“Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin”.
“Terefsiz.az” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis stadiondakı möhtəşəm atmosferə görə azarkeşlərə təşəkkür edib: “Təşkilatçılara minnətdarlığımı bildirirəm. Oyundan çox razı qaldım. Məncə, baxımlı qarşılaşma oldu. Çoxlu qol epizodları var idi. Belə oyunlar futbola sevgini daha da çoxaldır və bizə böyük təcrübə verir. İşimizə görə çox şey qazandıq. Oyunun mahiyyətini bilirik. Yardım məqsədi ilə keçirirdik. “Qalatasaray” uğurlar arzulayıram. Çox yaxşı kollektivdir, çempionatda liderdirlər”.
O, İstanbul təmsilçisinin Bakıya gec gəlib tez qayıtmasına münasibət bildirib: “İnciyəcək bir şey yoxdur. Xırda detallara görə narazılıq etmək bizə düşməz. Böyük klubdur. Onların hər saatı əhəmiyyətlidir. Bəzən biz özümüz də səfərlərdə tələsirik. Bu, ilk görüşdür. İndiyədək belə bir oyun yadıma gəlmir. Həmişə çatışmazlıqlar olur. Əsas oyunun mahiyyətini düşünməliyik. Dostlarımızdan, qardaşlarımızdan küsməyə haqqımız yoxdur. Belə bir fikir olmaması daha yaxşı olar. Onları gülə-gülə, təşəkkür edərək yola salırıq”.
Baş məşqçi FIFA referisi Əliyar Ağayevin son dəqiqələrdə Ağdam klubunun qapısına penalti təyin etməsinə də toxunub: “Nə kiməsə borclu qalmaq istəyirik, nə də kimdənsə borc almaq. Heç nəyə ehtiyacımız yoxdur. Qayda pozuntusu var idi ki, penalti verdi. VAR sisteminin olduğu deyilirdi. Deməli, doğru qərardır ki, baxmadılar. Belə şeylərə görə hakimlərin üzərinə getmək düzgün olmaz. Yoldaşlıq matçı olsa da, idarə etmək asan deyildi. İlk hissədə rəqib komandadan narazılıq edənlər oldu. Onları başa düşmək olar. Çox bahalı futbolçuları var, belə matçda zədələnmək istəməzlər. Biz də istəmərik”.
O, “Qarabağ”ın heyətində “Qalatasaray”da oynaya biləcək futbolçuların olduğunu istisna etməyib: “Sayla bağlı dəqiq cavab verə bilməyəcəyəm. Mənim futbolçularım burada oynamağa daha layiqdirlər. Tam fərqli çempionatlar, kollektiv, oyun üslubudur. Amma hər bir futbolçumu orada görmək istəyərəm. Bəlkə də tez uyğunlaşarlar. Burada onların ustalığını daha yaxından gördüm. Onlara söz yoxdur. Bu, hər epizodda, topla davranmalarında görünürdü. Burada “Qalatasaray”ın oyunçularına daha çox dəyər verdim”.
Təcrübəli mütəxəssis gələcəkdə belə matçların təkrarlanmasını istədiyini əlavə edib: “Bu cür oyuna görə “Qalatasaray” rəhbərliyinə təşəkkür edirəm. Çox istərdim ki, Azərbaycan və Türkiyə çempionatları bir olsun. Bu oyun çox gözəl başlanğıc oldu. Belə qarşılaşmalar futbolu azarkeşlərə sevdirir, oyunçulara inam verir. Bu gün çempionatlar arasında fərq böyükdür. Amma belə oyunlar olduqca hər kəsin futbola sevgisi daha da böyüyür. Bu cür matçların daha çox olmasını istəyərik. Qardaşlarımızla belə oyunlar keçirməkdən şad olarıq. Türkiyə xalqına, futboluna uğurlar arzulayıram. Biz həmişə bir-birimizin yanındayıq”.
Qurbanovun sözlərinə görə, milli komandadakı futbolçular heyətdə olsaydı, daha baxımlı futbol göstərərdilər: “Nəticəni deyə bilmərəm, amma daha yaxşı oyun ola bilərdi. Sonadək yuxarı tempdə davam edə bilmədik. “Qalatasaray”da da çatışmazlıqlar var idi”.
Baş məşqçi Bakı Olimpiya Stadionunda “Qalatasaray” azarkeşlərinin sayının çox olmasından da söz açıb: “Rəsmi matç olsaydı, bizim azarkeşlərimiz daha çox olardı. Digər tərəfdən, hamısını öz fanatlarımız kimi hiss edirdim. Hər şeydən razı qaldım”.