Şəhriyar Məmmədyarov beynəlxalq turnirin ilk gününü 2 qələbə, 1 məğlubiyyət və 1 bərabərliklə başa vurub

0
80

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə start verib.

“Terefsiz.az” xəbər verir ki, Məmmədyarov ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.

Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.

Məmmədyarov ilk günü ümumilikdə 4 qarşılaşma ilə başa vurub.

İkinci matçda qara fiqurlarla oynayan və polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələn qrossmeyster 71-ci gedişdə məğlubiyyətlə barışıb.

“Şah” üçüncü görüşdə niderlandlı Aniş Qirini məğlub edib.

Günün son qarşılaşması kanadalı Erik Hansen ilə olub. Bu oyunda tərəflər bərabərliyə razılaşıblar.

Beləliklə, 4 oyundan sonra 7 xal toplayan Şəhriyar Məmmədyarov turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.

terefsiz.az