Rəcəbov Məmmədyarovun Norveç turnirinin qalibi olmasına imkan verməyib

0
117

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilməyib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovu məğlub etməyi bacarmayıb.

Son turadək norveçli dünya çempionu Maqnus Karlsen 15 xalla 1-ci, Məmmədyarov 14,5 xalla 2-ci, Rəcəbov isə 6,5 xalla 9-cu pillədə idi.

Karlsen bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla görüşündə heç-heçə etsə də, onu armageddonda yenib. Nəticədə dünya çempionu xal sayını 16,5-ə çatdırıb.

Bu halda Məmmədyarova Rəcəbov üzərində klassik partiyada yalnız qələbə sərf edirdi. Lakin o, bunu bacarmayıb. Görüş heç-heçə başa çatdığı üçün armageddon oynanılıb. Bu partiyada da heç-heçə qeydə alınıb. Bununla belə, Rəcəbov qara fiqurlarla oynadığı üçün qalib elan olunub və 8 xalla 10 iştirakçı arasında 9-cu yeri tutub. Məmmədyarov isə 15,5 xalla 2-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) olub.

 

TEREFSİZ.AZ