“Qarabağ”ın futbolçusu Yassin Benzia müsəlmanlara qarşı irqçilikdə günahlandırılan Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltyeni tənqid edib.
29 yaşlı yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram səhifəsində post paylaşıb.
“Doğrudur, yalan tez yayılır. Amma həqiqət gec də olsa, üzə çıxır”, – təcrübəli oyunçu yazıb.
“RMC Sport” nəşri hesab edir ki, fransalı futbolçu bununla həmyerlisi olan 57 yaşlı mütəxəssisin müsəlmanlarla bağlı səsləndirdiyi irqçi fikirlərə qarşı çıxıb.
Təcrübəli baş məşqçi “Nitsa”da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.
Qeyd edək ki, Yassin Benzia 2017/2018 mövsümündə “Lill”də Kristofer Qaltyenin rəhbərliyi altında çıxış edib.