Qadın
Gəlmir gələcək ərim, gəlməsə duracağam,
Hələ ki, baxmamışam üzünə, göz-qaşına.
Demişəm ki, qırmızı qızılgül vuracağam,
Paltomun yaxasına, ürəyimin başına.
Gülü görüb biləcək axtardığı qız mənəm,
“İyirmi üç yaşım var” – belə yazmışam ona.
Kaş yalan deməyəydim, lap külbaşın biriyəm,
Görən məni görəndə nə deyəcək o buna?
Mən axşam qəzetinə belə elan vermişdim:
“Ər axtarır tənha qız” – arsızlıqdır, razıyam.
Sonra özüm özümə qəhqəhəylə gülmüşdüm,
həm də ki, ağlamışdım, neyləməli, tənhayam…
Otuz doqquz yaşım var, ümidsizəm nəyi var,
Nə qədər ki, gec deyil, ev, uşaq istəyirəm.
Daha cavan deyiləm, ötüb gedib o qatar,
Gülü atıb gedimmi? Yox, hələ dözməliyəm.
Artıq bir saat keçib, gözləyirəm mən hələ,
Çox rahat olmalıydım, amma qəmginəm yaman.
Onu görmək istərdim, səbəbsiz, elə-belə,
Ah çəkib demək üçün: “Budur sevdiyim oğlan.”
Ax həyat, zalım həyat, kədərin yaman çoxdur,
Qarson, kremli qəhvə. Söz yox “əşşi”dən başqa.
Artıq saat doqquzdur, bir gəlib-gedən yoxdur,
Yan masada oturan qoca kişidən başqa…
Kişi
Saat artıq doqquzdur, o gəlib çıxmalıydı –
saat səkkiz tamamda; nədəndir gecikməyi?
Paltosuna qırmızı qızılgül taxmalıydı,
Mən isə öz yaxama tər-təzə qızçiçəyi…
Ha baxıram görmürəm o qızdan bir əlamət,
Dəyişmək vaxtı çatıb bu ixtiyar eynəyi.
Ancaq dəqiq bilirəm, gül taxmasa o afət,
Ürəyim tanıyardı o sevgili mələyi.
Ax biz yaşlı kişilər, yalançıyıq yamanca!
Guya kişi qocalmır, bu nə axmaq qürurdu.
Ona şəkil yolladım mən gicbəsər, səy qoca,
Tələbəlik şəklimi, onda saçım dururdu…
O bahar üzlü qızsa, bir ayrı cür afətdir!
Niyə yalan danışdım? Odlara yansın dilim.
Yaxamdakı çiçəyi gizlətmək məsləhətdir,
Nə qədər ki, gec deyil durum burdan əkilim.
Gəlmir mənim qadınım, doqquzu keçib saat,
Biz qocalar axmağıq, yaxşısı gedim evə.
Bir fotoya vurulmaq… nə gülməli əhvalat!
Qarson, bakalım boşdur, mənə bir dənə pivə…
Bu da son, evə gedib bir dəmli çay içəcəm,
Bir iş tapıb başımı birtəhər qatacağam.
Əsl filosof kimi tənbəkiyə keçəcəm,
Bu axmaq siqareti biryolluq atacağam.
Dilxordular yazıqlar, vaxt da cəlladdır sanki…
Ümidlə uzadırlar qəhvə, pivə içməyi.
Ətrafa boylananda qəfildən gördülər ki,
O tayda qızılgüldür, bu tayda qızçiçəyi…
Baxışlar sataşanda, qərq oldular sevincə,
Gözlərinə nur gəldi, üzləri gözəlləşdi.
Bu iki yalançının həmin adamsız gecə,
Dodaqları, ürəyi, gələcəyi birləşdi.
Terefsiz.az