Qurban Qurbanov: “Qapıdan başlayaraq bütün xətlərə futbolçu axtarırıq”

0
234

Qurban Qurbanov: “Qapıdan başlayaraq bütün xətlərə futbolçu axtarırıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra “Report”a müsahibə verib.

Terefsiz.az saytı müsahibəni təqdim edir:

– Avstriya toplanışına gedənədək belə qarşılaşma keçirmək planda yox idi. Özü də millidən qayıdan futbolçulardan yalnız Rahil Məmmədova şans verdiniz. Ümumilikdə bu oyunu necə dəyərləndirirsiniz?

– Rahil ən az oynayan futbolçularımızdan biridir. Həm də millidə Slovakiyaya qarşı oynamamışdı. Oa görə istədim ki, bir az meydanda olsun. Bakıdakı hazırlıq müddətində minimum ikitərəfli oyun, hansısa rəqib tapılacağı halda isə yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Sonda belə bir variantımız çıxdı ki, “Səbail”lə qarşılaşaq. Gördüyünüz kimi, hər hissə 30 dəqiqə oldu. Məşq xarakterli belə bir oyun keçirdik. Düşünürəm ki, hər iki komanda üçün faydası oldu.

– 30 dəqiqə nə ilə bağlı idi: məşq xarakterli olduğuna, yoxsa isti havaya görə?

– Yox, hava şəraiti ilə bağl deyildi. Sadəcə, futbolçular hələ 90 dəqiqə oynamağa hazır deyillər. Açığı, iki 30 dəqiqədən də bir az narahatlığım var idi. Bu matçda istər-istəməz mübarizə tam fərqli olur, fərdi keyfiyyətlər daha çox önə çıxır. Futbolçular hazır olmayanda bu komponentlərdən ehtiyat edirəm. Düşünürəm ki, maraqlı qarşılaşma oldu.

– Qeyri-rəsmi oyunda oğlunuz – mərkəz hücumçusu Musa Qurbanlını əsas heyətdə gördük. Necə təsir bağışladı: nə çatmır, nədə artırmalıdır, nə xoşunuz gəlmədi?

– Təkcə Musa yox, bir çox futbolçular haqda belə fikir bildirmək düzgün olmazdı. Musa ilə yanaşı, gənc futboçularımızın əsas heyət oyunçularmızla bir yerdə olmalarını istədik. Əlbəttə, hələ üzərlərində çox işləməlidirlər. Onlardan biri də Musadır. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox – təkcə mənim yox, hər bir baş məşqçi üçün bunu demək düzgün olmaz.

– Yay “transfer pəncərəsi” yenə qayığılı dövrdürmü?

– Həmişə olduğu kimi çətindir. Anaq müsbətə doğru irəliləyiş var. Konkretləşəndə, tam adları açıqlayacağıq.

 Artıq neçə futbolçu ilə anlaşmaq üzrəsiniz?

– Anlaşmaq üzrə olduğumuz yalnız ispaniyalı futbolçu Xayme Romero Rodrigesdir. Digərləri ilə isə hələlik müsbətə doğru danışıqlar gedir.

– Klub prezidenti Abdulbari Gözəl “Report”a müsahibəsində bu mövsüm daha yaxşı transferlərin olacağını bildirib. Demək olarmı ki, qiymət və səviyyə baxımından daha fərqli transferləriniz olacaq?

– Həmişə istəmişik ki, yaxşı transferlərimiz olsun. Sadəcə, bizdən asılı olmayan anlar var. Hansıları ki, sonadək gözləyirik. Çox futbolçu hətta “transfer pəncərəsi”nin son gününə kimi tam cavab vermir. Daha yaxşı çempionatlarda iştirak etmək, daha yaxşı komandalarda oynamaq istəyirlər. Ona görə bizə son variant kimi baxırlar. Hər il olduğu kimi, bu il də yaxşı transferlər etmək istəyirik. Amma nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hətta bir istədiyimiz transfer əldə etdikdə buna sevinirik. Bugünkü durum elədir ki, Türkiyədə legioner limiti götürüldükdən sonra bizə bir az daha çətin olur. Cənubi Koreya, Yaponiya variantları çıxandan, ərəblər böyük pullar verəndən sonra bizim üçün transferlər çox çətin olub. Bu zaman variantlarımız çox az olur. Yəni, bir-iki istədiyimiz transferi etsək, buna sevinərik.

– Yerli oyunçu transferi gözlənilir?

– Bu gün üçün görünmür.

– Hansı mövqelərə və neçə legioner almağı nəzərdə tutmusunuz?

– Qapıdan başlayaraq, hər xəttə futbolçu axtarırıq.

