Türkiyə “Patriot”lara görə Rusiyanın “S-400” raket sistemlərindən tam şəkildə imtina edə bilməz.
Terefsiz.az saytı “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin yekunlarına dair ölkəsinə qayıdarkən jurnalistlərlə görüşü zamanı bildirib.
Vaşinqtonda prezident Donald Trampla danışıqları zamanı “Patriot” raket sistemlərini satın almağa hazır olduqlarını qeyd edən R.T.Ərdoğan bildirib ki, NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə Amerika ilə sıx əlaqələrə malikdir:
“Lakin müdafiə mənbələrimizi şaxələndirmək milli mənafeyimizin və suveren hüquqlarımızın zəruri parçasıdır. “S-400”lərin müdafiə sistemimizdə yerinə böyük əhəmiyyət veririk. Əlverişli şərtlərlə versəniz, “Patriot”lardan da alarıq. Hərçənd “Patriot”ları alarkən “S-400”ləri tamamilə qırağa qoymaq təklifini də suveren hüquqlarımıza gətirilən məhdudiyyət olaraq görür və əsla düzgün hesab etmirik. Hazırda Yunanıstanın “S-300”ləri var, oraya dair heç belə səslər gəlmədi”.
“F-35” qırıcı təyyarələrlə bağlı proqramda müştəri yox, tərəfdaş qismində iştirak etdiklərini vurğulayan Türkiyə prezidenti Vaşinqtonda keçirdiyi danışıqlar zamanı amerikalı həmkarı Donald Trampı çox daha müsbət, yanaşmalarında daha konstruktiv gördüyünü dilə gətirib.
Terefsiz.az