Qlobal buğda bazarındakı qeyri-müəyyənlik Azərbaycana necə təsir edəcək?

0
165

Xeyli vaxtdı qlobal buğda bazarı dərin böhran içindədir. Bunun kökü hələ koronavirus pandemiyası dövrünə gedib çıxır. Belə ki, 2020-ci ildən etibarən COVID-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimlərinə görə təchizat zəncirlərində pozulmalar baş verdi. Eyni zamanda iqlim dəyişikliyi ilə əlaqədar olaraq formalaşan anomal hava şəraitindən dolayı ixracatçı ölkələrdə istehsal göstəriciləri aşağı düşdü. Böhranı dərinləşdirən son amil isə bu ilin fevralında Rusiyanın Ukrayanaya qarşı başlatdığı müharibə oldu.

Belə ki, buğdanın qlobal ixracının 29 %-i məhz bu iki ölkənin payına düşür. Adətən Qara dəniz regionundan buğda tədarükü yayda sürətlənirdi. Lakin Ukrayna limanlarının Rusiya hərbi gəmiləri tərəfindən bloklanmasından dolayı avqust ayına kimi dəniz vasitəsilə buğda ixrac etmək mümkün deyildi. Xarici alıcılar üçün nəzərdə tutulan 25 milyon ton buğda Ukraynada yığılıb qalırdı. Polşa və Rumıniya istiqamətində qurudan ixrac kanalı açılsa da onun otürücülük qabiliyyəti dəniz vasatəsilə daşınmalardan dəfələrlə az idi. Belə ki, müharibəyə kimi Ukrayna dünya bazarına aqrar məhsulların 90 %-ni məhz limanlar vasitəsisə çıxarırdı. Türkiyənin vasitəçiliyi ilə ötən ayın 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü. Bu vaxta kimi kifayət qədər vaxt itirildiyinə görə bu halın tələblə təklif arasındakı disbalansı aradan qaldıracağı az inandırıcı görünün. Məhsuldarlıq və ixracla bağlı bədbin proqnozlarda bunu təsdiq edir. Cari mövsümdə Ukraynada 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır.

Qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin 2021/2022-ci məhsul ili ilə müqayisədə 2022/2023-cü məhsul ilində 19 milyon ton azalaraq 1 milyard 052 milyon ton olacağı təxmin edilir. Qara dəniz regionu ölkələri qrupu üzrə isə əvvəlki məhsul ilinə nəzərən 2022/2023-cü məhsul ilində istehsal həcminin 4,25 % azalaraq 128,4 milyon ton olması, ixracın isə 3,71 % azalaraq 59,7 milyon ton olması gözlənilir.

Göründüyü kimi dünya üzrə buğda istehsalı və ixracı ilə bağlı gözləntilər ürək açan deyil, bu isə həmin məhsula olan tələbatının əhəmiyyətli hissəsini xarici mənbələr hesabına təmin edən ölkələr üçün əlavə risklər yaradır. Belə ki, bu gün dünyada heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarından deyil. Bütün ölkələr bu və ya digər formada idxaldan asılı vəziyyətdədir. Azərbaycan da bu mənada istisna deyil. Ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. 2021-ci ildə buğda istehsalı 1 milyon 885 min ton olub. Bu il 985,7 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 %) buğda təşkil edib. Ötən illə müqayisədə bu il payızlıq və yazlıq buğdanın əkin sahəsi 4,4 % azalıb.

Buğda istehsalı ilə bağlı müxtəlif ölkələr qrupunun təcrübəsi göstərir ki, özlərini buğda ilə tam təmin edən ölkələr ya geniş ərazilərdə torpaq resurslarına malikdirlər, ya da zəruri həcmdə su resurslarına və uyğun iqlim şərtlərinə malik olmaqla suvarmaya əsaslanan intensiv texnologiyaların tətbiqi hesabına yüksək məhsuldarlıq göstəricisinə görə kifayət qədər məhsul istehsal edirlər. Dünyanın ən böyük buğda ixracatçıları olan ölkələrdə bir təsərrüfata düşən torpaq ölçüsü göstəricisi dünya və digər ölkələr üzrə orta göstəricidən dəfələrlə yüksəkdir. Məsələn Avstraliyada bu göstərici 3 243 hektar, Rusiyada 240-280 hektar, Kanadada – 273 hektar, Ukraynada 100 hektar təşkil edir. Azərbaycanın isə öz tələbatını tam ödəyəcək həcmdə buğda istehsal etmək üçün geniş əkin əraziləri yoxdur. Ölkənin təqribən 3,2 milyon ton buğdaya olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün mövcud məhsuldarlıq (31,4 sent/ha) səviyyəsində təqribən 1 milyon hektar (mövcud əkindən əlavə təqribən 400 min hektar), orta məhsuldarlığın perspektiv (35 sent/ha) səviyyəsində isə təqribən 915 min hektar (mövcud əkindən əlavə təqribən 315 min hektar) sahə tələb olunur.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan buğda un istehsalı ilə yanaşı, həm də yem məqsədilə istifadə edilir. Belə ki, kiçik və orta ölçülü torpaq sahələrinə malik olan təqribən 200 min ailə kəndli təsərrüfatı istehsal etdikləri buğda və digər taxıl məhsullarını yem kimi öz təsərrüfatlarında istifadə etməklə ölkədə südün 96 %-ni, mal və qoyun ətinin 98-99 %-ni, quş ətinin isə 54 %-ni istehsal edir.

