Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərin nümayəndələri ilə Yevlax və Xocalı şəhərlərində baş tutan görüşlər barədə açıqlama yayıb.
Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
Bildirilir ki, Qarabağın erməni sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.
Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
terefsiz.az