Şair, psixopedaqoq Bənövşə Mahmudqızının üsyanı

0
1710

Mən hər zaman faydalı insan olmaq istədim. Bəzən buna görə əlimdən gələndən daha artığını etdim. Noyabrda 30 yaşım tamam olacaq. Bu 30 ildə çox haqsızlığa məruz qaldım.

Demokratik ölkədə kapitalizmin iyrəncliklərinə məruz qalmaqdan nə qədər qaçmağa çalışsam da, kapitalizm qulları məni də qul təfəkkürünə salmağa çalışdılar. Bacarmadılar.

Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər zaman rast gəldiyim və haqsızlığa məruz qalanların haqqını tələb etdim, haqsızın yanında oldum. Mən haqsızlığa məruz qalarkən isə kimsənin yanımda olmasına icazə vermədim. Çünki kiməsə problem yaratmaq istəmədim, istəmirəm.

27 sentyabr, Anım günündə, şəhidlərimizin bizi qorumaq üçün axıtdıqları qanı saymayan bir dövlət işçisinin qanuna zidd olmasından əlavə, haqsız yerə zorakılığına məruz qaldım. Kişi-qadın söhbəti etməyə gərək yoxdur. Qarşımdakı şəxs sadəcə öz eqosunu təmin etmək üçün, öz formasından, formasının və ya vəzifəsinin verdiyi səlahiyyətlərdən sui istifadə edərək, mənə fiziki şiddət göstərdi.

Təsəvvür edin ki, o həm də qız atası idi. Adamı da ən çox bu təəssüfləndirir. Elə onu sırf qızının xatirinə bağışladım. Bədənimdəki xəsarətlərin mənim üçün heç bir vacibliyi yoxdur. Amma insanın haqqa-ədalətə inamının ölməsi ən böyük faciədir.

İndiyədək işə girmək üçün kimsəyə rüşvət verməmişəm, kimdənsə nəyəsə görə rüşvət almamışam, haramdan uzaq olmağa çalışmışam.

Məhz canımdakı cəsarət, haqsızlığa qarşı olmağım işlədiyim işlərdən çıxmağıma səbəb olub. Satış məsləhətçisi kimi əmək müqaviləsinə imza atırsan, işə düzələn kimi səndən xadiməçilikdən tutmuş, mağazaya aid bütün işlərin görülməsi tələb olur. Bağçaya pedaqoq kimi düzəlmək istəyirsən, Azərbaycan dili ana dili olmasına baxmayaraq, rus dili tələb edirlər, özəl bağçalarda belə ən aşağı maaşlar təklif olunur və bura həm müəllimlik, həm dayəlik daxildir.

Bir sözlə, hər iş yerində, istər dövlət, istər özəl sektorda maaşından və əmək müqaviləsində imza atdığın işdən əlavə çoxlu işlər tələb edirlər səndən. Hələ sırf səndən xoşu gəlməyən birinin tanışı olan bir yerə işləmək üçün girirsən, o səndən xoşu gəlməyən kəsin sözünə və istəyinə görə, mükəmməl gördüyün işdən deyirlər çıx.

Mən ailə təhsilli, əlavə həqiqətən öyrənmək üçün kurslara getmiş pedaqoq, psixoloq, satış mütəxəssisi, illərin şairi Bənövşə Mahmudqızı illərdir, kitabını çap etdirə bilmirəm. Sırf maddiyyata görə.

Haqsızlıq qarşısında da susmadığım üçün hətta dövlət işçisinin belə sırf öz əsəbini soyutması üçün şiddətinə məruz qalıram. Buna isə yanındakı digər əməkdaşı, həmçinin, digər şahid olan ” kişicik ” sadəcə səssiz qalır. Bu fani dünyada mənim yeganə daydayım, dostum, tanışım, sığınacağım, arxayın olduğum yeganə varlıq Allahımdır. Gün gələr hesab dönər, bəlkə….

 

BƏNÖVŞƏ MAHMUDQIZI

 

terefsiz.az