Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Məhəmməd Vaqif oğlu Şəbiyevin doğum gününə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak etdiyi tədbirdə Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıblar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların şərəfli ömür və döyüş yolundan söz açanlar bildiriblər ki, onların vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.
Vurğulanıb ki, Vətən uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.
İstinad:Report.az
terefsiz.az