– Cənubi afrikalı futbolçu, keçmiş hücumçunuz Dino Ndlovunun həmyerlisi Hendrik Eksteynin də adı çəkilir. Meneceri Azərbaycandan təklif aldıqlarını açıqlayıb...

– İstədiyimiz, maraqlandığımız, danışdığımız futbolçulardan biri ola bilər. Təkcə afrikalıya görə yox, ümumiyyətlə, deyirəm. Yəqin ki, o da belə oyunçular sırasındadır.

– Sizə ilk növbədə, hücumun sivri ucuna futbolçu lazımdır. Çünki yeganə mərkəz hücumçunuz Mahir Mədətovdur. Alacağınız ispaniyalı isə vingerdir. Halbuki, yarımmüdafiə xəttinizin cinahlarında sıxlıq var…

– Romero sağda da oynaya bilir, solda da, hətta hücum xəttində də.

– Donald Gerrye gah sağollaşdı, gah da dediniz ki, yeni müqavilə imzalayırsınız. Özü isə açıqlama verib ki, gözləyirəm. Son durum necədir?

– Bu günə olan danışıqlar müsbətdir. Gerrye buradan gedəndə bizimlə anlaşıb getmişdi. Kağız üzərində deyildi, amma şifahi razılaşmışdıq. Sonra belə bir açıqlama oxudum. Ancaq məncə, bundan sonra dərhal fikrini dəyişdi. Xırda detalları açıqlamağı ehtiyac yoxdur.

– Gerrye ilə ümumi razılıq ədə olunub?

– Onunla danışıqlarımız müsbətə doğru gedir. Görüdən odur ki, böyük ehtimalla, “Qarabağ”da qalacaq.

– Bəs Mahir Mədətov necə, “Qarabağ”da qalacaq, yoxsa gedəcək? Onunla bağlı xaricdən təklif almısınız?

– Biz istənilən futbolçumuzun yaxşı komandada oynamasını istəyirik. Amma yenə deyirəm: Mahirlə bağlı rəsmi heç bir təklf yoxdur.

– Millinin Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə oyunları haqda fikirləriniz necədir?

– Macarıstan və Slovakiya ilə qarşılaşmaları stadiondan izlədim. Həmişə milliyə uğurlar arzulayıram və əlbəttə bir azərbaycanlı olaraq komandanın daim yanında olmağa çalışmışam. Hətta məğlub olanda da. Düşünürəm ki, gələn qarşılaşmalarda daha yaxşı oynayacaqlar.

– Millinin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviç açıqlama vermişdi ki, ən yaxşı baş məşqçiniz Qurban Qurbanov Maltanı uda bilməmişdi. Onu oxuyanda hansı hissləri keçirdiniz və özlüyünüzdə nə düşündünüz?

– Bilirsiniz ki, belə fikirlər önəm verən deyiləm. Yurçeviçlə normal münasibətlərimiz olub. Digər tərəfdən, bu deyilənlər ətrafında çox danışmaq, məncə, düzgün olmaz. Çalışmaq lazımdır ki, bir az qıraqda olaq, hər şey qaydasında olsun.

– Oyundan sonra “Bilərəkdən zəif oynayırlar, can qoymurlar” deyə “Qarabağ”ın futbolçularını hədəfə götürən yazılar çıxdı…

– Bilərəkdən oynamamaları ilə bağlı “Qarabağ” futbolçuları barədə çoxlu fikirlərin olduğuna inanmıram. Ümumiyyətlə, belə şeyləri xoşlamıram ki, günahı futbolçunun üzərinə ataq. Əlbəttə, problemimiz var, lakin günahı tək-tək futbolçuların üzərinə atmağın tərəfdarı deyiləm. Ümumiyyətə, belə fikirlərə münasibət bildirmək düzgün olmaz. Həmin futbolçulara güvənirəm. Onlar 8-10 ildir Azərbaycan Milli Komandasının şərəfini qoruyurlar. Özü də ürəklə, inamla çıxış edirlər. Bu futbolçuların o psixoloji sıxıntıdan çıxmaları lazımdır. Onsuz da azərbaycanlı futbolçuların sayı azdır. Onlar hadqa belə fikir bildirmək düzgün olmaz.

– Sizcə, həmin futbolçuların potensiaları bu idimi ki, 1:3 və 1:5 hesabları qeydə alındı?

– Məncə, müzakirələrdə çox uzağa gedirik.

– AFFA İcraiyyə Komitəsinin son iki iclasında iştirak etməmisiniz…

– Slovakiya ilə matçdan sonrakı təcili toplantından xəbərim yoxdur. “Dalğa Arena”dakı iclasa dəvət gələndə isə bildirmişdim ki, iştirak edə bilməyəcəyəm, üzrlü hesab edin. İcraiyyə Komitəsində isə fəaliyyətimi davam etdirirəm.

Terefsiz.az