Bu ilin 1 avqust tarixinə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrinin 97,3 %-i biçilib və 2 milyon 831 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % az məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilən məhsul 30,5 sentner olub. Bu isə qarşıdakı aylarda da buğda idxalının davam edəcəyi anlamına gəlir. Azərbaycan ənənəvi olaraq buğdanı Rusiyadan alır. Ötən il Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i onun payına düşüb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan xaricdən 143 milyon ABŞ dolları dəyərində 401 min ton buğda alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 % çoxdur, kəmiyyət olaraq – 0,2 % azdır. Hesabat dövründə Rusiyadan 92,212 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,6 % azalıb) 250 min 703 ton (-35,5 %), Qazaxıstandan 50,753 milyon ABŞ dolları dəyərində (16 dəfə artıb) 150 min 046 ton (+12 dəfə) məhsul gətirilib.

2020-ci ildə Azərbaycan 1,4 milyon ton buğdanı xaricdən 297 milyon ABŞ dollarına alıbsa, 2021-ci ildə 1,15 milyon ton buğdaya 332 milyon ABŞ dolları ödəyib. Yəni idxalın həcmi azalsada dəyəri 12 % artıb. Son bir ildə isə idxal olunan buğda 82 ABŞ dolları və ya 77 % bahalaşaraq iyunda bir ton üçün 402 ABŞ dolları təşkil edib.

Bu, bilavasitə dünya bazarında cərəyan edən proseslərin nəticəsidir. Belə ki, Rusiyanın Ukrayanaya qarşı başlatdığı müharibə buğdanın qiymətlərinin kəllə çarxa çıxmasına səbəb olub. Qlobal bazarda buğdanın ixrac qiymətləri qısa müddət ərzində 2022-ci ilin fevral ayındakı 320-340 ABŞ dolları/ton səviyyəsindən martın əvvəlində, xüsusilə də ABŞ birjalarında füçers müqavilələri üzrə 530-540 ABŞ dolları/ton səviyyəsinə qədər yüksəldi. ABŞ bazarında buğdanın qiyməti 2019-cu ilin göstərici ilə müqayisədə bu ilin iki rübün nəticələrinə görə 97 % artaraq bir ton üçün 415,2 ABŞ dollarına çatıb. Son bir il ərzində buğdanın ABŞ bazındakı qiyməti 44,2 % artıb. Rusiyadan ixrac edilən buğdanın qiymətində də 2022-ci ilin mart ayından kəskin artım müşahidə edilir. Son bir ildə buğdanın Rusiya bazarında ixrac qiyməti 62 % artaraq iyunda bir ton üçün 423,3 ABŞ dolları təşkil edib.

Hesabat ayında buğdanın 1 tonunun minimum qiyməti Qara dəniz limanlarında 420 ABŞ dolları, Azov dənizi – 395 ABŞ dolları olub.

Dünya bazarında cərəyan edən proseslər Azərbaycanın daxili iastehsalına da təsir göstərib. Belə ki, bu ilin iyununda Azərbaycanda istehsal olunan buğdanın bir tonunun qiyməti 610 manat olub ki, bu da bir il əvvəlki göstəricidən 220 manat və ya 56 % çoxdur.

Əksər proqnozlara görə, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli ola bilər. Bu isə qlobal buğda bazarındakı qeyri sabitliyin davamalı ola biləcəyinə işarə edir. Belə bir şəraitdə təklif çatışmazlığının dərinləşməsi qaçılmazıdır ki, bu da öz növbəsində buğda qiymətlərini sonrakı artımını stimullaşdıracaq. Hökümət səviyyəsində həyata keçirilən önləyici tədbirlərin effektivliyinə baxmayaraq onlar mənfi təsirləri tam şəkildə neytrallaşdırmaq üçün yetərli olmaya bilərlər.

Mənbə:”Report.az”

 terefsiz.az