içərisində xidmətdə olanların 3 kateqoriyası var:
“Birinci, müharibədən sonra Qarabağda qalanlardır ki, bunlar da xüsusən, zabit və gizirlərdir, – onların arasında Ermənistandan olanlar da var – digərləri isə ətraf ərazilərdən muzdlu kimi gələnlərdir. Çünki Qarabağ ermənilərin əsas gəlir mənbəyi müddətdən artıq hərbi xidmətdə çalışmaqdır. Nəzərə alsaq ki, bunların hamısını da Ermənistan maliyyələşdirir, deməli, buradakı qeyri-qanuni hərbi birləşmələrin hamısı birbaşa Ermənistana aiddir. Çünki maliyyəni kim verirsə, tabeçilik də ondadır. Ona görə ki, Qarabağ separatçıların o qədər ciddi resursları yoxdur ki, bu qədər silahlını saxlasın”.
Müsahibimiz bildirib ki, Ermənistan tərəfi üçtərəfli bəyənatdan sonra söylədi ki, guya Ermənistan vətəndaşı olan hərbçilər Qarabağdan çıxarıldı və yeni çağırışçılar daha göndərilmir:
“Amma biz bilirik ki, Qarabağdakı əhalinin hamısı beynəlxalq statusa görə, Ermənistan pasportlarını daşıyırlar. Çünki onlar xarici ölkəyə gedəndə Ermənistan vətəndaşı kimi tanınırlar. Yəni onlar nə qədər bu söz oyununu oynasalar da, Qarabağın bir statusu yoxdur deyə, öz ordusunun olması da absurddur. Bunun da həm maliyyə, həm texniki, həm də hərbi dəstəyi bilavasitə Ermənistana aiddir”.
Hərbi ekspert iddia edib ki, əgər Ermənistan deyirsə ki,bu birləşmələr Ermənistana aid deyil və nəzərə alsaq ki, Qarabağın da statusu yoxdur, onda həmin silahlı birləşmələri terrorçu qruplaşma kimi tövsif edə bilərik:
“Beynəlxalq hüquqa görə, əgər hərbi birləşməsənsə, hansısa dövlətə aid olmalısan. Ya Ermənistan bunun özününkü olduğunu deməlidir, ya da biz bunları terrorçu kimi tanımalıyıq”.
Ekspert vəziyyətdən çıxış yolunu da göstərib: “Üç variantı var: ya hərbçilər silahlarını yerə qoymalı, ya Ermənistana çıxıb getməli, ya da Azərbaycan antiterror əməliyyatı keçirib bunları məhv etməlidir.”
Rafi MÜSLÜMOV