“Finaldakı rəqibimi 5 dəfə məğlub etmişəm. Lakin bu yarışda bir balaca texniki səhv ucbatından qızıl əldən getdi”.
Terefsiz.az xəbər verir ki, bunu II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində ikinci yeri tutan cüdoçu Rüstəm Orucov deyib.
28 yaşlı idmançının sözlərinə görə, finala gedən yolda monakolu Sedrik Bessini, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə qızıl medal qazanmış italiyalı Fabio Bazileni, Ermənistan təmsilçisi Ferdinand Karapetyanı və yunan Georgios Azoidisi məğlubiyyətə uğradıb.
Azərbaycanın “Minsk 2019″dakı bayraqdarı finaldakı rəqibini çox yaxşı tanıdığını deyib:
“Finaldakı isveçli rəqibimi çox yaxşı tanıyırdım. Ani texniki bir səhv məğlub olmağıma səbəb oldu. Əlbəttə çempion olmağıma çox istəkli idim. Çünki növbəti Avropa Oyunlarında iştirak edib-etməyəcəyim sual altındadır. İkiqat Avropa çempionu olmaq istəyirdim. Eybi yox, gələn il baş tutacaq növbəti Avropa çempiontında qızıl götürərəm”.
Rüstəm Orucov bildirib ki, qarşıda dünya çempionatı gəlir və bütün fikirlərini artıq bu mötəbər turnirə yönəldəcək:
“İndi bizə 1 həftə istirahət veriblər. Düzü zədəm var, qabırğam qırılıb. Bu zədəni sağaldan kimi başlayacağam gərgin məşqlərə”.
İstinad: Report.az
Terefsiz.az