Rəsmi Bakıdan “Brexit” açıqlaması

0
116

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Brexit”lə bağlı açıqlama yayıb.

Bununla əlaqədar XİN-in Mətbuat xidməti idarəsindən Terefsiz.az-a məlumat verilib:

“Məlum olduğu kimi, cari ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır.

Həmin dövr ərzində tərəflər arasında gələcək münasibətləri tənzimləyən müvafiq sazişin razılaşdırılması və imzalanması nəzərdə tutulur.

Bu xüsusda qeyd etmək istərdik ki, Birləşmiş Krallıq “keçid dövrü” ərzində Aİ ilə Azərbaycan arasındakı ikitərəfli sazişlərə tərəf kimi qalacaqdır. Eyni zamanda, Azərbaycanla Birləşmiş Krallıq arasında gələcək ikitərəfli münasibətlərə dair müvafiq sazişin razılaşdırılması istiqamətində iş davam etdirilir.

Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir.

Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcəkdir”.

istinad:oxu.az