“Oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur”.
“Terefsiz.az”ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Macarıstanda “Fehervar”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, komanda meydanda əlindən gələni edəcək: “Həm öz azarkeşlərimizi, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının oyuna tam köklənməsi sevindiricidir”.
Baxşıyevin sözlərinə görə, avrokubok görüşləri fərqli olur: “Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.
Qeyd edək ki, iyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.