Rusiyanın bir neçə sığorta şirkəti koronavirusla (COVID-19) bağlı sığortalama işlərinə başlayıb.
TASS xəbər verir ki, bu xidmətlə bağlı “AlfaStraxovaniye”, “Tinkoff straxovaniye” və “Arsenal” sığorta şirkətləri məlumat yayıb.
Belə ki, “AlfaStraxovaniye” martın 16-dan “Koronavirus.NET” proqramına start verib. Sığortanın illik dəyəri 2-10 min rubl (46-233 AZN – red.), sığortanın həcmi bir milyon rubldur (23,3 min AZN – red.). Diaqnoz təsdiq edildikdə proqramın variantları arasında seçimdən asılı olaraq, kompensasiyanın həcmi 20 min (466 AZN – red.), 50 min (1165 AZN – red.) və ya 100 min (2330 AZN – red.) rubl müəyyənləşdirilib. Xəstə öləcəyi təqdirdə şirkət həmin şəxsin yaxınlarına bir milyon rubl ödəyəcək. Şirkətdən bildirilib ki, yaxın günlərdə 7-18 yaşlı uşaqların qorunması üçün sığorta variantı da istifadəyə veriləcək.
Analoji məhsulla bağlı bundan əvvəl “Vostoçnıy” bankı da “Arsenal” sığorta şirkəti ilə birlikdə anons etmişdi. “AntiKoronaVirus” sistemi Rusiya ərazisində fəaliyyət göstərir və fiziki şəxsləri ölüm və ya iş qabiliyyətinin müvəqqəti itirilməsi halında sığortalayır. İş qabiliyyətini virus səbəbindən itirən şəxs gün ərzində 3-6 min rubl (70-140 AZN – red.) qazana bilər. Ölüm halında isə xəstənin yaxınlarına 300 mindən bir milyon rubla qədər (7-23,3 min AZN – red.) vəsait ödəniləcək.
“Tinkoff straxovaniye” şirkəti həmçinin 6 martdan etibarən xaricə gedən müştərilər üçün koronavirusa yoluxma riskini tamamilə əhatə edir. Sığortaya müalicə xərcləri, həkim/klinikanın axtarışı, xəstəxanaya yerləşdirmə və ya ambulator müalicə, dərmanların alınması, Rusiyaya daşınması və təcili olaraq geri qaytarılması xərcləri, o cümlədən sığorta olunan şəxslərin yanındakı uşaqların təcili qayıtması daxildir.
istinad:oxu.az