Rəhmətlik Akademik Tofiq Hacıyevin Bənövşə Mahmudqızının şeirləri haqqında fikirləri

0
381

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Tofiq Hacıyevin Bənövşə Mahmudqızının ” Ədəbiyyat ” qəzetində çap olunmuş şeirlərinə qəzetə göndərdiyi məktubda verdiyi şərhlər:

” Qəzetin 10 – 11- ci səhifələrini qarşımda bütöv açmışdım. Mövlanadan sola keçdim, düzü, səhifələyəndə bu şeirləri oxumaq planımda yox idi. Gözümü Mövlanadan sola köçürəndə ” Yalquzaq ” şeirindən bir neçə misra oxudum, dili məni tutdu, axıracan oxudum. Bu şeiri xoşuma gəldiyi üçün Bənövşə Mahmudqızının o biri iki şeirini də oxudum. Onlar da gözəldi. ” Eşitdim ki, körpən olub ” şeiri Füzulidən bir məqamı yadıma saldı: Zeyd müjdə gətirir, Məcnunu muştuluqlayayır ki, İbn Səlam öldü. Məcnun hönkür – hönkür ağlayır. Deyir ki, ” O, mənim düşmənim deyil, dostum idi “. Hətta İbn Səlama həsəd aparır, deyir ki, Leyliyə də məndən əvvəl qovuşdu, Haqqın hüzuruna da məndən əvvəl getdi. Yəni Məcnun, necə deyərlər, öz rəqibinə ( konkurentinə ) kin – kudurət bəsləmir. Bənövşə xanımın qəhrəmanı, şeir ” mən ” i məcnunsifətlik edir: ilk sevgisinin subyekti evlənibmiş. Eşidir, bəs Məcnundan da o yana keçir: halını pozmur, hətta sevinir, Allaha and da içir: ” Sevindim, vallah sevindim ” – deyir. Ancaq sevincinin əsası bu subyektin doğulmuş körpəsinin qız olmasıdır. ” Adım kimi əminəm ” misrasından belə də anlamaq olar ki, bəlkə ilk məhəbbətinin subyekti qızına onun adını verib. Ancaq hər kəs əkdiyinin bəhrəsini görər fikrinin məxrəcindən gələn bu ” Dərs verəcək o sənə: Bəxtlərin ən qarasın, Bədbəxtliyin əlasın Yaşadacaq o sənə ” misraları ilə qızının gələcəkdə gəlinlik həddinə çatanda bu subyektin ona yaşatdığın öz atasına yaşadacağına əminliyini bildirir. Bu, məcnunluğun müasir məcnunəliyidir. Şeir orijinaldır, dili aydın bədii məntiq üstündə durur, təşbehləri, qafiyələri gözəldir. Təhlil edən olsa, geniş təhlilə yarayan şeirdir.

Ədəbiyyat qəzeti ( 28 noyabr 2014 – cü il )

Terefsiz.az