Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib

0
219

Terefsiz.az saytı xəbər verir ki, Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində xəsarət alan yaralılardan dörd nəfər helikopter vasitəsilə Bakıya göndərilib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın isə Təcili Tibbi Yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

Digər xəsarət alan Elxan Məmmədova onurğanın qapalı travması diaqnozu qoyulub və Şəki MRX-də müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Digər şəxslərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, Suriya vətəndaşları olan S.Hasan, F.Hasan və Al Hasan Samirə bir ailənin üzvüdürlər.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Terefsiz.az