Rusiya Dağ Qoşunları Qarabağda… – Müharibə HƏR AN BAŞLAYA BİLƏR

0
254

Rusiya mediası iddia edir ki, Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir. Jurnalist Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir. Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir. Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq. Çünki Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür.

Bundan başqa, Ermənistan mediasında da tez-tez Azərbaycanın hər an müharibəyə başlamaq istəyindən doğan qorxu və təşviş əksini tapır.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlamasında bildirir ki, Ermənistan qorxmaqda haqlıdır:

“Dağlıq Qarabağda separatçı ermənilər ayağa qalxıb orada əhalinin bir qismini təkil edən azərbaycanlıları oradan qovublar. Daha sonra rus ordusunun – 366-cı alayın köməyi ilə Xocalı soyqırımını həyata keçirməklə yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Laçın rayonlarının istilasını həyata keçiriblər. Daha sonra Rusiya Dağ Qoşunların hissələri ilə birlikdə Kəlbəcəri işğal ediblər. İndi lap aydın görünür ki, bir tərəfdə təcavüz edərək özgə torpaqlarını işğal edən dövlət var. Torpaqların insanlarını etnik təmizlənməyə məruz qoyan rejim var. Digər tərəfdə isə təcavüzə məruz qalmış, torpaqlarını itirmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünlə baş-başa qalmış Azərbaycan var. Bir də bu tərəflərin münasibətlərini tənzimləyən beynəlxalq hüquq normaları mövcuddur. Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunması üçün 4 qətnamə qəbul edib. Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə söykənərək istənilən zaman əsrlərlə ərazisinin tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarında həmin ərazidə sonradan məskunlaşan erməniləri Azərbaycan tabe olmağa vadar edə bilər. Yəni anti-terror əməliyyatlarına hər an start verə bilər. Buna müharibə demək doğru deyil. Ermənilər öz hərəkətlərini müharibə adlandıra bilər. Lakin Azərbaycanın həyata keçirdiyi müharibə deyil, torpaqlarının azad olunma təşəbbüsləridir. BMT-nin nizamnaməsinin 51-ci maddəsində də deyilir ki, təcavüzə məruz qalmış ölkə öz torpaqlarını azad etmək üçün özü və ya hər hansı dövlətin qüvvələrindən istifadə edə bilər. Biz hələ ki, öz qüvvəmizlə bunu həyata keçirmək niyyətindəyik. Bu niyyəti açıq şəkildə də bəyan etmişik. Necə yəni, bizim torpaqlarımıza Suriyadan, İraqdan erməni köçülür, məskunlaşdırılır, biz isə bunu seyr etməliyik? Dünyada bu cür ədalət prinsipi yoxdur. Heç dünya ictiamiyyəti də bunu qəbul etmir”.

Politoloqun sözlərinə görə, bu səbəbdən, Azərbaycanın mənəvi haqqı var ki, istənilən zaman istila edilmiş torpaqlara hücum edərək geri alsın və burada məskunlaşmış əhalini və Ermənistan ordusunun əsgərlərini uzaqlaşdırsın: “Buna istər müharibə desinlər, istər anti-terror əməliyyatları desinlər, istərsə də separatçılığa qarşı mübarizə adlandırsınlar, bütün beynəlxalq hüquq normalarında Azərbaycanın cəhdləri haqlı dəyərləndiriləcək. Mütləq həyata keçirilməlidir. Ermənistanın rəsmi nümayəndələri danışıqlara gəlib bizimlə zarafat edir, nağıl danışır, ağlına gələn bəyanatları verir. Danışıqların isə predmetli olmalıdır, nəticə ortaya qoyulmalıdır. Masada müzakirəyə hazır məsələlər olmalıdır. Bunların olmadığı yerdə Azərbaycan sülhə nail olmağı uzun müddət gözləməyəcək. Azərbaycan çox da uzaqda olmayan bir zamanda danışıqları dayandıracaq və Ermənistan o zaman Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və onun komandası ilə danışmalı olacaq. Azərbaycan xalqı da vətəninin müdafiəsinə qalxacaq və bu işi dəstəkləyəcək. Ermənistanın səsləndirdiyi heç bir bəyanat Azərbaycana maraqlı deyil”.

Terefsiz.az