Türkiyəli ehtiyatda olan polkovnik Ersan Ergür Rusiyanın S-400 zenit-raket komplekslərini Türkiyəyə çatdırmasını və ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasını dəyərləndirib.
Terefsiz.az xəbər verir ki, “Yeni Akıt” nəşrinə danışan polkovnik S-400 və F-35 mövzularının Türkiyənin “dostlar”ının gerçək üzlərini ortaya çıxardığını söyləyib.
“ABŞ-ın sanksiya təhdidlərinə qarşı Türkiyənin dik duruşu bütün dünyaya nümunə olub. Tarix bunu yazacaq. Bu, ABŞ-ın dünya hegemonyasının sona çatmasıdır. Baş verənlərdə Türkiyənin imzası olacaq”, – o qeyd edib.
Onun sözlərinə görə, 1974-ci ildə Kipr Barış Hərəkatı zamanı tətbiq olunan embarqo Türkiyədə yerli və milli layihələri təşviq etdiyi kimi, indiki proseslər də Türkiyəni daha yaxşılarını əldə etməyə təşviq edəcək.
“Əslində Türkiyə “Mən Suriyada varam, bu bölgə mənim bölgəm” dediyi zaman ABŞ-ı itirdi. Yəni, Türkiyənin ABŞ-la müttəfiqliyini itirdiyi tarix S-400-lərin gəlişi tarixi deyil, bölgədə söz sahibi ola bilmək üçün etdiyi cəhdlərin tarixidir”, – ehtiyatda olan polkovnik əlavə edib.
Polkovnikin sözlərinə görə, ABŞ-ın əsas dərdi Türkiyənin S-400 sistemlərini daha da inkişaf etdirmək niyyətinin olmasıdır.