Şəkidə qəzalı uşaq bağçası: yağış suları otaqlara dolur, körpələr xəstələnir – REPORTAJ

0
87

Şəkinin Baş Zəyzid kəndində yerləşən uşaq bağçası uzun illər təmir olunmadığından qəzalı və yararsız vəziyyətə düşüb.

“Terefsiz.az” “Report”a istinadən bildirir ki, bu barədə “Report”un Şimal-qərb bürosuna bir qrup valideyn məlumat verib.

Onların sözlərinə görə, hazırda 28 uşağın təlim-tərbiyə aldığı bağçanın artıq bir müddətdir təmir olunması zərurəti yaranıb. İki min nəfərə yaxın sakini olan Baş Zəyzid kəndinin yeganə bağçasının ötən əsrin ortalarında inşa edildiyi bildirilib. Bağça hazırda fəaliyyət göstərsə də, amma buna baxmayaraq standartlara cavab vermir. Bundan əlavə, bağçanın 60 il öncə çəkilən elektrik xətləri köhnə olduğundan tez-tez qısaqapanmalar baş verir. Ona görə də otaqların əksəriyyətində işıq yoxdur və bəzi otaqlar isə sanki zülməti xatırladır.

Müşahidə zamanı məlum olub ki, ümumiyyətlə bağçanın inzibati binası bu vaxta qədər əsaslı təmir olunmadığından dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. Azyaşlıların təlim-tərbiyə aldığı bu təhsil ocağının dam örtüyü və tavanı uçmaq üzrədir. Dam örtüyündə yaranan dəliklərdən tökülən yağış suyunun qarşısını almaq üçün bağçanın işçi heyəti tərəfindən döşəməyə qablar düzülür və bununla da otaqların su altında qalmasının qarşısını almağa çalışırlar.

Bağçaya övladlarını və nəvələrini gətirənlər körpələrin başına gələ biləcək hər hansı bir xoşagəlməz hadisədən qorxduqlarını bildiriblər. Çünki, bağçanın divarları çat, döşəməsi qırıq, tavanı isə çökmüş vəziyyətdədir. Valideynlərin sözlərinə görə, soyuq aylarda otaqların qızdırılması çətin olduğundan uşaqlar bağçada tez-tez xəstələnirlər.

Eyni zamanda, mövcud vəziyyət bağçada uzun illərdir çalışan tərbiyəçiləri də narahat edir. Onlar da “Report”un yerli bürosuna açıqlamasında artıq şəraitli bir binada işləmək istədiklərini söyləyiblər. İşçilərin sözlərinə görə, bağçada normal qaydada təlim-tərbiyə ilə məşğul olmaq mümkün deyil. Onlar həmçinin qeyd edib ki, soyuq aylarda körpələrin yatdığı və məşğələlərin keçirildiyi otaqları isitmək olmur. Çünki pəncərələr və döşəmə qırıq olduğundan bayırdakı soyuq hava içəri daxil olur.

Bağçanın müdiri Nigar İsgəndərova “Report”un yerli bürosuna bildirib ki, təhsil müəssisəsində şəraitsizlik səbəbindən soyuq havalarda davamiyyət də aşağı düşür: “Bağçada istilik odunla təmin olunur. Mətbəxdə elektrik enerjisi ilə bağlı yaranan problemə görə, əksər vaxtlar aşpaz uşaqların yeməyini həyətdəki ocaqlıqda bişirir. Bağçanın mövcud durumu ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etmişik”.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən isə “Report”un yerli bürosuna qeyd olunub ki, sözügedən bağçanın vəziyyəti ilə bağlı məlumatlıdırlar: “İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Sözügedən bağçanın da vəziyyəti ilə bağlı məlumatlıyıq. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Bağçanın əsaslı şəkildə təmir olunması nəzərdə tutulub”.

Qeyd edək ki, Baş Zəyzid Uşaq Bağçası 70-ci illərin əvvəllərinədək məktəb kimi, həmin vaxtdan bu günə qədər isə bağça kimi fəaliyyət göstərir.

Mənbə:”Report”

terefsiz.az